Hərb müstəvisində Azərbaycanın Ermənistandan dəfələrlə üstün olması fonunda İrəvanı qorxudan əsas məqamlardan biri Qarabağ konfliktinin güc yolu ilə həll oluna biləcəyidir. Məhz bu vəziyyətdə Ermənistan kifayət qədər sarsıdıcı zərbə alacağını yaxşı bildyindən, indi əsas diqqətini yeni Qarabağ savaşının başlamamasına yönəldib.
Bunun üçün işğalçı ölkə hamilərinə yenə minnətçi düşüb və əsas ümidini həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bağlayıb. Amma erməni mediasının yazdıqlarından belə bəlli olur ki, KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun son açıqlamaları İrəvanda çox böyük məyusluq yaradıb.
“KTMT üzvü olan ölkələr üçün başlıca hərbi təhdidlər” mövzusunda keçirilən telekörpü zamanı general bildirib ki, Qarabağda hərbi əməliyyatlar başlasa, KTMT hərbi bloku erməni tərəfinə kömək göstərməyəcək. Onun sözlərinə görə, qondarma “DQR” bu bloka üzv “ölkə” deyil: “KTMT kollektiv müdafiə barədə müqaviləni Ermənistanla bağlayıb və deməli, ancaq İrəvan qarşısında konkret öhdəlikləri var. Ermənistan vətəndaşları əmin ola bilərlər ki, zərurət yaransa, KTMT onları darda qoymayacaq”.
General Sidorov qeyd edib ki, KTMT bloka üzv olan bu və ya digər ölkənin cəlb olunduğu hərbi münaqişəyə qarışmaq səlahiyyətində deyil. Bunun üçün kömək barədə müraciət olmalıdır. NATO isə üzv ölkələrdən müraciət gözləmədən onlara hərbi dəstək verir. Sidorovun sözlərinə görə, bu heç də korrekt deyil və NATO üzvü olan ölkələrin suverenliyini pozur. Bundan əvvəlki açıqalmalarında da Sidorov bildirib ki, KTMT-yə üzv ölkələr başqa ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirir, o cümlədən, Ermənistanın əsas rəqibi Azərbaycanla: “Bu ölkələrin liderləri vəziyyətin ciddiliyini dərinliyilə anlayır. Söhbət, xüsusilə Bakının ən böyük hərbi-texniki tərəfdaşı olan Rusiya və Belarusdan gedir. KTMT-nin bəzi ölkələrinin Azərbaycanla niyə hərbi əməkdaşlıq etdiyinə dair suala birmənalı cavabım yoxdur. Lakin ümid edirəm ki, münaqişə tərəfləri, həmçinin beynəlxalq vasitəçilər Dağlıq Qarabağ məsələsində sülhə nail olacaq. Mən hərbiçiyəm, lakin əminəm ki, münaqişənin həlli yalnız sülh yolu ilə mümkündür”. Rusiyalı general Moskvanın Azərbaycana silah satması haqda suala rus atalar sözü olan “müqəddəs yer boş qalmır” sözləri ilə cavab verib: “ Bakının silah almaq arzusu və pulu varsa, ona silah satanlar həmişə tapılacaq”. Erməni mediası yazır ki, bütün bunlar İrəvanın KTMT-yə ümidlərinin əslində boş olduğunu göstərir.
Erməni siyasi şərhçi Aram Sarkisyan bildirir ki, əslində KTMT-yə bəslənən ümidlərin boş olması əvvəldən məlum idi: “Bu quruma üzvlük Ermənistan üçün hansısa üstünlüklər yaratmır. Bizim əsas gözləntilərimiz Qarabağ münaqişəsində qurumdan dəstək almaq idi. Amma 2016-cı ilin aprel döyüşləri bütün bunların əbəs olduğunu göstərdi. İndi də KTMT-nin birləşmiş qərargahının rəisi Anatoli Sidorov açıq bildirir ki, qurum Qarabağ konfliktinə müdaxilə etməyəcək. Bu, Ermənistan üçün məyusedicidir. Digər tərəfdən nəzərə alaq ki, KTMT-də bəzi üzvlər Azərbaycanla əməkdaşlığı Ermənistanla əlaqələrdən daha üstün sayır“. Onun bu mövqeyi rusiyalı hərbi təhlilçi Pavel Felgenhauer tərəfindən də qəbul olunur: “Əslində, KTMT bir dövlətin ətrafında yaradılmış ittifaqdır. Hərbi əməliyyatlar baş verərsə, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın Qarabağ münaqişəsi zonasına öz qoşunlarını göndərəcəklərini düşünmək çətindir. Digər tərəfdən nəzərə alaq ki, Ermənistan istisna olmaqla, KTMT-də digər üzvlər Azərbaycanla əməkdaşlıqda xüsusilə maraqlıdır. İrəvan bunu nəzərə almalıdır“.
Xatırladaq ki, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan kimi ölkələr KTMT və Avrasiya İqtisadi İttifaqında Ermənistanla birgə təmsil olunmalarına baxmayaraq, Dağlıq Qarabağ məsələsində həmişə açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyiblər. Hətta 2015-ci ildə Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv seçilərkən prezident Nursultan Nazarbayev Dağlıq Qarabağ məsələsini gündəmə gətirdi və Azərbaycana açıq dəstək verdi. 2016-cı ildə “aprel müharibəsi” zamanı da Astana və Minsk Bakını sona qədər dəstəklədi. Bu tarixi təcrübə fonunda İrəvan narahatlığını gizlətmir. KTMT-nin özünün Qarabağ konflikti ilə bağlı son bəyanatında isə qeyd olunur ki, təşkilat münaqişənin tənzimlənməsi ilə bağlı 2016-2017-ci illərdə Vyana, Sankt-Peterburq və Cenevrədə keçirilən zirvə toplantılarında vəziyyətin gərginləşdirilməməsi, atəşkəs rejiminin qorunması, münaqişə bölgəsində gərginliyin azaldılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi və danışıqlar prosesinin intensivləşməsi ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir. Ermənistanı narazı salan isə qurumun onu açıq şəkildə dəstəkləməməsidir. İrəvan diqqəti ona yönəldir ki, KTMT hərbi alyansdır və burada Ermənistanın hərbi-siyasi müttəfiqləri ona açıq şəkildə dəstək verməlidir. Amma göründüyü kimi, KTMT üzvləri daha çox Azərbaycana dəstək nümayiş etdirir. Elə İrəvanı da narazı salan budur və Ermənistan indiki vəziyyəti özü üçün fiasko sayır.
Tahir TAĞIYEV