Dünya tarixinin ən böyük imperiyalarından bəhs edərkən onlar sırasında İngiltərə və Rusiyanın adı hər zaman xüsusi olaraq çəkilir. Çünki bu iki ölkənin tarix boyu gedişləri kifayət qədər böyük coğrafi məkanlarda həm hadisələrin axarını, həm də xalqların taleyini dəyişib. Eyni zamanda, zaman-zaman gah mütəffiq olan tərəflər gah da bir-birinə qarşı gizli və ya açıq savaşla da dünya nizamının qurulmasına əsaslı surətdə təsir göstərib.
Tarixə qısa nəzər salanda tərəflər arasında savaş fonunda daha çox diqqət cəlb edəni XVIII əsrdə yaşananlar, ilk növbədə də yeddiillik müharibədir. Məlumdur ki, yeddiillik müharibə 1756-1763 illərini əhatə edən və Avropanın bir çox dövlətinin qatıldığı böyük müharibədir. Müharibənin səbəbi Fransa və Böyük Britaniyanın müstəmləkə yarışı, həmçinin Avstriya və Prussiyanın Orta Avropada hegemon olmaq istəməsi idi. Böyük Britaniya, güclü dəniz dövləti olmasına baxmayaraq, qitə Avropasındakı döyüşlərdə iştirak etmirdi və müttəfiqi Prussiyaya güvənirdi. Böyük Britaniya-Prussiya ittifaqına qarşı Fransa, Avstriya, Rusiya, İspaniya və İsveç dövlətləri iştirak etmişdi. Maraqlıdır ki, burada bir-birinə qarşı mütəffiqdlər vasitəsilə savaş aparan Rusiya və İngiltərə sonda mövqelərini möhkətləmiş şəkildə savaşdan ayrıldı. Belə ki, yeddillik müharibənin mühüm hərbi-siyasi nəticəsi Avropada qüvvələr nisbətinin dəyişməsi oldu. Fransız və ispan müstəmləkələrinin mühüm hissəsinə yiyələnən Böyük Britaniya ən qüdrətli dəniz dövlətinə çevrildi. Müharibədən xeyli zəifləmiş Fransa daxili ziddiyətlər içində qalaraq burjua inqilabına daha da yaxınlaşdı. Müharibədən tükənən Avstriya Osmanlı imperiyasına qarşı Rusiya ilə yaxınlaşmağa başladı. Rusiya böyük Avropa qüvvəsi kimi mövqelərini möhkəmlətdi.
Avropa dövlətləri arasında həmrəyliyin pozulmasında mühüm əhəmiyyətə malik 1848-1849-cu illər inqilabları da Rusiya və İngiltərənin münasibətlərinə təsirsiz ötüşmədi. 1853-1856-cı illər Krım müharibəsi fonunda bu hal özünü daha qabarıq büruzə verdi. Həmin vaxt yaranmış şəraitdə Rusiyanın əlinə Qara dəniz boğazlarına müdaxilə etmək üçün fürsət düşmüşdü. Avropa dövlətlərindən İngiltərə Qara dəniz boğazında, qüdrətli Rusiyadansa, zəif Türkiyənin olmasına üstünlük verirdi. Həmin vaxt rus çarı Birinci Nikolay 1853-cü il yanvarın 9-da ingilis diplomatik korpusu Çar sarayında olarkən İngiltərənin Rusiyadakı səfiri Seymur Hamiltona yaxınlaşaraq, Türkiyənin gələcəyinə İngiltərənin münasibətinin necə olacağı fikrini öyrənmək istədiyini bildirdi. Səfir Rusiyanın mövqeyini İngiltərə hökumətinə çatdırmağa söz verdi. Bir aydan sonra, fevralın 9-da İngiltərənin katibi Con Rosselin imzası ilə Rusiyanın mövqeyinə İngiltərənin kəskin mənfi münsibətini bildirən cavab gəldi. Bu fonda 80 minlik rus ordusunun Prut çayını keçərək Moldova və Valaxiyanı işğal etməsi ilə ingilis donanması Qara dəniz boğazlarına yeridildi. Hadisələrin sonrakı