VI Qlobal Bakı Forumu çərçivəsində “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusunda panel iclası keçirilib. “Trend”in məlumatına görə, panel iclasının moderatoru Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi, Misirin sabiq xarici işlər naziri Əmir Musa mövzunun xüsusi aktuallıq kəsb etdiyini söyləyərək, əsrin sülh modelinin düşünülməli, boşluqların doldurulmalı olduğunu vurğulayıb. O qeyd edib ki, bütün dünyada, o cümlədən ərəb ölkələrində baş verən hadisələrə diqqət yetirilməlidir, insanların təhlükəsiz yaşamalarına şərait yaradılmalıdır. Böyük güclər iradə nümayiş etdirməli, sülh bərqərar olmalıdır.
Livanın sabiq Baş naziri Fuad Siniora bildirib ki, dünyada ədalətin bərpa olunması sülhə, inklüzivliyə gətirib çıxara bilər. Dünya çağırışlara cavab verməlidir. Məsələn, Fələstin problemi bu günə qədər həll olunmayan əsas problemlərdəndir. Bu problem həllini tapmasa regionda digər problemlərə də yol aça bilər. Suriyada qeyri-sabitlik hökm sürür, yüz minlərlə insan kömək gözləyir. Bu məsələ tezliklə həll olunmalıdır.
Rusiya Baş nazirinin sabiq müavini, sabiq dövlət katibi Gennadi Burbulis dünyada baş verən proseslərə diqqəti cəlb edib. O, insan hüquqlarının qorunmasının ən vacib məsələlərdən biri olduğunu deyib. Bildirib ki, bu məsələyə BMT və digər beynəlxalq təşkilatlar biganə qalmamalı və dövlətlər də dəstəyini əsirgəməməlidir.
İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlu Qlobal Bakı Forumunun problemlərin həlli istiqamətində atılacaq addımlara böyük töhfə verəcəyini söyləyib. O deyib ki, Bakı Forumu dünyada mövcud olan boşluqların aradan qaldırılması istiqamətində səmərəli müzakirələrin aparılması üçün mühüm platformadır.
Türkiyənin xarici işlər nazirinin müavini Əhməd Yıldız ölkəsinin dünyada baş verən proseslərin həllində yaxından iştirak etdiyini bildirib. O deyib ki, Türkiyə terror təşkilatlarına qarşı sərt mövqeyini qoruyur və terrorizmlə mübarizədə lazımi addımları atır. Suriya məsələsində dünya dövlətlərini ədalətli olmağa çağıran Əhməd Yıldız bu gün Türkiyədə 3,5 milyon suriyalı qaçqının olduğunu vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra dünyada mühüm dəyişikliklər baş verib. Bu dəyişikliklər hansısa formada ölkəmizə də təsir edib. Nazir qeyd edib ki, Azərbaycanın bir hissəsi işğal olunub, bir milyondan çox qaçqın, köçkün problemi yaranıb. Xalqımız etnik təmizləməyə məruz qalıb. BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr indiyədək yerinə yetirilməyib. İyirmi beş ildir ki, vəziyyət olduğu kimi qalıb. Azərbaycan mövcud münaqişələrin həlli və münaqişə vəziyyətlərindən ədalətli çıxış yollarının tapılması vasitəsilə regionda və dünyada sülh və təhlükəsizliyin tərəfdarıdır.
Elmar Məmmədyarov deyib ki, biz gələcək inkişafı proqnozlaşdırdığımız kimi görmək istəyiriksə, buna uyğun da fəaliyyət göstərməliyik. Dünya problemləri, onların nəticələrini əvvəlcədən görməli, bu problemlərin yaranmasının və yayılmasının qarşısını almalıdır.
Balkanlardakı proseslərə fərqli baxışlar…
VI Qlobal Bakı Forumu çərçivəsində “Balkan regionunun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi” mövzusunda panel iclası keçirilib. Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçən iclasda Albaniya Prezidenti İlir Meta çıxış edib.
