Martın 15-də Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Gürcüstan-İran-Türkiyə xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, nazirlər regionda sülhün, sabitliyin, rifahın möhkəmlənməsinə xidmət edəcək dərin tarixi köklərə və mədəni əlaqələrə əsaslanan dörd ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı daha da gücləndirməklə bağlı sadiqliklərini bildirib. Ölkələr arasında əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə olunub, tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsində güclü öhdəliklər qeyd edilib. Bundan başqa, nazirlər regional sülh və sabitliyin möhkəmlənməsində ortaq maraqlarını vurğulayıb və bu kontekstdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, o cümlədən regionda bütün münaqişələrin sülh yolu ilə həlli kimi beynəlxalq hüquq prinsiplərinə sadiqliklərini vurğulayıb. Dörd ölkənin xalqlarının rifahının təmin edilməsi məqsədilə bütün mümkün sahələrdə dördtərəfli əməkdaşlığın araşdırılması və genişləndirilməsi ilə bağlı razılıq əldə olunub. Regional və beynəlxalq təhlükəsizlik və sabitliyin möhkəmlənməsi məqsədilə müxtəlif səviyyə və platformalarda, beynəlxalq və regional təşkilatlar çərçivəsində ümumi maraq kəsb edən regional və qlobal məsələlərlə bağlı məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.
Nazirlər enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahələrində birgə layihə və proqramları icra etməklə investisiyalar və ticarətin təşviqi məqsədilə mövcud potensialdan istifadə etmək, eləcə də əməkdaşlığın təşviqini dəstəkləməklə bağlı iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi barədə razılığa gəliblər. Milli nəqliyyat infrastrukturunun beynəlxalq nəqliyyat infrastrukturuna inteqrasiya edilməsi məqsədilə coğrafi cəhətdən beynəlxalq tranzit dəhlizlərində əlverişli mövqe tutmuş dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əhəmiyyətli addımların atıldığı vurğulanıb. Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və Bakı-Tbilisi-Qars dəmir yoluna birləşməklə Rəşt-Astara vasitəsilə İran körfəzindəki Çabahar və Bəndər-Abbas kimi İran limanlarından başlamaqla “Cənub-Qərb” marşrutunda dörd ölkənin tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyi qeyd edilib. Mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinin, eləcə də dörd ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyəti vurğulanıb.
Görüşdə qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlıq edilməsinin vacibliyi qeyd olunub. 2015-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən 2030-cu il üzrə davamlı inkişaf gündəliyinin müvafiq məqsədlərinə nail olmaq naminə ətraf mühitin çirklənməsinin azaldılması və qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti bildirilib. Beynəlxalq və ya regional təşkilatlarda dörd ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsi razılaşdırılıb və bu mənada “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi edilməsi ilə bağlı Bakı şəhərinin namizədliyi alqışlanıb. Bakı şəhərinin 2021-ci ildə Dünya Bankı Qrupunun və Beynəlxalq Maliyyə Fondunun İdarəetmə Şurasının illik görüşlərinə ev sahibliyi edilməsi ilə bağlı namizəd şəhər olduğu nəzərə alınıb.
Nazirlər terrorizm, zorakı ekstremizm və separatizmin bütün forma və təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, silah, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə qəti sadiqliklərini bir daha bəyan edib. Həmçinin ölkələr arasında insanlararası təmasları daha da genişləndirmək məqsədilə mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa və təşviqinə hazır olduqlarını ifadə ediblər.
Görüşdə ümumi maraq kəsb edən sahələrdə dördtərəfli sahəvi əməkdaşlığa dair fəaliyyət planının hazırlanmasının vacibliyi vurğulanıb. Dördtərəfli formatda müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti bir daha qeyd olunub.
Növbəti görüşün Gürcüstanda keçirilməsi razılaşdırılıb.
“Trend”in məlumatına görə, görüşdə Bakı Bəyannaməsi qəbul edilib.
