Məhərrəm Zülfüqarlı: “Xarici səfirliklər bilirlər ki, həmin partiyalar seçkini müşahidə etmək üçün özlərinə lazım olan 5 min adamı tapıb ortaya çıxarmaq iqtidarında deyillər”
Məlum olduğu kimi, radikal müxalifəti təmsil edən bir necə partiya və qurum qarşıdan gələn prezident seçkilərilə bağlı boykot qərarı verib. Əslində, bu qərarın verilməsi həmin qüvvələrin seçkiyə gedəcəkləri təqdirdə rastlaşacaqları biabırçılıqdan özlərini sığortalamaq niyyəti ilə bağlıdır. Çünki özləri də hamıdan gözəl bilirlər ki, belə bir qərarın seçkinin gedişinə və nəticələrinə hər hansı formada təsiri olmayacaq.
Onların atmaq istədiyi addımlardan biri də seçki ərəfəsində etiraz aksiyalarını təşkil etmək və bunun nəticəsində insanları seçkidən yayındırmaqdır. Keçirdikləri son aksiya göstərdi ki, uzun illər müxalifətdə qalmaq kimi bir taleləri onların elektoratına da ciddi təsir edib. Ətraflarında son dərəcə az sayda adamın qaldığı həmin radikal müxalifət təmsilçilərinin itirdikləri yalnız bununla bitmir. Son vaxtlar onlara ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin də, demək olar ki, marağı tam ölüb. Adətən belə həssas məqamlarda onlar bir səfirliyə girib digərindən çıxırdılar. Xarici səfirliklərin radikallara münasibətinin kəskin dəyişməsi nə ilə bağlıdır?
Siyasi məsələlər üzrə ekspert Məhərrəm Zülfüqarlı qəzetimizə açıqlamasında bildirdi ki, belə tendensiya təsadüfən formalaşmayıb: “Mənim özüm də bu istiqamətdə ciddi araşdırmalar aparmışam. Hesab edirəm ki, gəldiyiniz qənaət tamamilə doğrudur. Bu vəziyyət yalnız indiki məqamla bağlı deyil. Xarici səfirliklərin ölkə müxalifətinə inamının itməsi 2003-cü ildən sonra başladı. Məhz həmin dövrdən başlayaraq, xarici səfirliklərlə radikal müxalifət arasında olan təmaslarda azalan dinamika müşahidə olundu. Həmin zamandan 15 il vaxt keçir. Az olmayan bu müddət ərzində deyilən istiqamətdəki diqqət, demək olar ki, sıfır səviyyəsinə enib. Mən bu məsələdə səfirliklərin mövqeyini haqlı sayıram. Görürsünüz ki, indiki məqamda onlar iqtidara yaxın olan partiyalarla əməkdaşlığa üstünlük verirlər. Bilirsiniz niyə? Çünki həmin müxalif qüvvələrin arxasında güc yoxdur. Xarici səfirliklər bilirlər ki, həmin partiyalar seçkini müşahidə etmək üçün özlərinə lazım olan 5 min adamı tapıb ortaya çıxarmaq iqtidarında deyillər. Biz xarici ölkələrdə və xüsusilə də qardaş Türkiyədə baş tutan seçkiləri izləyirik. Görürsünüzmü orada müxalifət necə təşkilatlanıb, meydanlara nə qədər insan çıxara bilirlər? Bizim müxalifətin nə pulu var, nə də ətrafında elektoratı. Belə vəziyyətdə isə siyasi mübarizə aparmaq yalnız imitasiya ola bilər”.
Məhəmmədəli QƏRİBLİ