Elçin Mirzəbəyli: “Konkret olaraq imzatoplama kampaniyası, onun necə keçdiyi barədə fikir mübadiləsi aparıldı” Tural Abbaslı: “Mən bu görüşü seçkiöncəsi mühitin öyrənilməsi baxımından faydalı hesab edirəm"
ATƏT Parlament Assambleyasının (PA) Azərbaycanda prezident seçkisi ilə bağlı qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) Azərbaycanda prezidentliyə namizədlərlə görüşüb.
Görüşdə qeydə alınan prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov, qeydə alınan prezidentliyə namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli, qeydə alınan prezidentliyə namizəd Araz Əlizadə, qeydə alınan prezidentliyə namizəd Fərəc Quliyev, qeydə alınan prezidentliyə namizəd Razi Nurullayev, qeydə alınan prezidentliyə namizəd Zahid Oruc, qeydə alınan prezidentliyə namizəd Hafiz Hacıyev, prezidentliyə iddialılar Əli Əliyev, Sərdar Cəlaloğlu və Tural Abbaslı iştirak ediblər. Bu formatda keçirilən görüşdə nələr müzakirə edilib?
Görüşün iştirakçısı olan qeydə alınan prezidentliyə namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli qəzetimizə bildirdi ki, məlum görüş konfidensial xarakter daşımayıb: “Məlum görüşdə qeydə alınan prezidentliyə namizədlər və onların nümayəndələri iştirak edib. Həmçinin, namizədliyi qeydə alınmayan, lakin sənədləri MSK-ya təqdim olunan namizədlər də dəvət edilmişdi. Ümumi müzakirə aparıldı, bu, bir növ, tanışlıq məqsədi daşıyırdı. Azərbaycan siyasətinə baxış, münasibətlə bağlı hər kəsin fikirləri öyrənildi. Seçki prosesinin bu günə olan vəziyyətilə bağlı fikirlər dinlənildi. Konkret olaraq imzatoplama kampaniyası, onun necə keçdiyi barədə fikir mübadiləsi aparıldı. Xüsusilə də kimin hansı formada imza topladığı, maneələrlə üzləşib-üzləşmədiyi haqda da sual-cavab oldu. Prezidentliyə namizədlər və onların səlahiyyətli nümayəndələri imzatoplama kampaniyasında çətinlik və maneələrlə üzləşmədiklərini bildirdilər. Eyni zamanda, 45 min imzanın toplanması prosesinin çətin olduğunu da qeyd etdilər. Seçki prosesinin bundan sonrakı mərhələsilə bağlı da fikir mübadiləsi aparıldı. Həmin müzakirələrin içərisində görüşlərin və debatların hansı formada keçiriləcəyinə münasibətlər açıqlandı. Yəni ümumi kontekstdə müzakirələr aparıldı. Sonra da ATƏT Parlament Assambleyasının nümayəndəsini maraqlandıran suallara cavab verdik”.
Prezidentliyə namizədliyi irəli sürülən və həmin görüşün iştirakçısı olan Tural Abbaslının sözlərinə görə, görüşdə Azərbaycandakı seçki vəziyyəti müzakirə olunub, bu istiqamətdə fikir mübadiləsi aparılıb: “Görüş normal keçdi. Əsas müzakirələr missiya təmsilçisinin sualları ətrafında getdi. Koordinator Azərbaycandakı seçki mühiti ilə bağlı fikirlərimizi soruşdu, bu istiqamətdə müzakirələr apardıq. Hər kəs çox sərbəst və rahat şəkildə öz fikirlərini səsləndirdi. Sevindirici hal o oldu ki, müxtəlif siyasi qütblərin təmsilçiləri bir-birinə qarşı dözümlü oldular və siyasi etiketə uyğun olaraq hörmətlə yanaşıldı. Hətta konfliktli məsələlərin müzakirəsi zamanı da etiket qaydaları pozulmadı. Ümid edirəm ki, qeydə alınsaq, televiziya debatları da bu səviyyədə qarşılıqlı hörmət və dözümlülük şəraitində keçər. Siyasətdə təhqirlərin yeri olmamalıdır.
Ümumiyyətlə isə mən orada missiyanın rəhbəri Nilza Senaya bildirdim ki, biz “AĞ partiya” olaraq ATƏT-ə, digər müşahidə aparacaq beynəlxalq qurumların səmimiliyinə və obyektivliyinə inanmıram. Onlar adətən hər seçkini “demokratiyaya doğru növbəti addım” kimi qiymətləndirirlər. Həmçinin, müşahidə aparmağa gələcək nümayəndələrin Azərbaycan Seçki Məcəlləsi və seçki reallıqlarından xəbərsiz olmalarını da rəhbərin nəzərinə çatdırdım. Koordinator isə bildirdi ki, seçkilərin müşahidəsi obyektiv şəkildə həyata keçiriləcək. Sonra xanım Senanın sualları ətrafında namizədlərin fikirləri dinlənildi. Suallar əsasən seçkinin vaxtının dəyişdirilməsi, hazırkı seçkilərdəki müsbət və mənfi tərəflər, namizədlər üçün pulsuz efir vaxtı, imzatoplama mərhələsindəki problemlər və s. əhatə edirdi. Görüş 3 saata yaxın davam etdi. Mən bu görüşü seçkiöncəsi mühitin öyrənilməsi baxımından faydalı hesab edirəm".
Məhəmmədəli QƏRİBLİ