Elşən Həsənov: “Azərbaycanın İsraillə münasibətlərinin inkişafı heç bir müsəlman ölkəsinin, üçüncü tərəfin əleyhinə olmadığı üçün, hər iki tərəfin bizə inamı böyükdür”
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Azİz" Assosiasiyasının saytına açıqlamasında deyib ki, İsrail bütün münasibətlərdə Azərbaycanın azsaylı strateji tərəfdaşlarından biridir: “Hər iki ölkə hərbi-texniki istiqamətdə, ən yeni texnologiyalar və səhiyyə sahələrində əməkdaşlıq edir”.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan son dövrlərdə İsraillə Müsəlman dünyası arasında körpü yaradılması məsələsi ilə məşğuldur: "Azərbaycanın müsəlman dünyasında nüfuzu var və bundan, həmçinin, öz əlaqələrimizdən, qarşılıqlı münasibətlərimizdən istifadə edərək biz yəhudi dövləti ilə Ərəb dünyası arasında əlaqə qurmağa cəhd edirik. Hesab edirik ki, burada ümumi maraqlar tapmaq olar. Bu ümumi maraqlardan çıxış edərək dostluq münasibətlərinin qurulmasına bütün tərəflərin qəbul etdiyi yanaşmanı da tapmaq olar. Hər halda, biz bunu etməyə cəhd göstəririk".
Qeyd edək ki, Azərbaycan bir çox əməkdaşlıq formatlarında uğurla təmsil olunub. Xüsusilə də Azərbaycanın təşəbbüsü ilə reallaşan iki və üçtərəfli əməkdaşlıq formatları çox uğurla davam etdirilir. Bunlarla yanaşı, Azərbaycanın vasitəçilik missiyasını həyata keçirməklə bağlı da gözəl təcrübəsi var. Ən azından, Türkiyə ilə Rusiya kimi nəhəng ölkələr arasındakı konfliktin yumşaldılmasında ölkəmizin oynadığı rolu danmaq olmaz. Azərbaycanın bir müsəlman ölkəsi olmasına baxmayaraq, İsraillə gözəl münasibətləri mövcuddur. Əslində, bu model bütün dünyanı təəccübləndirir. Çünki bir çox müsəlman ölkələrinin İsraillə gərgin münasibətləri var və bu, sırf dini amillərlə izah edilir. Azərbaycan rəsmisinin açıqlamasından görünür ki, biz İsrailin müsəlman aləmi ilə münasibətlərinin yaxşılaşdırılması kimi vasitəçilik missiyasını üzərimizə götürürük. Azərbaycan bu vacib missiyanın öhdəsindən gələ bilərmi?
Ekspert Elşən Həsənovun sözlərinə görə, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərdən biri də İsrail olub: “İki Şərq ölkəsinin – Azərbaycan və İsrailin bəzi dövlətlərə qəribə görünən əməkdaşlığı böyük maraq doğurur. Bu əməkdaşlıq təkcə neft və silah alış-verişinə deyil, daha genişmiqyaslı əlaqələrə köklənir.
Xalqlar arasındakı müəyyən ümumi dəyərlər bu ölkələr arasındakı əlaqələri getdikcə möhkəmləndirir. Quba rayonunda qədim tarixə malik Azərbaycan yəhudilərinin yaşaması, o cümlədən yaxın tarixdə Bakıda yəhudi icmasının məskunlaşması və İsraildə yaşayan azərbaycanlılar iki ölkə arasında həyati əhəmiyyətə malik əlaqələr yaradırlar. Onu da qeyd edək ki, Azərbaycan İsraillə münasibətləri inkişaf etdirməyə çalışan azsaylı müsəlman dövlətlərindəndir.
Ancaq, göründüyü kimi, Azərbaycan-İsrail əlaqələri müsəlman dövlətləri ilə münasibətlərə heç bir xələl gətirmir. Ölkəmizin İslam Konfransı Təşkilatında, Birləşmiş Millətlər Təşkilatı, eləcə də digər mötəbər beynəlxalq təşkilatlarda aparılan bütün müzakirələr zamanı Fələstini dəstəkləməsi də bunun məntiqi nəticəsidir. Son illər beynəlxalq aləmdə baş verən hadisələr də təsdiqləyir ki, Azərbaycan müsəlman həmrəyliyinin gücləndirilməsinə, eyni zamanda, Qərblə Müsəlman dünyası arasında gərginliyin aradan qaldırılmasına böyük töhfələr verib. Azərbaycan rəsmiləru bütün ali tribunalardan həmişə islamofobiyaya qarşı barışmaz mövqelərini ifadə edirlər.
Azərbaycan tərəfinin İsraillə əməkdaşlığının prioritetlərindən birini də İsrail-Fələstin münaqişəsinin həlli üzrə sülh prosesinin bərpa edilməsi və münaqişənin iki dövlət yanaşması əsasında tezliklə həllinin vacibliyi təşkil edir.
Azərbaycanın müsəlman həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrin layiqincə qiymətləndirilməsi təkcə bununla yekunlaşmır. Azərbaycanın İsraillə münasibətlərinin inkişafı heç bir müsəlman ölkəsinin, üçüncü tərəfin əleyhinə olmadığı üçün, hər iki tərəfin bizə inamı böyükdür. Bütün bu amillər sübut edir ki, biz qarşıya qoyulan missiyanın öhdəsindən layiqincə gələ biləcəyik”.
Məhəmmədəli QƏRİBLİ