Qabil Hüseynli: “Bütün beynəlxalq sənədlərdə ilk sırada məhz dövlətlərin ərazi bütövlüyü gəlir”
Məlum olduğu kimi, Dağlıq Qarabağ ərazisində müvəqqəti qərar tutmuş qondarma separatçı qurumun rəhbəri kimi təqdim olunan Bako Saakyanın ABŞ-a etdiyi səfər və orada müəyyən dairələr tərəfindən isti qarşılanması Azərbaycanın haqlı narazılığına səbəb olub. Hətta yaranmış vəziyyətlə bağlı Azərbaycan ABŞ-a rəsmi etiraz notası da verdi.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycanda fəaliyyət göstərən Səfirliyi rəsmi Bakının notasına cavab verib. Cavabda deyilir: "ABŞ-ın Dağlıq Qarabağa aid mövqeyi dəyişməyib. Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan da de-fakto Dağlıq Qarabağ rejimini tanımır.
Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktının - güc tətbiq etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək.
Yekun Aktı prinsipləri - gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək".
Göründüyü kimi, ABŞ Səfirliyi tərəfindən təqdim edilən cavabda həmin ölkənin Azərbaycanın ərazi bütövlüyü məsələsinə önəm verdiyi və onu tanıdığı xüsusi olaraq vurğulanır. Ermənistan mətbuatı isə bu məsələni öz maraqlarına uyğun şəkildə interpretasiya edərək, bildirir ki, guya ABŞ Səfirliyinin notaya verdiyi cavabda Dağlıq Qarabağ konflikti ilə bağlı tamamilə fərqli münasibət ortaya qoyulub və Vaşinqton bu məsələdə ərazi bütövlüyü məsələsinə önəm verməyib, xüsusi olaraq xalqların öz müqəddəratını təyin etmək hüququna diqqət ayırıb. Məqalədə, həmçinin, bildirilir ki, Avropa Birliyi və ABŞ keçmiş SSRİ məkanında olan qaynar münaqişələrlə bağlı yalnız Dağlıq Qarabağ məsələsinə fərqli münasibət ortaya qoyur və həmin konflikti Gürcüstanda, Ukraynada və Moldovada olanlardan fərqləndirir. Sitat: “Həmin üç ölkədə olan konfliktlərdə ABŞ ölkələrin ərazi bütövlüyü məsələsinə xüsusi önəm versə də, onların heç birində xalqların öz müqəddəratını təyin etmək hüququndan bəhs edilmir. Bu məsələdə Dağlıq Qarabağ istisnadır”.
Erməni təbliğatının məkri və qərəzi göz qabağındadır. Onların bu mövzuda ağ yalan üzərində təbliğata üstünlük verməsi nə ilə bağlıdır?
Politoloq Qabil Hüseynlinin fikrincə, harda xalqların öz müqəddəratını təyin etmə sözü işlənirsə, ermənilər həmin andaca sevincək olurlar: “Onlar elə bilirlər ki, sanki həmin termin sırf bunlar üçün icad edilib. Biz dəfələrlə bu mövzuya aydınlıq gətirmişik ki, xalqların öz müqəddəratını təyin etmək istəməsi hansısa ölkənin ərazi bütövlüyünü pozmaq hesabına ola bilməz. Düzdür, bu məsələdə bir qədər fərqli yanaşma da olur. Super dövlətlər öz maraqlarına uyğun olaraq, gah ərazi bütövlüyünü, gah da öz müqəddəratını təyin etmə hüququnu dəstəkləyirlər. Buna çox zaman ikili standart siyasəti deyilir. Amma beynəlxalq qanunvericilik bunu konkret olaraq təsbit edib. Həmişə deyilib ki, Helsinki Yekun Aktının əsas müddəası olan dövlətlərin ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn əsas prinsipi olmalıdır. II Dünya Müharibəsindən sonra formalaşmış sərhədlərin pozulmaması haqqında 1975-ci il Finlandiyanın paytaxtı Helsinki şəhərində razılığa gəlinib.
Öz müqəddəratını təyin etmə hüququ kommunistlərin 19-cu əsrdə irəli sürdüyü şüardır. Sonradan beynəlxalq hüququn prinsipinə çevrilib. İndi köhnəlmiş prinsip hesab edilir. Məsələn, Polşanın paytaxtı Varşavada NATO-nun sammiti keçirilərkən belə bir fikir səslənib ki, postsovet məkanında bütün münaqişəli zonalarda ərazi bütövlüyü prinsipinə riayət edilməlidir. Gürcüstana münasibətdə ərazi bütövlüyü məsələsi müdafiə edilir. Moldovaya münasibətdə yenə də bu prinsip müdafiə edilir. Göründüyü kimi, ABŞ son münasibətində də Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiyini bildirib. Ermənilər həmin fikri açıq-aydın təhrif etməklə nəyəsə nail ola bilməzlər. Çünki indi informasiya bir anda bütün dünyaya yayılır və belə yalanın ömrü qısa müddət sürə bilər. Bütün beynəlxalq sənədlərdə ilk sırada məhz dövlətlərin ərazi bütövlüyü gəlir. Öz müqəddəratını təyin etmə isə ərazi bütövlüyü çərçivəsində müəyyənləşə bilər. Bütün dünya anlamalıdır ki, biz Dağlıq Qarabağdakı ermənilərin Azərbaycandan kənarda öz müqəddəratını təyin etməsinə imkan verməyəcəyik. Ermənilər azərbaycanlılarla birgə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin edə bilərlər".
Məhəmmədəli QƏRİBLİ