Daşdəmir Əliyev: “Bu təlimlər ona hesablanıb ki, əmr olunan zaman Azərbaycan Ordusu öz ərazi bütövlüyünü, suverenliyini təmin etməyi bacarsın”
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 12-dən müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Təlimlərə 25 000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. Təlimlər martın 17-dək davam edəcək.
Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi hərbi təlim rəsmi İrəvanda narahatlıq doğurub. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter” səhifəsində bunları yazıb: "Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilat qarşısında öhdəliklərini pozaraq və ATƏT üzvlərinə məlumat vermədən genişmiqyaslı hərbi təlimlərə başlayıb". Qeyd edək ki, Ermənistan bu vəziyyətlə bağlı Helsinki Yekun Sənədinin müddəalarının pozulduğunu bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın yersiz narahatlığına münasibət bildirib. XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistanın Helsinki Yekun Sənədi və Etimad quruculuğu tədbirlərinə dair Vyana sənədi əsasında öhdəliklər daşıması, deyəsən, indi yadına düşüb.
O xatırladıb ki, Ermənistan BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və digər ATƏT sənədləri çərçivəsində üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycan ərazilərini işğal edib: "Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun davam etdirilməsi regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqda davam edir.
Vyana sənədi çərçivəsində üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi canlı qüvvə, hərbi texnikanın sayı və dislokasiya yerləri, həmçinin, Ermənistan prezidentinin iştirakı ilə işğal olunmuş ərazilərdə keçirdiyi hərbi təlimlər barədə heç bir məlumat vermir. Bu qüvvələr Vyana sənədi üzrə müvafiq inspeksiyalardan gizlədilir.
2014-cü ilin noyabrında dövlət başçılarının Paris görüşündən sonra Ermənistanın 40 000-dən artıq şəxsi heyətin, minlərlə hərbi texnikanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçirməsi, Ermənistan silahlı qüvvələrinə məxsus döyüş helikopterlərinin Azərbaycan silahlı qüvvələrinin mövqeləri üzərində hücum manevrləri etməsi Ermənistanın riyakarlığının və öz öhdəliklərini kobud şəkildə pozmasının növbəti açıq nümunəsidir. Hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın suveren ərazilərində həyata keçirilən təlim ATƏT-in Vyana 2011 sənədinin V fəslinin müddəalarına uyğundur".
Azərbaycanın keçirdiyi hərbi təlimlərlə bağlı Ermənistanın reaksiyaları nəyin əlaməti sayıla bilər?
Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan öz ərazisində istənilən hərbi təlimi keçirə bilər və bunun üçün kimdənsə icazə almamalıdır: "Biz bu cür addımlarımızla heç bir beynəlxalq konvensiyanın tələblərini pozmuş olmuruq. Hesab edirəm ki, ordumuzun döyüş qabiliyyətini, peşəkarlığını, təcrübəsini artıran hər bir təlimin gələcəkdə Qarabağ məsələsinin həllində müsbət təsiri olacaq. Bu təlimlər ona hesablanıb ki, əmr olunan zaman Azərbaycan Ordusu öz ərazi bütövlüyünü, suverenliyini təmin etməyi bacarsın. Biz təlimləri təlim xatirinə keçirmirik. Təlimlərdə məqsəd tapşırıqların praktiki şəkildə həyata keçirilməsini mənimsəməkdir. Azərbaycanın hazırda da keçirdiyi genişmiqyaslı hərbi təlimləri sırf ərazi bütövlüyümüzün təmin edilməsi ilə bağlı hazırlıqdır. Buna nə ermənilərin, nə də ki, başqlarının şübhəsi olmamalıdır. Eyni zamanda, kimsənin haqqı çatmır ki, buna görə Azərbaycanı nədəsə ittiham etsin. Ermənilərin hay-küyü isə tamamilə gülüncdür. O qədər harınlayıblar ki, az qalırlar desinlər Azərbaycan öz ərazisində hərbi təlim keçirən zaman Ermənistandan icazə almalıdır. Azərbaycan nə ermənilərə, nə də kənar hansısa başqa qüvvələrə əhəmiyyət vermir. Artıq təlimlərə çox uğurla start verilib. Hesab edirəm ki, hər təlimdə mənimsənilən təcrübədən Azərbaycan Ordusu işğal altındakı torpaqların azad olunması əməliyyatlarında istifadə edəcək. Çünki bu təlimlər yüksək səviyyədə keçirilir. Ermənilər bilirlər ki, biz bu təlimlərdə qazandığımız nəzəri və praktiki biliklərimizi Qarabağda işğalçı erməni hərbçilərinin üzərində nə vaxtsa sınaqdan keçirə bilərik. Ermənilər başa düşməlidirlər ki, bu təlimlər çox bahalıdır və xeyli vəsait tələb edir. Şəxsi heyətin saxlanması, döyüş texnikasının yanacaq və sürtkü maddələri ilə təmin edilməsi, silah-sursatın hər biri çox böyük vəsait tələb edir. Düşünürəm ki, işğalçı ermənilər bundan çox ciddi nəticə çıxarmalıdırlar və Azərbaycan ərazilərini tərk etməlidirlər. Azərbaycan Ordusu nəyə qadir olduğunu aprel döyüşlərində göstərdi. Təəssüflər olsun ki, vəziyyət gərginləşən kimi, bəzi ölkələr vasitəçilik missiyalarını işə salırlar. Hətta söz də verirlər ki, sülh yolu ilə problemin həllinə nail olacaqlar. Ortada isə heç bir nəticə yoxdur”.
Məhəmmədəli QƏRİBLİ