gedişi Rusiyanın məğlubiyyəti və onun Qara dənizdə hərbi donanma saxlamaq hüququnu itirməsi ilə nəticələndi. Birinci Dünya müharibəsində isə bu iki ölkə mütəffiq oldu. Bu müharibəyə iki alyansda birləşən dünyanın ən böyük güc mərkəzləri qoşulmuşdu: "Antanta"da İngiltərə, Fransa və Rusiya, "Üçlər İttifaqı"nda isə Almaniya, Avstriya-Macarıstan və İtaliya var idi. Amma Rusiyada məlum okytyabr inqilabı və bolşeviklərin hakimiyyətə gəlişi ilə İngiltərə yenidən Rusiyaya düşmən oldu. İkinci Dünya müharibəsinin gedişində birinci dünya müharibəsindən sonra yaranmış geosiyasi sistemlər yenidən quruldu. Bu dəfə də İngiltərə və Rusiya alman faşizminə qarşı mütəffiqə çevrildi. Amma savaşın bitməsi onları yenidən rəqibə, soyuq müharibənin qarşı cinahlarında yer alan tərəflərə çevirdi. İndiyə qədər də bu hal davam edir. Xüsusən də son günlərdə tərəflərin münasibəti daha sürətlə pisləşir. Əsas səbəb də keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripal və onun qızı Yuliyanın Britaniyada zəhərlənməsi olayında Londonun Moskvanı ittiham etməsidir. İngiltərə bunu ölkəsinə qarşı kimyəvi hücum kimi xarakterizə edir. Britaniya baş naziri Tereza Mey bildirir ki, hücumda istifadə olunmuş zəhər Rusiya tərəfindən hazırlanan və hərbidə istifadə olunan "Noviçok" adlanan sinir qazıdır.
Qeyd edək ki, 2006-cı ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovnik-leytenantı Aleksandr Litvinenko da Londonda zəhərlənmişdi. Aleksandr Litvinenko London otelində ölümcül "Polonium-210" qatılmış çay içdikdən üç həftə sonra vəfat edib. Bundan bir müddət sonra rusiyalı oliqarx Boris Berezovski eyni aqibətlə üzləşib. Berezovskinin daha bir tərəfdaşı Yuri Qolubev 2007-də Londonda ölü tapılıb. 2012-ci il noyabrın 9-da çox nadir zəhərli maddə ilə Surrey qraflığında qətlə yetirilən, Rusiyadakı korrupsiya faktlarını çox gözəl bilən rus sahibkar Aleksey Perepeliçninin ölümündəki müəmmalar hələ də çözülməyib. Perepiliçni 2009-da Rusiyadan Londona qaçıb və bank köçürmələri haqda ən yüksək səviyyədə korrupsiyanın sübutlarını qeydlər halında İsveçrə hökumətinə təqdim edib. 2012-də qaçış zamanı onda ürəktutması baş verib. Britaniyada bu ölüm hadisələrinin təsadüf olmadığını və hər birində Kremlin əlinin olması ehtimallarının yüksək olduğunu bildirirlər. Ümumiyyətlə, Rusiyanı son 20 ildə Britaniya torpağında, ən azı, daha 14 nəfərin qətlinin təşkilində şübhəli bilirlər. “New York Times” qəzeti yazır: “Heç bir böyük dövlət Rusiya qədər xaricdə onun maraqlarını satmış kimi görünənlərə qarşı qətldən sistemli və qəddarcasına faydalanmır. Rusiya hüdudlarından kənarda qətl hətta 2006-da ölkə parlamentində qanuni status alıb”. Hazırda baş verənlər, Sergey Skripal olayı Rusiya və İngiltərənin bir-birinə qarşı daha sərt mövqe tutması ilə müşyiət edilir. Hətta bu gedişlə tərəflərin yenidən hərb cəbhəsində üz-üzə gələ biləcəyi iddiaları da səslənir.
NAHİD