Elşən Həsənov: “Burada yer alan ölkələrin hər biri üçün böyük perspektivlər vəd edir”
Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.
Azərbaycan XİN-dən bildirilib ki, görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, 2017-ci ilin 6 sentyabr tarixində Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, 20 dekabr tarixində isə Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.
Ölkəmizin Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan formatında əməkdaşlığı mövcuddur. Lakin dördtərəfli formatda görüş ilk dəfədir keçirilir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da bu formatda əməkdaşlığın regional əməkdaşlıq baxımından daha fərqli bir format olacağını qeyd edib. Region ölkələrindən təşkil olunan bu dördtərəfli yeni formatdan hansı nəticəni gözləmək olar?
Ekspert Elşən Həsənovun sözlərinə görə, bu formatda əməkdaşlıq regional əməkdaşlığı daha da gücləndirməyə xidmət edir: “Azərbaycan, İran, Türkiyə və Gürcüstan dördtərəfli formatı Bakı üçün çox vacibdir və regionda digər ölkələrlə rəqabətə imkan verir. Çox səciyyəvi bir haldır ki, Azərbaycan son illər regionda bir sıra çoxtərəfli formatların müəyyənləşməsində təşəbbüskar rolunu oynayır. Bu da ondan irəli gəlir ki, regiondakı əsas layihələr Azərbaycanın fəal iştirakı ilə həyata keçirilir. Bu, digər oyunçuların regional siyasətinə də çox böyük təsir edir. Bu baxımdan da görüşdə iqtisadi, enerji və nəqliyyat sahəsində regional əməkdaşlıq məsələləri, həmçinin, hər bir ölkəni maraqlandıran digər məsələlər müzakirə olunacaq. Bunun ən mühüm əhəmiyyətli cəhətlərindən biri də işğalçı Ermənistanın təcrid siyasətinin dərinləşməsinə xidmət etməsidir. Ermənistan beynəlxalq hüquq prinsiplərini kobud surətdə pozaraq regionda işğalçılıq siyasəti yürütdüyündən, onun təcrid olunması vacibdir və bu istiqamətdə siyasət davam etdirilməlidir. Logistika sahəsinə aid Bakı-Tiflis-Qars dəmir yolu, “Şimal-Cənub” nəqliyyat dəhlizi, Avropanın Rusiyanın qaz asılılığını azaldan TANAP, “Cənub Qaz Dəhlizi” və sair layihələr həyata keçirilir. Odur ki, İran bu layihələrdə iştirak etməklə üzləşdiyi sanksiyaları yarıb çıxa bilər. Hələ SSRİ dönəmindən İranla Azərbaycan arasında qaz kəməri mövcuddur və bu kəmərin bərpasına elə də böyük olmayan maliyyə vəsaiti xərcləməklə Tehran bu kəmərdən faydalana bilər. Digər xüsusi bir məqam isə İran və Azərbaycanın Xəzər dənizində mübahisəli hesab edilən ərazilərdə yerləşən qaz və neft yataqlarında birgə layihələr həyata keçirə bilməsidir. Başqa bir məqam isə “İpək yolu”ndan tam istifadə edə bilməyən İranın bu layihədə tam iştirakına nail olmaq imkanıdır.
Enerji və nəqliyyat layihələri region ölkələrinin digər dövlətlərlə sıx bağlılığını təmin edir, eyni zamanda, onların tranzit statusunu möhkəmləndirir. Son zamanlar dünyanın bir çox ölkəsi tranzit statusundan istifadə etmək üçün böyük səylər göstərir, çünki bu yolla minimum xərclə uzunmüddətli gəlirlər əldə etmək mümkündür. Çoxtərəfli formatların formalaşmasında məhz bu amillər mühüm rol oynayır. Bildiyiniz kimi, Bakı-Tiflis-Qars dəmir yolu fəaliyyət göstərir, TANAP-ın son mərhələsi həyata keçirilir, “Şimal-Cənub” dəhlizi isə tamamlanmaq üzrədir. İran tərəfi “Şimal-Cənub” dəhlizi ilə bağlı işlərin 81 faizinin tamamlandığını bildirib. Demək, yaxın aylarda layihənin qalan hissəsi də tamamlanacaq, Rəşt-Qəzvin dəmir yolu xətti istifadəyə veriləcək. Astara-Astara dəmir yolu isə artıq tam istifadəyə verilib. İranın Astara şəhərində böyük bir terminal qurulub və bu terminaldan müştərək istifadəyə dair İranla Azərbaycan arasında razılaşma var. Bir sözlə, Azərbaycan, İran, Türkiyə və Gürcüstan dördtərəfli formatı müxtəlif siyasi maraqları olan ölkələri bir araya gətirməklə yanaşı, burada yer alan ölkələrin hər biri üçün böyük perspektivlər vəd edir”.
Məhəmmədəli QƏRİBLİ