Arzuxan Əlizadə: “Hazırkı iqtisadi imkanlar hesabına belə bir qurumun saxlanması ölkə büdcəsi üçün əlavə yükdür”
Ermənistanda baş nazir seçkilərinin yaxınlaşması son 10 ildə formalaşmış siyasi qüvvələr nisbətinin dəyişməsi ilə nəticələnə bilər. Hakimiyyət daxilində mərkəzdənqaçma meyllərinin artması və müxalifət düşərgəsində baş verən yerdəyişmələr seçki prosesinin sakit keçməyəcəyini göstərir. Bu isə əsasən iki səbəblə izah oluna bilər: birincisi, prezident Serj Sarkisyanın nüfuzunun xeyli zəifləməsi və ölkədə Qarabağ klanından narazılığın artması. Sarkisyan 2008-ci ildən bəri Ermənistanda yoxsulluq, işsizlik və immiqrasiya problemlərinin qarşısını ala bilən ciddi addımlar atmayıb.
Üstəlik, 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə Dağlıq Qarabağda məğlub duruma düşməsi Ermənistan prezidentinin əleyhdarlarının sıralarını genişləndirib. İkinci amil kimi Ermənistanın parlament üsul-idarəsinə keçməsini qeyd etmək olar. Ermənistanda hökumət ilk dəfə parlamentdə səs çoxluğunu qazanmış siyasi partiya tərəfindən formalaşdırılacaq. Bu da, öz növbəsində, Ermənistanda siyasi fəallığın artmasına təkan verəcək.
Təbii ki, Serj Sarkisyan bütün seçkilərdə olduğu kimi, bu dəfə də saxtakarlığa əl ataraq baş nazir kürsüsünə oturacaq. Zatən, parlamentar sistemə keçidin kökündə bu niyyət dayanır. Ona görə də Ermənistanda idarəetmə üsulu dəyişsə də, siyasi idarəetmə sistemi dəyişmədiyindən, bundan sonra ölkədə hansısa ciddi dəyişikliklərdən və yaxud islahatlardan danışmağa dəyməz. Çünki hazırkı hakimiyyət sadəcə qiyafəsini dəyişir. Bütün bunlara baxmayaraq, ölkədəki iqtisadi vəziyyətin pisləşməkdə davam etməsi narazılıqları artıracaq. Onsuz da ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı gözləntilər yaxşı deyil.
O da məlum olub ki, parlamentdə qurulacaq hökumət baş nazir, baş nazirin 3 müavini və 17 nazirdən ibarət olacaq. Bu barədə erməni mətbuatına açıqlama verən ədliyyə naziri David Harutyunyanın sözlərinə görə, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri vəzifəsi olmayacaq. Belə olan halda, bir daha aydın olur ki, Ermənistan iqtisadiyyatı olmadığına görə onun dünya iqtisadiyyatına inteqrasiya olunmasından danışmağın yersiz olduğunu artıq ermənilər də qəbul edirlər.
Sözügedən məsələni dəyərləndirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Ermənistanın normal iqtisadiyyatı olmadığına görə, əlbəttə ki, ölkənin inteqrasiyasından danışmaq gülüncdür: “Beynəlxalq iqtisadiyyata Ermənistan nə bəxş edə bilər ki, inteqrasiyası ilə bağlı xüsusi qurum olsun?! Ermənistan apardığı işğalçılıq siyasəti ucbatından özünü təcrid edib. İstər enerji, istərsə də nəqliyyat layihələrindən Ermənistan məhrum olub. Dünya bazarına Ermənistan brendi ilə çıxarılan və böyük çəkiyə malik olan hansısa məhsul yoxdur. Bu bir daha işğalçı ölkədə iqtisadiyyatın bərbad olmasının göstəricisidir. Nəzərə almaq lazımdır ki, 2017-ci il Ermənistanda iqtisadi böhranın daha da dərinləşməsi ilə yadda qalıb. Ermənistan mətbuatının yazdığına görə, sənaye və kənd təsərrüfatı sahələri tamamilə çöküb. İqtisadi geriləmə biznes mühitinə də zərər vurub. Əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən doqquzu pis vəziyyətdə yaşamağa başlayıb. Belə olan halda, aydın məsələdir ki, bu il ərzində Ermənistanın iqtisadi durumu çox ağır olacaq. O baxımdan 2018-ci il ərzində ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmazdır. Faktiki olaraq, bunun qarşısını almaq üçün hökumətin sistemli planı yoxdur. Olmadığına görə də nazirliklərin sayının azaldılmasına qərar verilib. Hazırkı iqtisadi imkanlar hesabına Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar Nazirliyinin saxlanması Ermənistan büdcəsi üçün əlavə yükdür. Ona görə də nazirliyin ləğvinə qərar veriblər. Bəzi məlumatlara görə, son 10 ildə 300 mindən çox vətəndaş və ya əhalinin 10 faizi ölkəni birdəfəlik tərk edib. Yoxsulluq həddində yaşayan vətəndaşların sayı isə 30 faizədək yüksəlib. Xarici borc 4 dəfə artaraq ümumdaxili məhsulun 60 faizi səviyyəsinə çatıb. Vəziyyətin belə davam edəcəyi halda ölkə iqtisadiyyatının çökəcəyi ilə bağlı fikirlər artır. Sarkisyanın parlamentli sistemə keçid imitasiyası da ölkəni xilas edə bilməyəcək”.
Vidadi ORDAHALLI