Balkanların tarix boyu bir çox dəyişikliklərə, müharibələrə məruz qaldığını, buna görə də bu ölkələrin keçmişdən ibrət götürməli olduğunu deyən İ.Meta əlavə edib ki, hazırda bu regionda sabitlik hökm sürür və xoşbəxt gələcək qurmaq üçün bu, yaxşı fürsətdir: “Avropa İttifaqına daxil olmaq bu region üçün vacib məsələdir. Regional əməkdaşlıq nəticəsində hazırda bölgədə sülh əldə edilib. TAP, "Şahdəniz" layihələri təqdirəlayiqdir və regional enerji təhlükəsizliyinə böyük töhfədir”.
Moldovanın prezidenti İqor Dodon deyib ki, hazırda dünyada fərqli hadisələr baş verir. Bura təbii fəlakətləri, kataklizmləri və digər bu kimi hadisələri aid etmək olar. Bu cür hallara qarşı bütöv, vahid yanaşmanın olmaması vəziyyəti daha da pisləşdirir. Böyük qüvvələr öz aralarında razılığa gələ bilmir və bunun əziyyətini kiçik dövlətlər çəkir. Balkanlar da belə regionlardandır. Bu baxımdan ATƏT-in yaradılması təqdirəlayiqdir.
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi İstvan Mikola hazırda qanunsuz miqrantlara görə Balkanlarda vəziyyətin daha da pisləşdiyini bildirib. Məsələnin ciddiliyini vurğulayan macar siyasətçi bu problemin bütün dünyanın diqqətində olmasının vacibliyini deyib.
Albaniyanın keçmiş prezidenti Buyar Nişani tarixən Balkan regionunda böyük hadisələrin yaşandığını xatırladıb: “Balkanlar Avropa ilə Asiyanı birləşdirən qovşaqdır. Tarix dəyişsə də Balkanlara aid siyasi maraqlar olduğu kimi qalır. Xoş haldır ki, hazırda regionda sülh əldə edilib. Lakin bəzi problemlər hələ də həllini gözləyir”.
Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç bu gün Balkanların həm daxili, həm də xarici təsirlərə məruz qaldığını bildirib. Deyib ki, bu, bir çox hallarda iqtisadiyyatın zəifliyi ilə bağlıdır: “Uzun illər regionun müharibə meydanı olması və ifrat şovinizm də buna öz təsirini göstərir. Buna görə də, regionda bir sıra islahatlar aparılmalıdır”.
Bolqarıstanın keçmiş prezidenti Peter Stoyanov bir çox region ölkələrinin Avropa İttifaqına daxil olmaq üçün müraciət etdiklərini deyib: “Biz Avropa standartlarına uyğun, sabit Balkanlar görmək istəyirik. Bu region da Avropanın tərkib hissəsidir və burada digər Avropa ölkələri kimi sabitlik, inkişaf olunmalıdır”.
Serbiyanın keçmiş baş naziri Mirko Tsvetkoviç isə deyib ki, inkişaf etmiş ölkələrdə belə tənəzzül zamanı böyük çətinliklər yaşanır: “Kiçik dövlətlərdə isə bu özünü daha qabarıq göstərir. Buna görə də kiçik dövlətlərdən ibarət olan Balkanlar belə hallara qarşı birgə mübarizə aparmalıdır”.
Çinin taleyi dəniz yollarında, dəniz yolları isə ABŞ-ın nəzarətində…
VI Qlobal Bakı Forumu çərçivəsində “Çinin xarici siyasətini necə başa düşmək olar” adlı panel keçirilib. APA-nın xəbərinə görə, panel ABŞ-ın Paulson İnstitutunun vitse-sədri, ABŞ dövlət katibinin Cənubi Asiya və Mərkəzi Asiya regionları üzrə köməkçilərinin keçmiş müavini Evan Faygenbaumun moderatorluğu ilə baş tutub. O bildirib ki, qlobal iqtisadi qüvvə kimi Çin güc balansına geniş şəkildə təsir edir.
