Suriyada mövqeləri tam sıxışdırılan, İraqda ciddi zərbələr alan İŞİD terror qruplaşmasının yeni ərazilərə, o cümlədən Mərkəzi Asiya və Qafqaza köç məsələsi yenidən aktuallaşıb. Yaxın Şərqdə mövqeləri ABŞ-la kəskin şəkildə toqquşan Rusiya və İranda hesab edirlər ki. hadisələrin bu səpkidə inkişafına əsas səbəb həm də Vaşinqtonun bölgədə həyata keçirdiyi siyasətdir.
MDB-yə üzv ölkələrin Antiterror Mərkəzinin rəhbəri Andrey Novikov yaranmış vəziyyətdə vurğulayır ki, artıq Əfqanıstan və Pakistanda İŞİD terror qruplaşmasının yeni bazaları formalaşır. O bildirib ki, İŞİD-in əsas döyüş bölmələri zərərsizləşdirildikdən sonra qalan üzvləri digər regionlara köç edib: "Hazırda artıq istifadə edilmiş Suriya və İraq əvəzinə Əfqanıstan və Pakistanda bazalar formalaşır. İŞİD faktiki olaraq yenilənir və qlobal dini-siyasi layihə və hərbi-siyasi model kimi qorunur. Əfqanıstana terrorçuların tranziti İraq və Suriyakı kimi həyata keçirilir. Tərəfdaşlarımızdan əldə etdiyimiz məlumata görə, yaxın gələcəkdə İŞİD Əfqanıstanda aktivləşəcək. Bu terror təşkilatı heroin trafikinə nəzarəti ələ keçirməyə cəhd edəcək”. O, İŞİD-in artıq MDB ərazisinə qayıtmağa başladığını da qeyd edir. Novikov bu terrorçular sayəsində Şimali Qafqaz və Mərkəzi Asiyadakı İŞİD hücrələrinin gücləndirildiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyi ikinci Asiya şöbəsinin direktoru Zamir Kabulov isə İŞİD döyüşçülərinin Mərkəzi Asiyaya hücum etməyə başlayacağı anda region ölkələrini yatıb qalmamağa çağırır. Onun sözlərinə görə, İŞİD döyüşçülərinin Mərkəzi Asiyaya hücum ssenarisinin reallaşma təhlükəsi artıb. Rusiyalı diplomat vurğulayıb ki, İŞİD Əfqanıstana amerikalılara qarşı cihad üçün gəlməyib: “İŞİD bu ölkəyə Mərkəzi Asiyaya sonrakı ekspansiya üçün müharibə meydanı yaratmaq üçün gəlib. Bu çox ciddi məsələdir. Mən demirəm ki, onlar artıq Mərkəzi Asiyaya hücum edir, onlar buna hazırlaşır. Biz bu anda yatıb qalacağıqsa, onda həqiqətən Amu-dərya və Pyanj çayları üzrə sərhəddə MDB və KTMT-dəki müttəfiqlərimizlə böyük gücdən istifadə etməli olacağıq”. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri isə bildirib ki, Əfqanıstanda terror fəallığının artması ABŞ-ın İŞİD döyüşçülərini bu ölkəyə göndərməsi ilə bağlıdır: “Amerikalılar gördülər ki, İŞİD İraq və Suriyada tutduğu əraziləri itirdi, döyüşçüləri müxtəlif yollarla Əfqanıstana daşıdılar. Biz Əfqanıstanda partlayışlar, terror və yeni cinayətlərin şahidi oluruq”.
Daha əvvəl İranın keçmiş müdafiə naziri Əhməd Vahidi bildirib ki, Qərb gücləri İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətindən sonra döyüşçüləri Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirir: “Qərb gücləri İŞİD-i dəstəkləyərək onun İraq və Suriyada məğlub olmamasına çalışırdılar. Amma bu ölkələrdə İŞİD-in məğlubiyyətindən sonra terror qruplaşmasının üzvlərini Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirirlər”.
Qeyd edək ki, İŞİD terror qruplaşmasının İraq və Suriyada aldığı hərbi məğlubiyyətlər cihadçıları taktikanı dəyişməyə məcbur edir. Qiymətləndirmələrə görə, yaxın perspektiv üçün terrorçuların bazası yerini Əfqanıstana dəyişə bilər. Hakimiyyətin radikalların öhdəsindən gələ bilmədiyi bu ölkədə terrorçuların fəaliyyəti üçün münbit şərait var. Əfqanıstanda İŞİD-in mərkəzinin yaranması postsovet sərhədləri, xüsusilə Rusiya üçün təhlükə təşkil edir. Yeni ərazilərdə terrorçuların kontingentinin bir hissəsini etnik özbəklər təşkil edir. Mərkəzi Asiyadan gəlmələr 2017-ci ildə dəfələrlə Rusiyada terror aktlarına hazırlıqda ittiham olunaraq saxlanıb.
Yaxın Şərq və Afrika üzrə rusiyalı ekspert Qriqoriy Lukyanov bildirib ki, postsovet məkanına coğrafi baxımdan yaxın olan Əfqanıstan İŞİD-in sağ qalmağı bacaran hissəsinin əsas mərkəzinə çevrilir: “Bu ölkədə çıxılmaz vəziyyət yaranıb. Nə hakimiyyət, nə də “Taliban“ onların rəqibi olan İŞİD-in öhdəsindən gəlmək üçün resurslara malikdir. “Xilafət”in tərəfdarları ölkənin müxtəlif hissələrində narkotrafik və qaçaqmalçılıq axınları üzərində nəzarəti təmin edib. Yaxın perspektivdə Əfqanıstanda İŞİD-i həm hərbi, həm də iqtisadi nöqteyi-nəzərdən heç nə təhdid etmir. Suriya və İraqda məğlub olan bəzi cihadçılar bu qruplaşmaya qoşula bilər”. İŞİD-in İraq və Suriyadan Mərkəzi Asiyaya “köçməsi” isə regiona yaxın olan Azərbaycan üçün də təhlükənin olduğunu deməyə əsas verir. Ən azından o mənada ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə sıx iqtisadi münasibətlərə malikdir. İŞİD-in burada destabil vəziyyət yaratması isə bu münasibətlərə təsirsiz ötüşməyəcək. Digər tərəfdən, İŞİD həm İran, həm də Şimali Qafqaza soxulmağa çalışır. Hər iki tərəfin Azərbaycanla qonşu olması da ölkəmiz üçün müəyyən təhdidlərin yaranması deməkdir.
Tahir TAĞIYEV