Qabil Hüseynli: “Biz bu vasitə ilə özümüzü narahat edən problemlər, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi haqda həqiqətləri dünyaya çatdıra bilirik”
Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu başlayıb.
Üç gün davam edəcək VI Qlobal Bakı Forumu çərçivəsində “Güc anlayışı: böyük güclər və digərləri”, “Meydana çıxan yeni güclər”, “Çoxluqlar azlıqlara qarşı”, “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq”, “Balkan regionunun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi?”, “Çinin xarici siyasətini necə başa düşmək olar”, “Kapitalizm: İqtisadi inkişaf ətraf mühitin deqradasiyasına ziddir?”, “İnternetin üstünlükləri və yaratdığı çətinliklər”, “Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik”, “Elm və siyasət” və “Dini-mədəni müxtəliflik - siyasi liderlik üçün hansının rolu daha önəmlidir?” mövzularında panellər keçiriləcək. Qeyd edək ki, forumun işində Albaniya prezidenti Ilir Meta, Makedoniya prezidenti George İvanov, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyəni baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstin baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya baş nazirinin müavini Ana Birçall da daxil olmaqla, 10-dan çox ölkənin prezidenti, baş naziri və xarici işlər nazirləri iştirak edirlər. Eyni zamanda, tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq ölkə və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərin, alimlərin də daxil olduğu 500 nəfərə yaxın qonaq iştirak edir.
Göründüyü kimi, keçirilən tədbirdə müzakirə edilməsi nəzərdə tutulan mövzular olduqca əhəmiyyətli sahələri əhatə edir və dünyanın diqqət mərkəzindədir. Xüsusilə də Yaxın Şərq və Balkanlarda mövcud olan mürəkkəb konfliktlərin həlli ətrafında müzakirələrin məhz Bakıda aparılması da diqqətdən yayınmır. Bunun ölkəmiz və münaqişə tərəfləri üçün nə kimi əhəmiyyəti ola bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ölkəmizin belə tədbirlərə evsahibliyi etməsi çox qürurvericidir: “Hazırda keçirilən tədbirdə müzakirə olunması nəzərdə tutulan mövzulara və iştirakçıların kimliyinə fikir verin. Mövzular çox əhəmiyyətli sahələri əhatə edir. Qonaqlar isə olduqca sanballıdır. Bilirsiniz ki, dünyada çox ciddi problemlər və konfliktlər mövcuddur. Onların aradan qaldırılması, həlli yollarının tapılması üçün mütləq mənada müzakirələr aparılmalı, həll düsturları tapılmalıdır. Sivilizasiyalar arasındakı dialoq və gərginliklərin aradan qaldırılması müasir dünyanın əsas problemlərindəndir. Çünki dini zəmində, fərqli sivilizasiyaların bir-birilə qarşıdurması nəticəsində çoxlu regional və bəzən də qlobal münaqişələr törəyir. Bunu yaradan problemlərdən biri də odur ki, sivilizasiyalararası dialoq lazım olduğu qədər həm praktiki, həm də nəzəri baxımdan işlənib hazırlanmayıb. Bakıda bu məsələ elmi-nəzəri formada, müxtəlif panel müzakirələrində araşdırılacaq. Bilirsiniz ki, Yaxın Şərqdə eyni sivilizasiyaya aid olan müxtəlif məzhəblər arasında çatışmalar baş verir. Eyni zamanda, xristian sivilizasiyasının da müdaxiləsi hiss olunur. Yaxın Şərqdə iudaizmlə xristianlıq, xristianlıqla müsəlman sivilizasiyaları arasında uzun illərdir hərbi qarşıdurmalar davam edir. Bütün bu baş verənlər də məhz sivilizasiyalararası çatışmanın bir forması kimi təqdim edilə bilər. Bakıdakı tədbir də bu məsələnin həm nəzəri, həm də praktiki aspektlərini araşdırmalı və tövsiyələr hazırlamalıdır. Eləcə də bu problemi Balkanlara aid edə bilərik. Belə ki, onun da ətrafında vacib müzakirələr olacaq. Bu cür tədbirlərə evsahibliyi etməyimiz dünyada Azərbaycanın rolunu əhəmiyyətli edir. Eyni zamanda, biz bu vasitə ilə özümüzü narahat edən problemlər, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi haqda həqiqətləri dünyaya çatdıra bilirik. Tədbirdə Dağlıq Qarabağ probleminə də toxunulmalıdır. Çünki ermənilər əksər hallarda özlərinin işğalçılıq siyasətini guya xristian dininə və sivilizasiyasına mənsub olmaları ilə bağlayaraq, bütün xristian dünyasından kömək istəyirlər. Bir çox halda isə özlərinin saxta, qondarma addımlarına, işğalçılıq siyasətlərinə müxtəlif don geyindirərək, bunu, guya müsəlman sivilizasiyasının təcavüzünün nəticəsi kimi göstərməklə, beynəlxalq ictimai rəydə yalnız təsəvvürlər formalaşdırırlar. Bakıda keçirilən bu tip tədbirlərdə müxtəlif sivilizasiyaların nümayəndələri, siyasiləri iştirak edirlər. Burada sivilizasiyalararası toqquşmanı doğuran səbəblərlə yanaşı, Ermənistan-Azərbaycan münaqişəsində sivilizasiyalararası toqquşmanın olmadığı, bunun Ermənistanın təcavüzkar siyasətinin nəticəsi olması da Azərbaycan tərəfindən dünyana çatdırılacaq. Bura gələn qonaqlar da görəcəklər ki, Azərbaycan işğala məruz qalmış bir ölkədir. Bu işğalın hər hansı bir sivilizasiya ilə heç bir əlaqəsi yoxdur. Özü də bir məqama diqqət etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi elə bir dövrdə başlamışdı ki, hər iki tərəf sosialist ideologiyasının hakim olduğu bir məkana daxil idi. Yəni buradan da açıq şəkildə görünür ki, bunun sivilizasiyalararası çatışmalarla heç bir əlaqəsi yoxdur. Sübuta yetiriləcək ki, bu sırf təcavüzkar niyyətlərdən qaynaqlanır”.
Məhəmmədəli QƏRİBLİ