Rauf Zeyni: “Hesab edirəm ki, onların müşahidə missiyası ilə bağlı açıqladığı say bizim üçün də məqbul sayılacaq”
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aprelin 11-də keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbərinin adı açıqlanıb. Qurumdan verilən məlumata görə, missiyaya Corien Jonker başçılıq edəcək. Məlumatda qeyd olunub ki, ATƏT DTİHB-nin uzunmüddətli müşahidə missiyasının başlanması ilə bağlı martın 9-da Bakıda mətbuat konfransı keçiriləcək.
Xatırladaq ki, ATƏT DTİHB-nin qiymətləndirmə missiyası bu ilin fevral ayında Azərbaycanda səfərdə olub. Qurum büroya aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçi missiya göndərməyi tövsiyə edib.
Onların hazırladığı hesabatda Azərbaycana səsvermə günü seçki prosesini izləmək üçün 280 nəfər (qısamüddətli müşahidəçilər), eləcə də 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib.
Qeyd edək ki, bundan əvvəl sözügedən qurum Azərbaycanda seçkiləri monitorinq etməklə bağlı istədiyi sayda müşahidəçi göndərilməsi barədə tələblər irəli sürürdü. Onların hazırladığı hesabatdakı müşahidəçi sayı Azərbaycan üçün məqbul sayıla bilərmi?
Milli Qeyri-Hökümət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə bildirdi ki, çox təəssüflər olsun ki, bəzən bizdə seçkilərin beynəlxalq müşahidəsi ilə bağlı yanlış təəssürat yaradılmağa çalışılır: “Bilirsiniz ki, Azərbaycan müstəqilliyə qovuşandan indiyə kimi ölkədə çoxlu sayda müxtəlif təyinatlı seçkilər keçirilib. Son illər ərzində seçkilərin təşkili, onların keçirilməsi üçün texniki təchizat dünyaya nümunə ola biləcək səviyyədədir. ATƏT də daxil olmaqla, bütün beynəlxalq müşahidəçilərin seçkilərlə bağlı rəylərinə baxın. Onların hamısında seçkilərin şəffaf və ədalətli keçirildiyi qeyd edilir. Çox az sayda rəylərdə biz seçkilərlə bağlı neqativ fikirlərə rast gələ bilərik. Həmin kiçik tənqidlər isə xırda texniki məsələlərlə bağlı olub ki, bu da normaldır. Çünki ən ideal şəkildə, heç bir xırda nöqsan olmadan seçkini keçirmək heç bir ölkəyə nəsib olmayıb. Bir daha xatırlatmaq istəyirəm ki, seçkiləri biz Azərbaycan dövləti, xalqımız üçün keçiririk. Hansısa qurumun bizim barədə nə söz deyəcəyi isə ikinci dərəcəli məsələdir. Təbii ki, söhbət qərəzli münasibətlərdən gedir. Çünki bizdəki seçkilərlə bağlı həddən artıq neqativ fikirlərin səslənməsi yalnız qərəzdən irəli gələ bilər. Ölkədə olan 5 mindən artıq məntəqənin 100-dən artığındakı səsverməni biz canlı izləyə bilərik. Bundan artıq nə şəffaflıq olmalıdır? Buna baxmayaraq, Azərbaycan Prezidentinin imzaladığı bütün qanun və sərəncamlarda seçkilərin ədalətli keçirilməsi ilə bağlı istək nəzərə çarpır. Dediyiniz missiyaya gəldikdə isə, onlar da burdakı seçkiləri daim müşahidə ediblər. Nə rəy vermələrindən asılı olmayaraq, Azərbaycan hər zaman onlara qapısının açıq olduğunu bəyan edib. Bizim hansı sayda müşahidəçinin gəlməsilə də bağlı problemimiz yoxdur. Hesab edirəm ki, onların müşahidə missiyası ilə bağlı açıqladığı say bizim üçün də məqbul sayılacaq. Çünki həmin təsisatın nümayəndələri bir müddət əvvəl Azərbaycanda oldular. Çox güman ki, qurumun verdiyi bəyanatdakı say əvvəlcədən razılaşdırılıb. Ümumiyyətlə, seçkilərə güclü beynəlxalq diqqət var. Yəqin ki, seçkilərin keçirildiyi vaxt siz burada çoxlu sayda beynəlxalq müşahidəçi missiyasını görəcəksiniz”.
Məhəmmədəli QƏRİBLİ