Nazirlər regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadiyyat, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib.
“Biz cənubdan qərbə yeni nəqliyyat dəhlizi təklif edirik. Siyasi mövqeyimizi Xarici İşlər Nazirliyi səviyyəsində açıqladıq”. APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Bu dəhlizi bu gün təqdim etdik. Konkret fəaliyyət planı üzərində çalışacağıq ki, konkret layihələr təqdim edək”, - deyə o vurğulayıb.
“Azərbaycan, İran, Türkiyə və Gürcüstanın işgüzar dairələri əməkdaşlıq üçün yeni imkanlar qazanacaq” - deyən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, ölkələrin dördtərəfli əməkdaşlığı çərçivəsində gələcəkdə artırmaqla qarşılıqlı ticarətin genişləndirilməsi və dörd ölkənin investisiya potensialının reallaşdırılması, həmçinin qarşılıqlı ticarət və yeni layihələrdə iştirak üçün işgüzar dairələrin yeni imkanlarının təqdim olunması planlaşdırılır.
Onun sözlərinə görə, ticari əməkdaşlığın inkişafı üçün ölkələr qarşısında gömrük məsələlərinin müzakirəsi də dayanır: "Əməkdaşlıq haqqında bəyannaməni imzalamaqla biz həm nəqliyyat, energetika, turizm sahələrində, həm də bizim üçün prioritet olan digər sektorlarda dördtərəfli əməkdaşlığın genişləndirilməsinə cəhdləri dəstəkləyirik. Biz Avropa və Asiyanı birləşdirən nəqliyyat marşrutlarımızı inkişaf etdirməyi planlaşdırırıq".
İran Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaq istəyir. Bu barədə də Bakıda jurnalistlərə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Azərbaycan regional əməkdaşlığın təşkilində vacib rol oynayır. Bunu isə Bakıda Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin görüşünün yekunu üzrə keçirilən mətbuat konfransı zamanı Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze deyib.
Baş nazir deyib: “Biz Azərbaycanın regionda əməkdaşlığın, xüsusilə də bugünkü dördtərəfli görüşün təşkilində səylərini dəstəkləyirik”.
M.Canelidze, həmçinin, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Azərbaycan tərəfinə təşəkkürünü bildirib və bəyan edib ki, Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Bu gün bizim imzaladığımız əməkdaşlıq haqqında sənəd qarşılıqlı investisiya potensialının artmasına, eləcə də bizim üçün prioritet sahələrdə əməkdaşlığın inkişafına xidmət edəcək”.
“Çoxtərəfli iclasın Bakıda keçirilməsi üçün şadam. Dost və qonşu Azərbaycan xalqına təşəkkür edirəm. Biz regional əməkdaşlığa sadiqliyimizi təsdiq edirik. İran güclü regiona inanır. İstəyirik ki, ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıqlar formalaşsın”. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında belə deyib.
O qeyd edib ki, İran, Azərbaycan, Türkiyə və Gürcüstanı mədəni ortaqlıqlar bağlayır. Nazir bildirib ki, beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti, regionda əməkdaşlığı daha da gücləndirəcək. “Enerji, tranzit, turizm, sənaye və texnologiya sahələrində əməkdaşlıq bütün region ölkələrinin inkişafına töhfə verə bilər. Fars körfəzi İranı Hind okeanı və Aralıq dənizinə birləşdirir və bununla biz region ölkələrinə daha rahat marşrut təqdim edirik. Gələcək iclaslarda bu sahələrlə bağlı daha geniş müzakirələr apara bilərik. Ümid edirəm ki, dördtərəfli əməkdaşlıq daha geniş əməkdaşlıq üçün imkan açacaq”.
İran XİN rəhbəri əlavə edib ki, konkret əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün işçi qrupu yaradılmalıdır.
Xatırladaq ki, 2017-ci il sentyabrın 6-da Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, dekabrın 20-də isə Azərbaycan-İran–Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.