Ərazilərmizin bir hissəsini hələ də işğal altında saxlayan Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş müharibə cinayətlərinin sayı kifayət qədər çoxdur. Onlardan biri də məlum Sumqayıt hadisələridir və Ermənistan, eləcə də SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş bu təxribata əl atmaqla düşmən tətəf sübut etməyə çalışdı ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil.
Halbuki, sonrakı araşıdmalara əsasən, Sumqayıtdakı iğtişaşların əvvəlcədən hazırlanmış ssenari üzrə erməni separatçı qüvvələri tərəfindən törədildiyi üzə çıxdı. Amma ilkin istintaq o dövrdə əsl cinayətkarların tapılalaq üzə çıxarılması, lazımi cəzaya məhkum edilməsinə imkan vermədi. SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını etiraf edir.
Artıq bilindiyi kimi, qeyd olunan cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Prezident İlham Əliyevin göstərişi və Azərbaycan Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirilib. İstintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edilib. Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qanunsuzluğunu dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının mümkünsüzlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar.
Aparılan yeni istintaq bir daha təsdiq edir ki, həmin təxribatın törədilməsində SSRİ DTK-nın məqsədi imperiyanın əyalətlərində vəziyyəti gərginləşdirərək güclənən mərkəzdənqaçma meyllərini dayandırmaq, sərt repressiya metodlarına əl atmağa bəraət qazandırmaq və güclü mərkəzi Sovet hakimiyyəti olmadan Sovet respublikalarının müstəqil yaşaya bilməyəcəklərini nümayiş etdirmək olub. Elə bunun nəticəsi idi ki, Sumqayıt hadisələrinə bənzər iğtişaş və təxribatlar DTK tərəfindən Qırğızıstanda Oş, Özbəkistanda Fərqanə, Gürcüstanda Tiflis, Litvada Vilnüs hadisələri olaraq təşkil olunmuşdu. Konkret Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi barədə məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış istintaq zamanı əldə edilmişdi. Bununla bağlı kifəyət qədər ifadələr olduğu halda, bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmayıb, əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar ört-basdır edilib. Azərbaycanın hüquq-mühafizə orqanlarının bu barədə sorğularına isə Ermənistandan və Moskvadan mücərrəd, heç bir informasiya yükü daşımayan cavablar göndərilib. Düzdür, Sumqayıt hadisələri ilə əlaqədar SSRİ Prokurorluğunun ittifaqın müxtəlif respublikalarından və hüquq-mühafizə orqanlarından 200-ə yaxın müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən olduqca böyük həcmdə material toplanıb, bir çox şəxslər məsuliyyətə cəlb edilib. Lakin hadisələrlə bağlı istintaqın lap əvvəlindən hadisələrdə zərər çəkənlərin guya ermənilər, təqsirkarların isə azərbaycanlılar olması barədə irəli sürülmüş əsassız fərziyyə istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olub. Yalnız ölkəmizdə 8 il əvvəl yaradılan istintaq-əməliyyat qrupu xeyli həqiqətələrin üzə çıxmasına nail olub. Məhz yeni istintaq əməliyyatları göstərir ki, Sumqayıtda hadisələr baş verən dövrdə 18 min nəfərdən artıq erməni yaşadığı halda, cəmi 26 nəfər erməninin öldürülməsi yalnız azərbaycanlıların öz erməni qonşularını fədakarcasına müdafiə etmələri, qorumaları və gizlətmələri nəticəsində mümkün olub. Erməni qətllərinin əksəriyyətini isə Ermənistanın xüsusi xidmət orqanlarına bağlı şəxslər həyata keçirib.
Aparılan yeni istintaq zamanı Sumqayıt şəhərində yaşayan milliyyətcə erməni qadınlar da dindirillib və onlar ifadələrində azərbaycanlıların həmin hadisələr zamanı yüzlərlə erməninin həyatını xilas etdiyini göstərib. Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr hazırlanmış təxribat planına uyğun olaraq, daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib. Erməni tərəfinin Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi barədə iddialarını bu gün də davam etdirməsinə baxmayaraq, qeyd edilən cinayət işləri öyrənilərkən müəyyən edilib ki, Sumqayıt hadisələri ilə əlaqədar şəhərə qoşun hissələri yeridilərkən 5 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda cinayət işi istintaq olunub. Amma sonradan yuxarıdan gələn sifariş əsasında işin icraatına əsassız olaraq xitam verilib. İndinin özündə də Ermənistan və erməni lobbi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən ölkəmizə qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin, onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədildiyi kifayət təkzibedilməz faktlarla sübuta yetirilib. Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq-əməliyyat qrupunun üzvü, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Nadir Mirzəyev bildirir ki, aparılan yeni İstintaq zamanı maraqlı bir fakt da üzə çıxıb. Belə ki, erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra hələ SSRİ mövcud olduğu zaman 1991-ci il avqustun 26-da İrəvandakı 1 saylı istintaq təcridxanasına köçürülüb: “Ortaya sual çıxır ki, hansı “xidmətlərinə” görə Eduard Qriqoryan Ermənistana təhvil verilib? 2015-ci il fevralın 9-da Eduard Qriqoryanın 2000-ci il sentyabrın 1-nə kimi qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilib”.
Onu da qeyd edək ki, Eduard Qriqoryanın faktiki yaşadığı ünvanın operativ kanallarla müəyyən olunmasına və ictimaiyyətə bu barədə məlumat verilməsinə baxmayaraq, o, Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində azadlıqda yaşamaqda davam edir. Nadir Mirzəyev xatırladır ki, yeni istintaqla Sumqayıt şəhərində yaşayan ermənilərin böyük bir hissəsinin “Krunk” cəmiyyətinə pul vəsaiti köçürdüyu müəyyən edilib. Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağda fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olduğu halda, birinci mərtəbələrdə yerləşən erməni millətindən olan sakinlərin evlərinə daxil olmayaraq, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum edib. Sonradan məlum olub ki, hücuma məruz qalmayan evlərin sahibləri “Krunk” cəmiyyətinə vaxtlı-vaxtında pul vəsaitləri köçürənlərdir. Şahidlərin ifadələri ilə müəyyən edilib ki, “Krunk” cəmiyyətinə pul köçürən ermənilərin evləri hücuma məruz qalmayıb. Hətta müəyyən edilib ki, erməni millətindən olan musiqiçilər belə, toy və digər tədbirlərdən əldə etdikləri pul vəsaitinin bir hissəsini “Krunk” cəmiyyətinə köçürüblər.
Elə indinin özündə də hadisələrlə bağlı fəaliyyət, istintaq araşdırmaları davam edir. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirir ki, hazırda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən qeyd olunan iğtişaşların bütün təşkilatçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir: “Ermənistan silahlı qüvvələri və bu ölkənin digər hərbi birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində, eləcə də erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıt şəhərində törədilmiş cinayətlərlə əlaqədar Baş Prokurorluğun veb-saytında “Sumqayıt hadisələri” bölməsi fəaliyyətdədir. Həmin bölməyə daxil olmaqla istintaq materialları, eyni zamanda, erməni vəhşiliklərini özündə əks etdirən bir neçə dilə tərcümə olunmuş filmlərlə tanış olmaq mümkündür”.
Hesab edilir ki, Sumqyaıtda 30 il əvvəl baş tutan məlum iğtişaşların bütün sifarişçi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri mütləq öz nəticəsini verəcək. Bütün bunlar həm də Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdıırlması baxımından çox önəmli sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.