Seyid Camal Əzimbəyli: “Bütün bunlar cəmiyyətin ümumi ovqatına müsbət təsir edir”
BMT 2018-ci ildə dünyanın ən xoşbəxt ölkələrinin yer aldığı hesabatını dərc edib. Hesabatdan məlum olub ki, Azərbaycan reytinq siyahısının 87-ci pilləsində qərarlaşıb. Reytinq tərtib olunan zaman əhalinin gözlənilən uzunömürlülüyü, sosial təminatı, korrupsiyanın səviyyəsi və s. kimi göstəricilər nəzərə alınır.
Siyahıda 156 ölkə yer alıb. Ən xoşbəxt ölkə Finlandiya hesab edilib. İkinci yeri ötənilki lider Norveç, üçüncü yeri isə Danimarka tutub. İlk onluğa İslandiya, İsveçrə, Niderland, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya daxil olub. Erməni mətbuatı fakt barədə yazsa da, Ermənistanın siyahıda olub-olmadığı barədə bir şey yazmayıb. Demək ya Ermənistan siyahıda yoxdur, ya da ən son yerlərin birindədir.
Ümumilikdə, sözügedən siyahı hazırlanarkən təkcə maddi parametrlər əsas götürülmür. Yəni ölkə varlı ola bilər, amma vətəndaşı xoşbəxt olmaya bilər və ya əksinə. Burada digər məqamlara da diqqət edilir. Belə məlum olur ki, insanın xoşbəxt olması üçün təkcə pulun olması bəs deyil. Elə ölkələr var ki, aylıq gəliri çox yüksəkdir, amma onların vətəndaşları heç də xoşbəxt deyillər. Ancaq azgəlirli elə ölkələr də var ki, insanları özlərini daha xoşbəxt sayırlar. Bir neçə il əvvəl yoxsul ölkə olan Panamada əhalinin özünü xoşbəxt hiss etdiyi məlum olmuşdu. Dünyada xoşbəxtliyi müəyyənləşdirmək üçün konkret metodologiyadan istifadə olunur. Belə ki, həmin metodologiya əsasında ölkələrin və orada yaşayan insanların xoşbəxt olub-olmamasını müəyyənləşdirməyə çalışırlar. BMT tərəfindən dəstəklənən dünyanın xoşbəxt ölkələri ilə bağlı indeksi hesablayan zaman bu metodologiyadan istifadə olunur. Bunun üçün müxtəlif metodlardan istifadə etməyə də çalışırlar. Məsələn, vətəndaşlar arasında sorğular keçirir, eyni zamanda, BMT-nin İnkişaf Proqramının insan inkişafının hesabatına uyğun olaraq, ölkədə uzunömurlülük göstəricisi, təhsil və səhiyyə sistemi nəzərə alınır. Həmçinin, bu indeks hesablanan zaman ekoloji mühit də əsas götürülür. Göründüyü kimi, konkret metodologiyadan istifadə olunsa belə, bu üsullar çox sadədir.
Şübhəsiz ki, Azərbaycanın siyahıda yer alması yaxşı göstəricidir. Ən azından, nəzərə almaq lazımdır ki, Azərbaycan yüzlükdə yer alıb. Çox güman ki, növbəti illərdə Azərbaycanla bağlı göstəricilər daha da yaxşılaşdırılacaq. Bütün hallarda, Azərbaycanın sözügedən siyahıda yer alması nəyin hesabına olub?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəyli bunu bir sıra amillərlə əlaqələndirdi: “Hesab edirəm ki, bunun başlıca səbəbi ölkədə həyata keçirilən məqsədyönlü siyasətdir. Məsələ ondadır ki, Prezident İlham Əliyev, bütün sahələrdə olduğu kimi, sosial sahədə də ədalətli siyasət yeridir. Ölkədə bütün zümrələrin maraqları qorunur və bu siyasət davamlı hal alıb. Eyni zamanda, dövlətin yeritdiyi siyasət qonşu ölkələrlə mehriban münasibətlərin qurulmasını özündə ehtiva edir. Yeganə Ermənistan buna əməl etməyərək torpaqlarımızı işğal edib. Bununla yanaşı, Azərbaycan xalqı tolerant, qonaqpərvər xalqdır. Azərbaycan xalqı kiminsə torpağına, malına göz dikmir. Ölkədə yaşayan və müxtəlif dinləri təmsil edən vətəndaşlara, etniklərə münasibət yaxşı səviyyədədir. Hətta bu, bir sıra ölkələrə nümunə olacaq səviyyədədir. Bizim xalq həm də çox zəhmətkeşdir. Ən çətin şərtlər altında belə, əməksevərdir. Bütün bunlar, əlbəttə ki, cəmiyyətin ümumi ovqatına müsbət təsir edir. O səbəbdən keçirilən sosioloji sorğular və digər araşdırmalar cəmiyyətin əhval-ruhiyyəsini özündə ehtiva edir. Bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Azərbaycanın Qarabağ boyda böyük dərdi var. Hesab edirəm ki, torpaqlar işğaldan azad ediləndən sonra Azərbaycan xoşbəxt ölkələr arasında ən öncül yerdə qərarlaşacaq. Tanrı bu işdə bizə kömək olsun! Çünki Azərbaycanın başlıca problemi məhz budur. İnşallah, bu məsələ də ədalətli şəkildə öz həllini tapacaq və torpaqlar işğaldan azad olunacaq”.
Vidadi ORDAHALLI