Qasım Hacıyev: “Biz Ermənistan rəsmilərinin də gündəlik çıxışlarını, fikirlərini, xarici səfərlərini, keçirdikləri görüşləri, apardıqları danışıqları yaxından izləyirik”
Bu gün də azərbaycanlılara qarşı ərazi iddialarından əl çəkməyən ermənilərin məkrli planlarının ifşa edilməsi istiqamətində köklü işlər həyata keçirilir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsində bu sahədə genişmiqyaslı işlər görülür. Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi şöbə bütövlükdə erməni məsələsini araşdırır. Q.Hacıyevin sözlərinə görə, Ermənistanın həyata keçirdiyi anti-Azərbaycan siyasətinə qarşı mübarizədə hər zaman aktivlik göstərirlər.
Şöbənin 2 ilə yaxın bir müddətdə yarandığını deyən Q.Hacıyevin bildirdiyinə görə, şöbə əməkdaşları erməni dili, tarixi üzrə yüksək səviyyəli mütəxəssislərdir: “Qafqazşünaslıq İnstitutu özü 3 ilə yaxındır yaradılıb. Onun nəzdində Ermənişünaslıq şöbəsi isə iki ilə yaxındır fəaliyyət göstərir. Mən uzun illərdir erməni məsələsi ilə, ermənişünaslıqla bağlı araşdırmalar aparıram. Mən ermənilərin həm keçmişi, həm də müasir vəziyyətlərini araşdırıram. Bilirsiniz ki, hələ münaqişə başa çatmayıb, ərazilərimiz erməni işğalı altındadır. Ermənilərə qarşı mübarizəmizi davam etdiririk. Onların ölkəmizlə bağlı apardıqları anti-Azərbaycan təbliğatının qarşısını almaq üçün işlər görürük, yazılar, məqalələr hazırlayıb yayırıq. Bu baxımdan, erməni tarixinə, siyasətinə aid problemlərin öyrənilməsində əməkdaşlarımız çox işlər görürlər. Bizim şöbədə həm də Ermənistanın müasir durumu, iqtisadiyyatı, mədəniyyəti dərindən öyrənilir. Ermənilərin Azərbaycana qarşı apardıqları anti-Azərbaycan kampaniyası, qara, çirkin piar bizi ciddi narahat edir və biz də, öz növbəmizdə, onlara adekvat cavablar veririk. Şöbəmizdə 5 nəfər mütəxəssis çalışır. Əməkdaşlarımız erməni dilini mükəmməl bilirlər. Şöbəmizdə erməni dili üzrə ali məktəbdə dərs deyən müəllim-mütəxəssis var. Əməkdaşlarımız gündəlik olaraq Ermənistan mətbuatını yaxından izləyir, orada bizim əleyhimizə olan fikirlərlə, materiallarla tanış olurlar, həm də onlara cavablar hazırlayıb KİV-lərdə yayırıq. Çalışırıq ki, ermənilərin bizə qarşı həyata keçirdikləri məkrli siyasətə dərhal cavab verək və onların əməllərini ifşa edək. Onu da vurğulayım ki, erməni mediasını yaxından izləmək baxımından bizim gənclər çox aktivdirlər. Erməni mediasında elə məsələlər olur ki, ona dərhal cavab veririk, elə məsələlər də var ki, geniş araşdırma apararaq elmi faktlarla onları susdururuq. Yəni bu sahədə aktivik. Biz Ermənistan rəsmilərinin də gündəlik çıxışlarını, fikirlərini, xarici səfərlərini, keçirdikləri görüşləri, apardıqları danışıqları izləyirik. Bir fakta diqqətinizi çəkim. Ermənilər İrəvanın guya 2800 illiyini keçirməyə hazırlaşırlar. Ermənistanın xarici işlər naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də o tədbirdə iştirak etsəydi, yaxşı olardı. Ermənistanın xarici işlər nazirinə çox tutarlı bir cavab yazdım və onun İrəvanın 2800 illiyi ilə bağlı səsləndirdiyi fikirlərə əsaslı elmi izah verdim. Deyim ki, heç ermənilərin özlərinin ağlına gəlməyən məsələləri mən qeyd etdim. Ermənilər 1968-ci ildə İrəvanın 2750 illiyini keçirdilər. Orada baş verən bütün biabırçılıqlar barədə mənim məlumatım vardı. Həm Moskva, həm Sankt-Peterburq, həm də Azərbaycan alimlərindən bu biabırçılıqlar haqqında eşitmişdim. Sovet dövründə onların məkrli oyunlarını ifşa etməyə, planlarının üstünü açmağa müvəffəq ola bilmədik. Ancaq bu gün isə bu məsələlərdən geniş bəhs edə və ermənilərin əməllərini ifşa edə bilirik. Qeyd etdiyim kimi, erməni məsələsi ətrafında çox geniş işlər aparırıq. Qarşımıza onları ifşa edən o qədər məlumatlar çıxır ki, biz onlardan istifadə edərək ermənilərə layiqli cavab veririk”.