Makedoniya prezidenti Georgi İvanov deyib ki, XXI əsrin əsas mövzuları Çinə aid olacaq: “Bununla bağlı əks arqumentlər də var. Məşhur mütəxəssislərdən biri haqlı olaraq deyir ki, Çin bir ölkədən daha çox, qitəyə bənzəyir. Bu da Çinin iqtisadi uğurlarının məğzini təşkil edir. Çinin qarşısında bir neçə maneə var. Bunlardan biri Çinin yerləşdiyi coğrafi ərazidir. Digər tərəfdən, Çinin iqtisadiyyatı böyük miqyasda dəniz yollarından asılıdır. Bu yollar isə ABŞ silahlı qüvvələrinin nəzarəti altındadır”.
Çinin Avropa ilə bağlı təşəbbüslərini təqdir edən Makedoniya prezidentinin sözlərinə görə, Çin artıq ABŞ-ı elmi müstəvidə üstələyib: “Çinin patentlərinin sayı ABŞ-da qeydə alınan patentlərin sayından çoxdur. Eyni zamanda, Çin 2022-ci ilə qədər 166 peyk vasitəsilə şəbəkə yaratmaq niyyətindədir. Bundan başqa, 100 mindən çox çinli tələbə dünya universitetlərində təhsil alır. Bu tələbələr Çinə qayıtdıqdan sonra öyrəndiklərini Çinin inkişafına yönəldirlər. Əlbəttə, bütün bunlar Çinin qlobal iqtisadi gücə çevrilməsinə xidmət edir”.
Serbiyanın sabiq prezidenti Boris Tadiç bildirib ki, ABŞ Çinin strateji tərəfdaşıdır: “ABŞ və Çinin iqtisadiyyatları bir-birindən çox asılıdır. Çin qlobal arenada çox önəmli və böyük bazardır. Eyni zamanda, Çin çox geniş şəkildə Latın Amerikasına, Afrikaya sərmayələr yatırır. Lakin Çin öz strategiyasını həyata keçirmək üçün qarşılaşdığı texniki problemləri həll etməli, yeni texnologiyalar əldə etməlidir. Burada dil və mədəni fərqliliklər də öz təsirini göstərir. Çin böyük bir ölkədir. Əhalisinin sayına görə dünyada lider olan Çin iqtisadi baxımdan gələcəkdə də birinci olacaq”.
Çinin öz silahlı qüvvələrinə böyük vəsait ayırdığını söyləyən sabiq prezidentin sözlərinə görə, Çinin Asiyada əsas rəqibi Yaponiyadır.
Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutunun Avropa məsələləri üzrə vitse-prezidenti Lian Ciençuan qeyd edib ki, Çin üçün başqa ölkələrlə mövcud münasibətlər çox önəmlidir: “Digər tərəfdən, Çin öz prinsiplərini əsas götürərək praktikada tətbiq edəcək. Çin ilk olaraq, sülh şəraitində yaşamaq prinsipini rəhbər tutur. Bununla da, Çin öz qonşuları ilə əlaqələri daha da genişləndirmək niyyətini güdür. Bütün dinlərin və sivilizasiyaların bərabər tutulması da Çin üçün prioritetdir. Biz insanların seçimlərinə hörmətlə yanaşmalıyıq”.
L.Ciençuan bildirib ki, Pekin Cənubi Çin dənizində öz legitim hüquqlarını, maraqlarını daima müdafiə edəcək: “Cənubi Çin dənizində vəziyyət indi daha sakitdir. Cənubi Çin dənizi hövzəsində yerləşən başqa dövlətlər Çinlə birgə vəziyyətin daha da stabil olmasına çalışır. Onu da xüsusi vurğulayım ki, Çin öz ideologiyasını xarici ölkələrə ixrac etmir və başqa dövlətlərin daxili işlərinə qarışmır”.
Qərb demokratiyasının Çinə ixracını mümkün hesab etməyən Macarıstanın keçmiş baş naziri Peter Medeşi Çinin öz yolu ilə hərəkət etdiyini, bu yolun ənənələrə adekvat olduğunu vurğulayıb: “Çin dünyada ikinci güc kimi yer tutmaqdadır. Çində dəyişikliklər çox aramla baş verir. Bu gün Çinin çox güclü rəhbəri var və onun gələcəyə baxışı aydındır. Çin növbəti illər ərzində daha fəal olacaq. Çox güman ki, Çin suverenliyini mühafizə edib saxlayacaq, eyni zamanda çox sərt xarici siyasət yürüdəcək. Onu da unutmaq olmaz ki, Çinin hərbi xərcləri gündən-günə artır”.
