Seyid Camal Əzimbəyli: “Bu xüsusda Pakistan və Türkiyənin adını çəkə bilərik”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib ki, islamofobiyanın süni şəkildə ortaya atıldığını hiss edirik: “May ayında İslam Əməkdaşlıq Təşkilatı ölkələri xarici işlər nazirlərinin konfransı keçiriləcək. Biz o iclasda İƏT-in İslam dünyasının əsas təşkilatı olmasını təsdiq etmək barədə müzakirələr aparacağıq”.
E.Məmmədyarov bildirib ki, İƏT-in fəaliyyətini həmrəylik və qətnamələrin həyata keçirilməsi əsasında qurmaq lazımdır: “Məsələn, İƏT-də Azərbaycanın lehinə sənəd qəbul edən bəzi ölkələr bəzən başqa təşkilatlarda eyni məsələ ilə bağlı bitərəf qalırlar. Biz həmrəy olmalıyıq”.
Elmar Məmmədyarovun İƏT üzvü olan ölkələrin bəzən haçalanan mövqeyi ilə bağlı ifadə etdiyi narazılıq nədən qaynaqlanır?
Şərqşünas Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında bildirdi ki, Elmar Məmmədyarovun bu açıqlaması ilə tam razıdır: “Təbii ki, E.Məmmədyarovun ifadə etdiyi narazılıq Dağlıq Qarabağ mövzusu ilə bağlı olub. Çünki ölkəmizi narahat edən ondan qlobal problem yoxdur. İƏT bir qurum kimi bu münaqişə ilə bağlı olduqca sərrast və sərt mövqe nümayiş etdirir. Buna misal kimi Azərbaycanın ərazi bütövlüyünün tanınmasını, eyni zamanda Ermənistana işğalçı kimi torpaqları azad etməklə bağlı çağırış etməsini göstərə bilərik. Ancaq təəssüflər olsun ki, həmin məsələ ilə bağlı İƏT-də təmsil olunan ölkələrin fərqli mövqeyinin şahidi oluruq. Mən bunu bir faktorla da izah edərdim. Həmin ölkələr islam həmrəyliyi nümayişi adı ilə qurum daxilində bizim xeyrimizə olan mövqeni ortaya qoyurlar. Bilirlər ki, həmin bəyanat və mövqe hansısa ölkənin adından deyil, İƏT-in yanaşması kimi ortaya qoyulacaq. E.Məmmədyarov diplomatik etiket nümayiş etdirərək konkret ad çəkməyib. Bəlkə də keçirilən görüşün mətbuata açıq olmayan hissəsində həmin ölkələrin adlarını da deyib. Onları biz də bilirik. Elə ölkələr var ki, özünü dünyada islamın təəssübkeşi kimi qələmə verir, ancaq müsəlmanlara zülm edən erməniləri dəstəkləyirlər. Onlar yalnız bəyanat vermirlər, eyni zamanda bizim düşmənimizə hər cür iqtisadi yardım göstərirlər. İslamda ikiüzlülük qəbul olunmur. Bu səbəbdən də mən müsəlman ölkələrinin bizim haqq yolumuzu birmənalı olaraq dəstəkləməsini istəyirəm. Biz bu işdə haqq olmasaq, heç bunu tələb də etməzdik. Elə ölkələr var ki, onların fəaliyyəti islam ölkələri üçün örnək olmalıdır. Mən bu xüsusda Pakistan və Türkiyənin adını çəkə bilərəm. Həmin ölkələr məhz Dağlıq Qarabağ probleminə görə Ermənistanla heç bir əlaqə qurmurlar. Bax mövqe belə olmalıdır. Yoxsa İƏT-də bir söz deyib, gedib arxada Ermənistanla dostluq etmək yolverilməzdir. Bu cür əməllər heç islam adına yaraşmır”.
Məhəmmədəli QƏRİBLİ