Qulu İsmayılov: “Həmin ölkədə iqtisadiyyat deyilən nəsə qalmayıb”
ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz erməni nəşrlərindən birinə verdiyi müsahibədə bildirib ki, Ermənistanla onların ticarət münasibətlərinin dərinləşməsi üçün hələ çox işlər görülməlidir: “Ermənistanda olan korrupsiyanın forması və məzmunu ABŞ-dan olan iş adamlarını bura ilə əməkdaşlıq etməkdən çəkindirir. Məhz buna görə də bazarlar bağlanır, qeyri- sağlam rəqabət mühiti yaradılır. Hesab edirəm ki, bu mühitdən sui-istifadə halları Ermənistan hakimiyyətindəki sağlam olmayan idarəetmədən qaynaqlanır”.
Ermənistan mətbuatının özündə səfirini çıxışı ilə bağlı maraqlı rəylər verilir. Xüsusilə belə nəticəyə gəlinir ki, ABŞ səfiri ik dəfədir Ermənistanla bağlı olduqca sərt ifadələr işlədir. Burdan isə bu nəticəyə gəlmək olar ki, ABŞ hakimiyyəti Ermənistandakı korrupsiyanı sistemli sayır və bunun həlli yolunu hakimiyyət dəyişikliyində görür. Xüsusilə də belə bir qənaətə gəlinir ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra ABŞ Ermənistanla daha dərin ticarət əlaqələri quracaq, hətta investisiya həcmini artıracaq. Bu iddiaları nə dərəcədə əsaslı saymaq olar?
İqtisadçı Qulu İsmayılovun sözlərinə görə, bu, Ermənistanda sistemli korrupsiyanın olması ilə bağlı mötəbər şəxslərin səsləndirdiyi ilk fakt deyil: “Yadınızdadırsa, bir müddət əvvəl də ABŞ səfiri buna bənzər bəyanatla çıxış etdi. Həmin vaxt söhbət Ermənistanın elektroenergetika sferasına ABŞ-ın yatırtmaq istədiyi milyardlıq investisiyadan gedirdi. Onda da Milz demişdi ki, əvvəlcə bu sahədə olan monopoliya aradan qaldırılmalıdır. Üstündən xeyli müddət keçməsinə baxmayaraq, o, eyni fikri, lakin bir qədər də sərt formada səsləndirir. Biz analoji məzmunda çağırışları Ermənistanın xaricdəki diaspor fəallarının da dilindən eşitmişik. Onlar da öz soydaşlarını Ermənistana investisiya qoymamağa çağırırdılar. Bunu da Sarkisyan hakimiyyətinin quldur olması ilə izah edirdilər. ABŞ səfirinin bu açıqlamanı Ermənistanın özünə yeni prezident seçməsindən sonra verməsi də təsadüfi deyil. Çünki ABŞ gözəl bilir ki, bu dəyişiklik kosmetik xarakter daşıyır və ölkədəki idarəetmənin mahiyyəti dəyişən deyil. Faktiki olaraq köhnə komanda və onlara bağlı olan oliqarxlar meydanda qalırsa, hansı islahatdan söhbət gedə bilər? Ermənistanda normal mühit olsa belə, ora sərmayə qoyuluşu rentabelli sayılmır. Çünki həmin ölkədə iqtisadiyyat deyilən nəsə qalmayıb. Bu baxımdan da ABŞ-la Ermənistan arasındakı iqtisadi münasibətlərdə hansısa yenilikləri gözləmək mümkün deyil”.
Məhəmmədəli QƏRİBLİ