Məhəmməd Əsədullazadə: “Reallıq ondan ibarətdir ki, Ermənistan regional nəqliyyat blokadasındadır və bu ölkənin Bakı-Tiflis-Qars dəmir yolu xəttinə girişi bloklanıb”
Azərbaycanın siyasi-iqtisadi cəhətdən Cənubi Qafqazda lider ölkə olması regionda həyata keçirilən bütün layihələrdə rəsmi Bakının mövqeyinin nəzərə alınması zərurətini ortaya qoyur. Bu bir reallıqdır ki, Azərbaycan iki qitə arasında nəqliyyat və enerji dəhlizlərinin kəsişməsində yerləşir. Azərbaycanın istənilən layihənin həyata keçirilməsində iqtisadi gücə sahib olması ölkənin regionda həlledici rolunu şərtləndirən başlıca faktordur.
Bütün bunların nəticəsidir ki, Azərbaycan Ermənistanı apardığı işğalçılıq siyasətinə görə regionda həyata keçirilən böyük layihələrdən təcrid edib. Bu günlərdə Azərbaycan bunu bir daha bütün dünyaya sübut etdi.
Belə ki, Azərbaycan nümayəndə heyəti TRASECA-nın (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) hökumətlərarası komissiyasının İrəvanda keçirilən 13-cü iclasında iştirak edib və qarşısına qoyulan bütün hədəflərə nail olub. Bu barədə mətbuata açıqlama verən müvafiq mənbənin sözlərinə görə, Azərbaycan nümayəndə heyəti qarşısında bir sıra vacib məsələlər dayanıb: “Məsələlərdən biri TRASECA baş katibi seçkilərinin baş tutmasına imkan verməmək idi. Məsələ ondadır ki, qaydalara əsasən, baş katib iki və ya üç il müddətinə seçilir, komissiyanın növbəti iclası isə 2019-cu ildə Bakıda keçirilməlidir. Ona görə də seçkilər İrəvanda keçirilsəydi, seçilən namizəd həm Ermənistan, həm də Azərbaycanın sədrliyi dövründə baş katib olacaqdı. Bunun Azərbaycanın maraqlarına uyğun gəlmədiyi qərara alındı. İrəvanda seçilən baş katib, böyük ehtimalla, Ermənistanın maraqlarına xidmət edəcəkdi. Amma görülən iş sayəsində seçkilər baş tutmadı və hazırkı baş katibin sədrlik müddəti daha bir il uzadıldı”.
Məlümat üçün qeyd edək ki, TRASECA Avropa İttifaqı ilə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya tərəfdaş ölkələri arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır. Azərbaycanın Ermənistanın sözügedən layihə ilə bağlı planını heçə endirməsinə ekspertlər necə yanaşırlar?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bunu Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirdi: “TRASECA-nın İrəvanda keçirilən 13-cü iclasında Azərbaycan nümayəndə heyətinin iştirakı hesab edirəm ki, uğurlu olub. Məsələ ondadır ki, İrəvanda Ermənistanın maraqlarına uyğun olan layihənin qəbul edilməməsi və baş katibin seçilməsinə imkan verilməməsini Azərbaycanın diplomatik qələbəsi kimi dəyərləndirmək olar. Təbii ki, Ermənistanda seçilən baş katib bu ölkənin maraqlarına xidmət edə bilərdi. Ona görə də bunun qarşısını almaq çox vacib idi. Azərbaycan da çevik diplomatik siyasət həyata keçirərək buna nail oldu. Bu baxımdan sözügedən hadisəni Azərbaycanın diplomatik uğuru saymaq olar. Reallıq ondan ibarətdir ki, Ermənistan regional nəqliyyat blokadasındadır və bu ölkənin Bakı-Tiflis-Qars dəmir yolu xəttinə girişi bloklanıb. TRASECA layihəsində əsas ölkə olan Azərbaycan böyük iqtisadi və infrastruktur imkanlara sahib dövlətdir. Ona görə də Azərbaycan tərəfindən Ermənistanın bu layihədə moderatorluğunun qarşısı alınır. Bakıda keçirilən konfransda baş katib seçilərsə, neytral siyasət apararaq regionda nəqliyyat imkanlarının genişlənməsinə töhfə verəcək. Son illər Azərbaycan Qərblə Şərqi birləşdirən əsas nəqliyyat qovşağıdır. “Şimal-Cənub” nəqliyyat dəhlizi və Bakı-Tiflis-Qars dəmir yolu dəhlizinin uğurlu icraçısıdır. Azərbaycan TRASECA-da yer almaqla bu qurumun inkişafında rol oynayan əsas ölkədir. Göründüyü kimi, Ermənistanın işğalçılıq siyasəti və regional layihələrdən təcridi təşkilatın bu ölkədə keçirilən baş katib seçkilərində Ermənistan nümayəndəsinin seçilməsini fiaskoya uğratdı. Bu bir daha Azərbaycanın uğurudur və ölkənin gücünü ortaya qoyur”.
Vidadi ORDAHALLI