Məhəmməd Əsədullazadə: “Hesab edirəm ki, ölkənin hazırkı durumu Sarkisyanın yenidən hakimiyyətdə qalmasına...”
Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan baş nazir olmaq üçün tələsir. Onsuz da ötən il Ermənistanda keçirilən parlament seçkilərindən sonra qanunverici orqanda çoxluq Sarkisyanın xeyrinədir. Belə olduğu halda, parlament çox rahat şəkildə Sarkisyanı baş nazir seçəcək. Ermənistan parlamentində baş nazirin seçilməsi mayın 2-də gözlənilirdi. Ancaq verilən məlumata görə, bu, aprelin 17-nə keçirilib.
Ermənistanın ədliyyə naziri David Harutyunyan jurnalistlərə açıqlamasında bunun səbəbini təhlükəsizlik amilləri ilə əlaqələndirib: “Əgər bir fürsət varsa, ən azı bizim təhlükəsizliyimiz əsasında icra hakimiyyətini tez bir şəkildə qurmaq daha yaxşıdır”. Onun bu açıqlaması Ermənistanda birmənalı qarşılanmayıb. Çünki ölkənin təhlükəsizliyini təhdid edən hansısa xarici faktor yoxdur. O da məlum olub ki, aprelin 9-da Serj Sarkisyanın prezident səlahiyyətləri başa çatacaq. Baş nazir istefa verəcək. Nazirlər müvəqqəti olaraq fəaliyyət göstərəcək. Aprelin 10-da baş nazirliyə iddialı olan şəxslərin adı açıqlanacaq. Erməni ictimai-siyasi dairələrində Sarkisyanın baş nazir olacağına dair fikirlər üstünlük təşkil edir. Erməni mətbuatı iddia edir ki, bütün bunlar hamısı Sarkisyanın maraqlarının qorunmasına xidmət edir. Yalnız onun maraqlarını təmin etmək məqsədi daşıyır.
Görünən odur ki, Sarkisyan ictimaiyyətin qəzəbindən qorxur və hər an bunun ölkə daxilində ciddi sosial partlayışa səbəb ola biləcəyindən ehtiyat edir. Ona görə də tez-tələsik baş nazir kreslosunu ələ keçirməyə çalışır. Belə olmasaydı, o zaman baş nazirin parlament tərəfindən seçilməsini 20 gün tezləşdirməzdi.
Maraqlıdır, bəs ekspertlər Sarkisyanın prosesləri tələsdirməsini necə dəyərləndirirlər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Sarkisyan xarici faktorlardan ehtiyat etdiyi üçün tələsir: “Ermənistanda konstitusiyaya uyğun olaraq martın 2-də parlamentdə prezident seçildi. Yeni prezident məhdud səlahiyyətlərə malik olmasına baxmayaraq, dövlət başçısı kimi mühüm bir vəzifə daşıyacaq. Bundan əlavə, prezidentin əslən Ermənistandan olması siyasi balans yaradılmasına hesablanıb. Bütün bunlara baxmayaraq, ölkədə siyasi vıziyyət qeyri-stabil olaraq qalır. Parlamentdə hakim Respublika Partiyası yeni baş naziri seçmək üçün həlledici səsə malik deyil. Digər partiyaların səsinə ehtiyac duyulur. Ona görə də Sarkisyan belə vəziyyətdən ehtiyat edir. Bu səbəbdən xarici faktorları nəzərə alan Sarkisyan rejimi tələsik baş nazir seçiminə gedir. Çünki onun baş nazir olmasına bir sıra xarici və daxili qüvvələr obyektiv olaraq qarşıdırlar. Ona görə ki, onun yeritdiyi siyasət nəticəsində ölkədə korrupsiya, işsizlik və digər sosial problemlər daha da inkişaf edib. Ermənistanın regioal iqtisadi layihələrdən kənar qalması nəticəsində ölkədə iqtisadi defolt yaranıb. Bir sıra ölkələr Sarkisyana qarşı daxili müxalifəti canlandırmaq və Qarabağ klanını hakimiyyətdən devirməyə çalışırlar. O üzdən, Sarkisyan real təhlükələri nəzərə alaraq bu addımı atır. ABŞ səfirinin İrəvanda Sarkisyan rejimini məhz korrupsiyada günahlandırması təsadüfi deyil. ABŞ-ın buna görə Ermənistanla iqtisadi əməkdaşlıqda maraqlı olmaması Sarkisyana mesajdır. Hesab edirəm ki, ölkənin hazırkı durumu Sarkisyanın yenidən hakimiyyətdə qalmasına hazır deyil. Buna baxmayaraq, Sarkisyan Rusiyanın dəstəyi ilə yenidən hakimiyyətə yiyələnəcək. Çünki Moskvaya bağlı olan rejim Rusiyanın geosiyasi maraqlarına cavab verir”.
Vidadi ORDAHALLI