Ermənişünaslıq şöbəsi tərəfindən həm də Ermənistan ordusundakı neqativ hallar, burada baş verən qeyri-etik və qeyri-insani hərəkətlərin izlənildiyini deyən Q.Hacıyev bildirdi ki, ermənilərin öz ordusuna münasibəti olduqca mənfidir. Bəzi erməni generallarının erməni ordusunu “bazar”a çevirdiyini deyən Q,Hacıyev bildirdi ki, bu hal erməni cəmiyyətini ciddi narahat edir: “Biz Ermənistan ordusunda baş verən neqativ halları da izləyirik. Bu barədə elə öz mətbuatları yazır və Ermənistan hökümətinin yarıtmaz, işğalçı siyasətini ifşa edirlər. Biz Ermənistan gündəmini ciddi nəzarətdə saxlayırıq ki, orada baş verən hər bir hadisədən xəbərimiz olsun. Ermənistanda keçirilən son prezident seçkilərini də internet, mətbuat vasitəsilə yaxından izlədik və seçki zamanı baş verən bütün neqativ hadisələr haqda məlumat əldə etdik. Bizim əməkdaşlar seçkiöncəsi və seçkisonrası məqalələrlə çıxış etdilər. Reallıq budur ki, Ermənistanda hakimiyyət dəyişmədi, yenə də hakimiyyət eyni adamların əlində qaldı. Bilirsiniz ki, Köçəryan Ermənistan prezidenti olanda Ermənistanı soyub taladı, dağıtdı, Serj Sarkisyan da onun yolunu davam etdirdi. Beynəlxalq aləmdə ona münasibət yaxşı deyil, buna baxmayaraq, mənə belə gəlir ki, Serj Sarkisyan hələ də hakimiyyətdə qalacaq. Armen Sarkisyan Ermənistan prezidenti seçilsə də, ona verilən səlahiyyətlər çox kiçikdir və bu da onu gülünc vəziyyətə salıb. Müşahidələrimiz onu göstərir ki, Armen Sarkisyan prezidentlik kürsüsündə prezident kimi deyil, bir müqəvva kimi oturdulub. Çünki hələ də bütün hakimiyyət Serj Sarkisyanın əlindədir, bütün özbaşınalıqlar, neqativ hallar da onun rəhbərliyi ilə baş verir. Ermənistan Konstitusiyasına görə, Serj Sarkisyan baş nazir olacaq və o yenidən Ermənistanı idarə edəcək və öz iyrənc siyasətini davam etdirəcək”.
