Məhəmməd Əsədullazadə: “İndi də köhnə T-72 tanklarının iştirakı ilə keçirdikləri təlimlər, sadəcə, imitasiya xarakterlidir”
Azərbaycan artıq uzun illərdir onlarla dövlətlə, o cümlədən qonşu dövlətlərlə müxtəlif səviyyələrdə hərbi və hərbi-texniki əməkdaşlıq edir. Bu əməkdaşlığın miqyası və coğrafiyası getdikcə genişlənir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan ən müasir hərbi silah və texnikalar alır. Daha sonra bu silahlar uğurla hərbi təlimlərdə sınaqdan keçirilir.
Azərbaycanın mövcud iqtisadi imkanları müasir silahların əldə olunmasına imkan verir. Ancaq, bizdən fərqli olaraq, işğalçı Ermənistan sözügedən imkanlara malik deyil. Ən yaxşı halda köhnəlmiş Rusiya silahlarını almaqla vəziyyətdən çıxmağa çalışır.
Bu arada Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin martın 12-dən müxtəlif qoşun növləri, birlik və birləşmələrinin iştirakı ilə başlayan genişmiqyaslı təlimlərindən bərk narahat olmağa başlayıb. Onlar həm siyasi müstəvidə, həm də hərbi müstəvidə bu narahatlığı ifadə edirlər. Bununla yanaşı, Ermənistan Silahlı Qüvvələri buna cavab olaraq Azərbaycanın işğal edilmiş ərazilərində təlimlərə başlayıblar. Təlimlərdə zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Təlimlərdə əsas diqqət atəşin aparılması formalarına və metodlarına, döyüş vəziyyəti nəzərə alınmaqla, şərti rəqibin hədəflərinin sıradan çıxarılması xüsusiyyətlərinə yönəldiləcək.
Qondarma “DQR” təmsilçiləri öz aləmlərində düşünürlər ki, sözügedən təlimlər Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinə adekvat səviyyədədir. Halbuki, ermənilərin nə texniki, nə maddi və nə də canlı qüvvə sarıdan resursları bu səviyyədə deyil. Nə etsələr belə, Azərbaycanla ayaqlaşa bilməyəcəklər. O baxımdan qarşı tərəfin təlimlərinə ekspertlər necə yanaşırlar? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın arsenalında olan hərbi texnika və zirehli transportyorlar yüksək döyüş hazırlığına malik deyil: “Azərbaycanın martın 12-dən 17-nə kimi irimiqyaslı hərbi təlimləri işğalçı Ermənistanda ajiotaj yaradıb. Rəsmi İrəvan Azərbaycanın bu kimi iri hərbi təlimini müharibə hazırlığı kimi görür və öz narahatlığını müxtəlif formada ifadə edir. Onlardan biri də qarşı tərəfin hərbi təlimlərə başlamasıdır. Hesab edirəm ki, ölkəmizin bu irimiqyaslı hərbi təlimləri, əraziləri işğal olunmuş bir ölkə üçün mütəmadi xarakterlidir. Müdafiə Nazirliyinin tank qoşunları ilə birgə keçirdiyi hərbi təlimlər Ermənistanı da analoji addım atmağa sövq edib. Bu ölkə öz işğalçılığını pərdələyərək guya “DQR” “müdafiə nazirliyi” “tank qoşunlarının” hərbi təlim keçməsi barədə məlumat verib. Qeyd edim ki, Rusiya öz köhnə hərbi texnikalarını utilizasiya etməyərək Ermənistana göndərir. İndi də köhnə T-72 tanklarının iştirakı ilə keçirdikləri təlimlər, sadəcə, imitasiya xarakterlidir. Bunun Azərbaycana mesaj kimi təqdim olunması gülünc təsir bağışlayır. Bu tank təlimini Ermənistan "DQR" adı ilə komuflyaj olaraq keçirir. Bu gün Ermənistanın qeyri-konstruktiv mövqeyi, işğalçılıq siyasətini davam etdirməsi müharibə variantını gündəmdə saxlayır. Birmənalı olaraq keçirilən təlimlər rəsmi İrəvana mesajdır. Məhz keçirilən təlimlər hücum xarakterlidir və birbaşa işğal olunmuş ərazilərin qaytarılması ssenarisi ilə aparılır. Bu gün Ermənistanın arsenalında olan hərbi texnika və zirehli transportyorlar yüksək döyüş hazırlığına malik deyil. Biz aprel döyüşlərində də bunun şahidi olmuşuq. İndiyə kimi də öz silah paritetlərini dəyişə bilməyiblər. SSRİ-dən qalma silahlarla Ermənistanın təlimləri uğurlu ola bilməz”.
Vidadi ORDAHALLI