Bu gün dünyada geosiyasi mənzərənin kifayət qədər mürəkkəbləşdiyi, bunun Yaxın Şərqdə özünü daha qabarıq formada büruzə verdiyi birmənalı həqiqətdir. Artıq iş o yerə çatıb ki, Suriyada böyük güclərin hər an toqquşa biləcəyinə dair xəbərdarlıqlar edilir. Xüsusən də son dövrlərdə Amerika-Rusiya münasibətlərinin böhran vəziyyətində olması problemin miqyasını daha da böyüdür.
Müşahidələr göstərir ki, dünyanın müxtəlif regionlarında iki böyük dövlətin maraqları indi daha çox toqquşur. Meydana gələn ziddiyyətləri isə tərəflərin hər biri dialoq yolu ilə deyil, hərbi güc tətbiq etməklə vəziyyəti öz xeyrinə dəyişmək vasitəsilə həll etməyə cəhd göstərir. Düzdür, birbaşa qarşıdurma yoxdur, amma bu gedişlə belə qarşıdurmanın olması da istinalıq təşkil etmir.
İndilikdə isə tərəflər arasında “soyuq müharibə”nin şiddətləndiyi müşahidə edilir. Razumkov Mərkəzinin xarici siyasət və beynəlxalq təhlükəsizlik proqramlarının direktoru Aleksey Melnik də qeyd edir ki, ABŞ-ın və Rusiyanın münasibətləri “soyuq müharibə” dövrünün səviyyəsinə çatıb. Onun sözlərinə görə, bir çox ekspertlər vəziyyəti Karib böhranının baş verdiyi 1962-ci ildən daha təhlükəli hesab edir. Xatırladaq ki, həmin vaxt SSRİ ilə ABŞ arasında sovet raketlərinin 1962-ci ilin oktyabrında Kubada yerləşdirilməsi ilə bağlı yaranan və dünyanı nüvə müharibəsinin bir addımlığına gətirən gərginlik yaşanmışdı. İndi də eyni vəziyyət təkrar olunur. Aleksey Melnik qeyd olunan xüsusda bildirir: “Bu faktdır ki, artıq vəziyyət “soyuq müharibə”nin səviyyəsinə çatıb. Bir çox ekspertlər vəziyyəti Karib böhranı ilə müqayisədə daha təhlükəli qiymətləndirir. Həmin vaxt SSRİ və ABŞ anladı ki, yalnız bir-birini deyil, həm də bütün dünyanı məhv edəcəklər. Nəticədə, razılaşmağa başladılar”. Onun sözlərinə görə, Suriyadakı hadisələr növbəti böhran üçün əsas ola bilər, amma Amerika və Rusiya arasında toqquşmalar dünyanın hər hansı nöqtəsində gözləniləndir: "Suriya o regionlardan biridir ki, Amerika və Rusiya arasında təsadüfi və planlaşdırılmamış toqquşmanın çox yüksək təhlükəsi var. Amma bu, gəmilərin və təyyarələrin təhlükəli şəkildə bir-birinə yaxınlaşdığı tək məkan deyil. Dünyanın hər hansı nöqtəsində bir-iki insanın səhvi ciddi hadisələrə gətirib çıxara bilər”.
Hələlik isə digər nöqtələrlə müqayisədə Suriyada ciddi hərbi qarşıdurma mövcuddur. Son 2 ildə Rusiyanın bu ölkədə qazandığı hərbi uğurlar amerikalıları çox qıcıqlandırır. Artıq Suriyada, ABŞ-ın başçılıq etdiyi koalisiya ilə bərabər Rusiyanın rəhbərlik etdiyi Moskva-Ankara-Tehran əməkdaşlıq xətti də mövcuddur. Bu fonda amerikalı ekspert Maykl Lind də artıq yeni "soyuq müharibə"nin getdiyini iddia edir. Onun qənaəti belədir ki, Vaşinqton və Moskva qarşıdurmadan geri çəkilmək fikrində deyil. İdeoloji səviyyədə də onlar toqquşur. Bu, xüsusən Suryiada özünü qabarıq göstərir.
Yeri gəlmişkən xatırladaq ki, bu günlərdə Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov ABŞ-ı Suriyada “odla oynamamağa” çağırıb. Onun sözlərinə görə, söhbət Suriyanın müstəqilliyi və ərazi bütövlüyünü saxlamaq ehtiyacından gedirsə, Rusiya bu ölkəni parçalamaq cəhdlərini sakitcə müşahidə edə bilməz: “ABŞ-ın Suriya torpaqlarında reallaşdırmağa başladığı planlar qorxu yaradır. Amerikalı həmkarlarımız bildirir ki, tək hədəf İŞİD-lə mübarizə və Suriyanın ərazi bütövlüyünün saxlanmasıdır. Bu təminatlar konkret işlərlə təsdiq edilməlidir. Mən amerikalı həmkarlarımızı odla oynamamağa və öz addımlarını götür-qoy etməyə çağırıram”. O qeyd edib ki, ABŞ Suriyada fitnəkar hərəkətlər edir. Lavrovun sözlərinə görə, Vaşinqton bu hərəkətlərə kürdləri də cəlb edir. Nazir bildirib ki, sonuncu addım Türkiyə ilə münasibətlərin gərginləşməsinə gətirib çıxarıb. Lavrov ABŞ-ın Suriyanın cənubunda yerləşən El-Tanfdan güçlərini dərhal çıxarmalı olduğunu deyib. Əks halda o, Suryiada qorxunc proseslərin yaşana biləcəyini istisna etməyib. Elə bu da, ekspertələrə görə, ABŞ və Rusiya arasında yeni Karib böhranı sayıla bilər. Bununla yanaşı, Rusiya prezidenti Vladimir Putinin yeni növ nüvə silahlarının işlənməsi haqqında bəyanatı da proseslərin gərgin məcrada inkişafına səbəb olan faktorlardan sayılır. NATO baş katibi Yens Stoltenberq isə hesab edir ki, bu, Rusiyanın yenilənən aqressivliyinin komponentlərindən biridir. Onun sözlərinə görə, Qərb artıq Rusiyanın bu aqressivliyinə cavab verir: “Biz təbii ki, bundan narahatıq. Ona görə ki, NATO yeni “soyuq müharibə” istəmir. Biz yeni silahlanma yarışı istəmirik. Bu cür davranışa görə NATO artıq bir neçə ildir ki, özünün kollektiv müdafiəsini gücləndirir. Biz Rusiyaya eynən – raketə raketlə, silaha silahla cavab vermirik. Onun özünü aqressiv aparmasına sadəcə reaksiya veririk”. Amma artıq bəllidir ki, eynilə “soyuq müharibə” dövründə olduğu kimi, artıq Qərb ölkələri və ABŞ, elə Rusiyanın özü də hərbi xərclərini, yeni silahların yaradılması istiqamətində səylərini artırır.
NAHİD