Qondarma “erməni genosidi” ilə bağlı faktların araşdırılıb çap edilməsi, eləcə də beynəlxalq aləmə yayılması baxımından şöbənin gördüyü işlərə gəlincə, Q.Hacıyev qeyd etdi ki, bir çox hallarda erməni müəlliflər özləri ermənilərin heç bir soyqırıma məruz qalmadığını təsdiqləyirlər: “Dünyada 870-dən artıq erməni diaspora təşkilatı fəaliyyət göstərir. Onlar gecə-gündüz Türkiyəyə və Azərbaycana böhtan atmaqla məşğuldurlar. Onların əsas gördüyü işlərdən biri də qondarma “Dağlıq Qarabağ Respublikası”nı dünyada tanıtmaqdır, onu təbliğ edirlər. İnanıram ki, Ermənişünaslıq şöbəsi bu halın da qarşısının alınması istiqamətində daha mütəşəkkil işlər görəcək. Bu sahədə işləyirik, ancaq fəaliyyətimizi daha da genişlənirəcəyik. Əvvəllər şöbə yox idi və bu mövzuda intensiv danışılımırdı, ancaq şöbə yaradıldıqdan sonra hər gün bu məsələ ilə məşğul oluruq. Ermənilər Azərbaycan xalqına bu cür düşmən mövqeyində durursa, sözsüz, biz bu məsələyə heç cür laqeyd qala bilmərik. Ona görə də Ermənişünaslıq şöbəsinin bütün fəaliyyəti Ermənistanın Azərbaycana qarşı apardığı məkrli siyasəti ifşa etmək istiqamətində qurulub. İşimizi bu istiqamətdə qurmuşuq. Ermənilər 1965-ci ildən qondarma “erməni genosidi” dünyada tanıtmaq üçün fəaliyyətə başlayıblar. Bildiyiniz kimi, onlar bu “genosid”i bir sıra ölkələrdə qəbul etdiriblər. Bu “genosid”i qəbul edən dövlətlər, ola bilsin, heç ermənilərin təəssübünü çəkdikləri üçün bu addımı atmayıblar, onlar Azərbaycana, Türkiyəyə qarşı düşmən mövqe tutduqları üçün qəbul ediblər. Ancaq fakt budur ki, belə bir hadisə baş verməyib və bu, ermənilərin uydurmasıdır. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi 31 mart (1918) soyqırımını, Xocalı soyqırımı dünyada tanıtmaq istiqamətində işlər görürük. Ancaq bu sahədə fəaliyyətimizi daha mütəşəkkil qurmalıyıq. Son dövrlər Azərbaycan dövlətinin, hökumətinin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımı dünyanın bir çox ölkələri tərəfindən tanınıb və tanınması da davam edəcək. Çünki biz burada həm öz başımıza gətirilən faciəni, soyqırımı təqdim edirik, həm də ermənilərin bizə qarşı həyata keçirdikləri terror hadisələrini, soyqırımları, saxtakarlıqlarını ifşa edirik”.
Ermənilərin anti-Azərbaycan kampaniyasının qarşısının daha intensiv şəkildə alınması üçün Ermənişünaslıq şöbəsi tərəfindən hər hansı bir internet portalı, yaxud jurnalın çap edilməsi məsələsinə gəlincə, Q.Hacıyev bildirdi ki, bu vacib məsələ şöbənin görəcəyi işlər sırasına daxildir: “Hazırda biz beynəlxalq konfrans keçirməyə hazırlaşırıq, bura dünyanın bir sıra ölkələrindən gələnlər olacaq. Şöbəmizə ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri məkrli siyasətlə, onların uydurma tarixləri ilə bağlı bir sıra məqalələr daxil olur. Bu yazılar konfransda da səslənəcək, eyni zamanda da toplu çap olunacaq. Qafqazşünaslıq İnstitutunun ayrıca jurnalı var. Ermənilərlə bağlı nə qədər informasiya varsa, o jurnalda çap olunacaq. Hesab edirəm ki, gələcəkdə fəaliyyətimizin daha geniş miqyasda təqdim edilməsi üçün internet portalının yaradılmasına ehtiyac olacaq. Bunu da institutumuzun direktoru professor Musa Qasımlı ilə məsləhətləşəcəyik. Musa müəllimin bu məsələ ilə bağlı çox dəyərli fikirləri var. Ermənişünaslıq şöbəsinin gördüyü işlərlə, ümumilikdə, erməni məsələsi ilə bağlı televiziyalarda da ayrıca proqramlar olmalıdır. Bu ona görə lazımdır ki, həm Azərbaycan, həm Ermənistan, həm də dünya ictimaiyyəti Ermənistan hökumətinin əsl simasını görə bilsin və onların bizə qarşı həyata keçirdikləri qara piarın ifşasına şahidlik etsinlər. Bu informasiyalar erməni ictimaiyyətinin özünə də çatdırılmalıdır ki, onlar Ermənistan hökumətini daha yaxından tanısınlar. Biz Ermənistan mətbuatından əldə etdiyimiz materialları hələlik rus və Azərbaycan dillərində yayırıq. Planımızda var ki, erməni dilini mükəmməl bilən mütəxəssisləri bir araya gətirib təbliğatımızı gücləndirək. Hətta bu gün gəlib bizim mütəxəssislərdən erməni dilində müsahibə götürmək istəsələr, o müsahibəni verməyə tam hazırıq”.
İradə SARIYEVA