Qulu İsmayılov: “Burada siyasi səbəblər nəzərə çarpır”
Cənub qonşumuz olan İran Ermənistanla yeni bir iqtisadi izdivacın astanasında olduğunu bəyan edib. Söhbət müsəlman ölkəsinin öz dindaşlarının torpağını işğal edən bir dövlətə növbəti yardım əlini uzatmasından gedir.
Məlum olduğu kimi, yürütdüyü işğalçı siyasət səbəbindən regionu əhatə edən bütün iqtisadi layihələrdən kənarda qalan Ermənistana ən güclü nəfəsliyi məhz İran verir. Bu azmış kimi, bu iki ölkə müxtəlif meqalayihələrdə iştirakla bağlı anonslar da verirlər. Bundan əvvəl verilən anonsların heç biri özünü doğrultmadı və məlum oldu ki, həmin layihələr ərsəyə gəlməyəcək. Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan, İran və Rusiya birgə enerji dəhlizinin yaradılması məsələsi ətrafında müzakirə apardıqlarını elan edəndən dərhal sonra İrandan Ermənistanla bağlı yeni layihənin ərsəyə gələcəyi barədə xəbər dövriyyəyə buraxıldı. Bildirilir ki, İran, Rusiya, Ermənistan və Gürcüstan arasında elektrik enerjisi şəbəkələrinin “Şimal-Cənub” dəhlizi adlı layihəsi 2019-cu ildə istifadəyə veriləcək. Layihə ölkələrin enerji şəbəkələrinin birləşdirilməsini nəzərdə tutur.
Qeyd edilib ki, “Ermənistanın Avrasiyadakı mühüm mövqeyini” nəzərə alan İran iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən üçüncü elektrik xəttinin çəkilişi, üç və dördtərəfli Şimal-Cənub elektrik xətti koridorunun yaradılmasına dair razılıq, avtomobil və dəmir yolu dəhlizləri sahəsində əməkdaşlıq, Ermənistana ixrac olunan təbii qazın həcminin artırılması və s. sahələrdə səylər göstərib.
Çox maraqlıdır, bu layihə daha çox hansı ölkəyə lazımdır? İran istəsə, elektrik enerjisini bu sahədə yaxşı imkanlara malik olan digər quru sərhəd qonşuları - Rusiya, Azərbaycan və Türkiyədən birbaşa ala bilər. Gürcüstan da bunu Ermənistanın iştirakı olmadan edə bilərsə, belə razılaşma daha çox kimə sərf edir?
İqtisadçı Qulu İsmayılov qəzetimizə bildirdi ki, bu doğrudan da maraqlı bir təşəbbüsdür: “Hələ bir müddət əvvəl İran rəsmiləri bu istiqamətdə Azərbaycanla ciddi əməkdaşlıq etmək niyyətlərini ortaya qoydular. Həmin vaxt bildirildi ki, İran Azərbaycan və Rusiya ilə birlikdə enerji mübadiləsi üçün regional enerji bazarı yaratmaq niyyətindədir. İran rəsmiləri bu qənaətə ona görə gəliblər ki, hər üç ölkənin enerji istehsalı üçün yüksək potensial mövcuddur. Buna görə də regional enerji bazarı yaratmağa çalışırlar. Regional enerji bazarı məsələsi hazırda Avropa ölkələri arasında mövcuddur. Mövcud vəziyyəti nəzərə alsaq, İran, Azərbaycan və Rusiya arasında da bu bazarı yaratmaq imkanları daha genişdir. İranın şimal, qərb və şərqdəki qonşu ölkələrlə yanaşı, Azərbaycanla da elektrik şəbəkəsi bir-birinə birləşdirilib. Hazırda onlarla bizim aramızda elektrik enerjisi qarşılıqlı mübadilə edilir.
Azərbaycan və İran arasında sərhəd çayları üzərində elektrik stansiyalarının tikintisi və bəndlərin salınması sahəsində də əməkdaşlıq var. Xudafərin və Qız Qalası su bəndlərinin idarə edilməsi, eləcədə iki ölkənin sərhəd çayları və su mənbələrinin bölüşdürülməsi sahəsində ölkələrimiz arasında çox sıx əməkdaşlıq var. İran və Azərbaycan arasında sərhəd çayları və su resursları sahəsində ən uğurlu əməkdaşlıq nümunəsi mövcuddur. Ancaq İranla Ermənistanın iştirak etmək istədiyi format üçün biz sadaladığımız məzmunda əsaslandırıcı fikirlər tapa bilmərik. Burada bir maraq hiss edilir, Ermənistanı daha yaxşı enerji ilə təmin etmək. Mənə elə gəlir ki, Gürcüstan və İran üçün Ermənistanla eyni layihədə iştirak etmək rentabelli deyil. Burada siyasi səbəblər nəzərə çarpır”.
Məhəmmədəli QƏRİBLİ