Günel Fərhadqızı: “Çinə lazım olan bütün infrastruktur Azərbaycanda olduğu halda, o niyə gedib boş işə baş qoşmalıdır...”
Yürütdüyü işğalçı siyasətə görə regionu əhatə edən bütün infrastruktur layihələrdən kənarda qalan Ermənistan özünə təsəlli kimi hər gün dövriyyəyə yeni dezinformasiyalar buraxır. Ermənistanla İran arasında dəmir yolu xətti layihəsinin reallaşmayacağı ilə bağlı məlumatlar öz təsdiqini tapandan sonra erməni saytları yazırlar ki, guya Çin həmin mövzuya maraq göstərməyə başlayıb.
Onlar öz rəsmi qurumlarına istinadən qeyd edirlər ki, Çin İranla Ermənistan arasında dəmir yolunun tikintisində maraqlıdır. Bunu layihənin “İpək yolu”nun vacib elementi olacağına görə vacib sayırlar. Erməni KİV-lərinin məlumatına görə, hətta bu istiqamətdə Çinlə Ermənistan rəsmiləri arasında danışıqlar da aparılıb.
Azərbaycanda Çinə lazım olan hazır dəmir yolu infrastrukturu yaradıldığı halda, onun hələ mövcudluğu xülya olan bir layihəyə maraq göstərməsi nə dərəcədə əsaslıdır?
İqtisadçı Günel Fərhadqızı qəzetimizə bildirdi ki, bunu da Ermənistanın növbəti uydurması adlandırmaq olar: “Ermənistanın vaxtilə bəh-bəhlə cəmiyyətə təqdim etmək istədiyi İranla dəmir yolu layihəsi tam iflas olub. Ermənistan prezidenti Serj Sarkisyanın yaxın illərdə İranla dəmir yolu çəkiləcəyinə dair vədindən düz 10 il keçəndən sonra bəlli olub ki, bu layihə reallaşmayacaq. Hələ iki il əvvəl Ermənistan hökuməti elan etdi ki, optimallaşdırma tədbirləri çərçivəsində bu xəttin layihələndirilməsi və tikilməsi ilə məşğul olacaq şirkəti ləğv edib. Ancaq buna baxmayaraq, Ermənistan hər dəfə dövriyyəyə bir yalan məlumat buraxmaqla bu xəbəri gündəmdə saxlamağa çalışır. İlk olaraq bu layihədən Rusiya imtina etdi. Bir müddət əvvəl Rusiya Dəmir Yolları" ASC-nin prezidenti dedi ki, İran-Ermənistan dəmir yolu xətti heç bir effekti olmayan layihədir.
O vaxt Avropa ekspertləri bu layihənin 4 milyard dollara başa gələcəyini hesablamışdılar. Ermənistan ekspertləri isə ölkənin payına düşən məbləğin 1,8 milyard dollar olduğunu bildirmişdilər. Ermənistanın maliyyə problemlərini nəzərə alan iqtisadçılar bu layihənin hətta ən böyük arzu olsa belə, reallaşmayacağını açıqlamış və ümumiyyətlə, Ermənistan-İran dəmir yolu xəttinin tikilməsində məqsədin nə olduğunu anlamadıqlarını bildirmişlər. Ermənilərin yenidən qızışmasına səbəb ötən ilin oktyabrında işə düşən Bakı-Tiflis-Qars dəmir yolu oldu. Fevralın 8-də isə inşası tamamlanan Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu üzrə ilk sınaq qatarı hərəkət edib. 6 vaqondan ibarət həmin qatarla Rusiyaya məxsus yüklər İrana çatıb.
Uzunluğu 10 km olan, “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi Qəzvin-Rəşt dəmir yolunun davamı sayılan Astara-Astara yolunun tam həcmdə işə düşməsi bu ay, rəsmi açılışdan sonra olacaq. Açılışı Azərbaycan və İran prezidentlərinin edəcəyi gözlənir.
Bütün bunları kənardan seyr edən Ermənistanın əlindən yalan danışmaqdan başqa nəsə gəlmir.
Bir neçə gün bundan əvvəl isə İranın Ermənistandakı səfiri bu məsələyə öz ölkəsinin adından nöqtə qoydu və bildirdi ki, İranın belə bir niyyəti yoxdur. Maraqlıdır, İranın razı olmadığı bir layihəni Çin gəlib onun ərazisində zorla həyata keçirəcək? İkincisi isə Çinə lazım olan bütün infrastruktur Azərbaycanda olduğu halda, o niyə gedib boş işə baş qoşmalıdır? İnandırıcı görünmür. Ermənistanın layihələrdə iştiraka belə həvəsi varsa, mütləq öz siyasətini dəyişib işğalçılıqdan əl çəkməlidir”.
Məhəmmədəli QƏRİBLİ