Vüqar Rəhimzadə: “Hüquqi statusun əldə olunması Mətbuat Şurasının fəaliyyətinin daha yaxşı mənada tənzimlənməsinə və geniş imkanlar əldə etməsinə müsbət təsir göstərəcək”
Məlum olduğu kimi, bir neçə gün öncə Azərbaycan jurnalistlərinin VII qurultayı başa çatıb. Qurultayda bir sıra məsələlər müzakirə olunub. O cümlədən, "Mətbuat Şurası haqqında" qanun qəbul edilməsi barədə təşəbbüs qaldırılıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qurultayda çıxışı zamanı bildirib ki, Mətbuat Şurası qəbul etdiyi etik normaları müdafiə etməlidir: “Zənnimcə, “Mətbuat Şurası haqqında” qanun qəbul edilməsinin zamanı çatıb”.
Hesab olunur ki, Mətbuat Şurası fəaliyyətini bu qanun əsasında həyata keçirməlidir. Qanun qəbul olunarsa, Mətbuat Şurasının fəaliyyəti daha da optimallaşar, eyni zamanda, “reket jurnalistika”ya qarşı mübarizə daha da effektli olar.
Həmsöhbətimiz də “Mətbuat Şurası haqqında” qanunun qəbul olunmasını təqdir etdilər.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, belə bir qanunun qəbul olunmasının tərəfdarıdır: “Nəzərə almaq lazımdır ki, Mətbuat Şurası qeyri-hökümət təşkilatıdır və eyni zamanda media qurumudur. Ancaq onu da unutmaq lazım deyil ki, Mətbuat Şurasının özünün spesifik xüsusiyyəti var. Şura tək mətbuatla deyil, həmçinin, cəmiyyət-mətbuat və mətbuat-dövlət münasibətlərini tənzimləyən qurumdur. Bu səbəbdən hesab edirəm ki, Mətbuat Şurasına hüququ yanaşma olmalıdır. Mətbuat Şuasının fəaliyyət prinsiplərində hüquqa söykənən prinsip olmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, Mətbuat Şurası haqqında ayrıca qanun qəbul olunmalıdır: “Məlumdur ki, Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” və “Qeyri-hökumət təşkilatları haqqında” qanunlar var: “Mətbuat Şurası da həmin qanunlardan müəyyən dərəcədə yararlanır. Ancaq hüquqi statusun əldə olunması Mətbuat Şurasının fəaliyyətinin daha yaxşı mənada tənzimlənməsinə və geniş imkanlar əldə etməsinə müsbət təsir göstərəcək.”
Günel CƏLİLOVA