Nepalın sabiq baş naziri Madhav Kumar Çini ölkəsinin uğurlu tərəfdaşı adlandırıb.
Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutunun Avropa məsələləri üzrə vitse-prezidenti Lian Ciençuan deyib ki, Azərbaycan "Bir kəmər, bir yol" layihəsində vacib rola malikdir. O bildirib ki, qarşılıqlı mənfəətlərə əsaslanaraq Çin və Azərbaycan əl-ələ əməkdaşlığı inkişaf etdirir: "Çin həm də regionda əməkdaşlıq üçün çalışır. Biz həm Azərbaycan, həm də Çin üçün parlaq gələcəyə ümid edirik".
L.Ciençuan qeyd edib ki, Azərbaycan regiondakı unikal mövqeyinə görə Çinin "Bir kəmər, bir yol" layihəsində vacib rola malikdir: "Ümid edirik ki, bunun çərçivəsində qarşılıqlı mənfəət uğrunda çoxlu layihələr gerçəkləşdiriləcək".
Bakı Forumu Balkanlarda bir neçə problemə çarə tapmış kimi təqdim olundu
Bakı Forumunun keçirilməsi ilə Azərbaycan təkcə regional yox, həm də dünya səviyyəsində təcrübə mübadiləsi üçün məkan yaradıb. “Trend”in məlumatına görə, bunu VI Qlobal Bakı Forumu çərçivəsində Moldova Prezidenti İqor Dodon deyib.
O qeyd edib ki, forum Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunub: “Biz bir neçə regiona aid olan vacib məsələləri müzakirə etdik. Mənim iştirakımla Balkanlardakı vəziyyətin müzakirəsi baş tutdu. Bu bölgədə həll olunmamış bir neçə problem mövcuddur. Mən hesab edirəm ki, bu problemlər Bakı forumunda layiqincə işıqlandırıldı”.
Albaniya Prezidenti isə deyib ki, Azərbaycan tərəfindən təşkil olunan və Bakıda keçirilən qlobal forum böyük əhəmiyyət daşıyır və ölkələr arasında əməkdaşlığa və sülhə böyük töhfə verir. O qeyd edib ki, Bakı forumu prezidentlərin, ölkə nümayəndələrinin, ekspertlərin bir yerə toplaşaraq beynəlxalq əhəmiyyətli məsələlərin açıq və konstruktiv müzakirə etdiyi məkandır: “Azərbaycan bizə bu məsələlərin müzakirəsi üçün qiymətli platforma təqdim edib və mən bu forumun iştirakçısı olmaqdan məmnunam”.
Albaniya Prezidenti qeyd edib ki, bu formatda tədbirlərin keçirilməsi müasir dünyanın üzləşdiyi qlobal problemlər baxımından böyük əhəmiyyət kəsb edir.
Serbiyanın sabiq prezidenti Boris Tadiç Qlobal Bakı Forumunun Azərbaycanın dünyada nüfuzunu və rolunu artırdığını xüsusi vurğulayıb
B.Tadic indiyə qədər keçirilən forumlarda iştirak etdiyini diqqətə çatdırıb: “Bu forumun əhəmiyyətini nəzərə alaraq hər dəfə burada iştirak etmək üçün Bakıya gəlirəm”.
Sabiq prezident vurğulayıb ki, bu forum səmərəli müzakirələrin aparılmasına imkan yaratmaqla yanaşı, Azərbaycanın dünyada nüfuzunu və rolunu artırır.
O qeyd edib ki, Azərbaycan bütün mədəniyyətlərə və müxtəlifliyə hörmətlə yanaşır: “Azərbaycan bu istiqamətdə dünyaya mühüm töhfələr verir və bu səbəbdən ölkənin beynəlxalq nüfuzu artır. Bu forumda təmsil olunduğum üçün çox məmnunam”.
Xəbər xidməti