Aqşin Əliyev: “Onların aktivlik fazasının Azərbaycandakı həssas məqamları əhatə etməsi bu əməllərin arxasında deyilən güclərin durmasını da istisna etmir”
Azərbaycandan xarici ölkələrə sığınan azsaylı siyasi mühacirlər sırasında bütün mənəvi dəyərləri itirmiş bir zümrə formalaşıb. Yeni texnologiyaların verdiyi imkanlardan sui-istifadə edən həmin zümrə bütün əxlaqi dəyərləri unudaraq, öz tərbiyələrinə uyğun olan fəaliyyətlə məşğul olurlar.
Xüsusilə də bu fəallıq Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində daha da qızışıb. İndiyə kimi siyasi proseslərdən kiminsə tanımadığı bir qrup insan Avropanın müxtəlif şəhərlərində oturub ölkəmizə söyüş yağdırır, Azərbaycanın rəmzlərini və milli-mənəvi dəyərlərini təhqir edirlər. Təbii ki, bu əməli heç bir normal şəxs edə bilməz. Hətta uzun illərdir ömrünü müxalifət cameəsində keçirən vətəndaşlarımızdan da biz analoji addımları görməmişik. Onların etdiyi əməlləri yalnız mənəviyyatı dəyişmiş manqurtlar təkrarlaya bilər. Bu səbəbdən də ortaya müxtəlif suallar çıxır. Görəsən həmin azsaylı mühacirləri öz ölkəsinin milli-mənəvi dəyərlərini, simvollarını təhqir etməyə nə vadar edir? Həmin adamlar Azərbaycanı istəməyən xaricdəki düşmən qüvvələrin təsiri altına düşüblər, yoxsa onlar Azərbaycana qayıtmaq və burada yaşamaq kimi ümidlərini tam itirdikləri üçün belə edirlər? Bəlkə xaricə sığınan və bunu edənlərin öz milli kimlikləri və köklərində də bir qarışıq var? Öz ölkəsinin atributlarını, dəyərlərini təhqir etməkdən utanmayanları bu göstəricilərin hansına şamil etmək olar?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, son zamanlar həmin adamların etdiyi hərəkətlər heç bir əndazəyə sığmır: “İnsanların müxalif mövqedə olması heç bir ölkə üçün problem yaratmır. Bu da demokratiyanın bir nümunəsidir və hesab edirəm ki, hər bir müxalif fərd və ya qurum sözsüz olaraq öz ölkəsinin milli dəyərlərinə, atributlarına bağlı olur, onlara sonsuz sayğı ilə yanaşır. Ancaq sizin dediyiniz kateqoriya insanların etdiyi əməllər tamamilə fərqlidir və heç bir etik kriteriyaya sığmır. Onların belə azğın yola düşməsinin bir çox səbəbləri var. Təbii ki, sizin sadaladığınız parametrlərin hamısı ora aiddir. Əvvəla belə adamların Azərbaycanı sevməyən dairələrin əlində oyuncağa çevrilməsi danılmaz faktdır. Çünki onların aktivlik fazasının Azərbaycandakı həssas məqamları əhatə etməsi bu əməllərin arxasında deyilən güclərin durmasını da istisna etmir. Azərbaycanda yaşamaq ümidini itirmək məsələsini isə bir qədər fərqli aspektdən izah edərdim. Onlar burada əməli fəaliyyətlə məşğul olmayıblar. Ora qazanc və zəhmətsiz gəlir dalınca gediblər. Onları bura özünə çəksəydi, belə mənəviyyatsızlıq etməzdilər. Əksinə, çalışırlar ki, maksimum özlərini radikal kimi göstərib yerlərini daha da möhkəmləndirsinlər. Sabah sığındığı ölkəyə desinlər ki, amandır, baxın, mən oradakı bütün atributları təhqir etmişəm, ora getsəm, aqibətim pis olacaq. Yəni özlərini söyüş alətinə məqsədli şəkildə çeviriblər. Milli kökü, mənəviyyatı təmiz olan adam təbii ki, belə addımları atmaz. Ən azından, auditoriya qarşısına çıxıb uşaqların, qadınların, özündən böyüklərin qarşısında küçə söyüşləri işlətməz. Bunun adı sapıqlıqdır. Onlar kökdən, mənəviyyatdan uzaq düşüblər. Ancaq onların içində normal ailələrin övladları olanı da az deyil. Bunu nəyə görə deyirəm? Çünki bəzilərinin yaxın qohumlarının, valideynlərinin onlardan necə imtina etdiklərinin, öz övladlarını necə lənətlədiklərinin də şahidi olmuşuq”.
Məhəmmədəli QƏRİBLİ