Aparılan çoxsaylı araşdırmalar göstərir ki, SSRİ-nin dağılmasında Dağlıq Qarabağ münaqişəsi, bu fonda Sumqayıt hadisələrinin rolu kifayət qədər yüksək olub. Məhz bu problemlərə qeyri-obyektiv yanaşma, onların yaratdığı təhdidlərin qarşısınını vaxtında alınması sovetlərin çöküşünü sürətləndirməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsi kimi uzun sürən bir konfliktin də meydana gəlməsinə səbəb olub.
Halbuki, münaqişənin, onun tərkib hissələrindən biri olan Sumqayıt hadisələrinin baş verməsini əvvəlcədən əngəlləmək mümkün idi. Amma aparılan araşdırmalar göstərir ki, SSRİ məkanında tökülən qanın və bütün mənfi proseslərin başlanğıcı olan Sumqayıt hadisələrinə o vaxtkı rəhbərlik seyrçi mövqedən yanaşmağa üstünlük verib. Bunun nəticəsində qanlı hadisələrin yaşandığı günlərdə milis, daxili qoşunlar və ordu proseslərin səssiz-səmirsiz seyrçisinə çevrilib.
Yuxarıda qeyd olunduğu kimi isə, SSRİ-nin mərkəzi hakimiyyəti Azərbaycanın müxtəlif rayonlarında yerləşdirilmiş kifayət sayda Sovet Ordusunun bölmələrini istifadə edərək Sumqayıt hadisələrinin qarşısını almaq iqtidarında idi. Mərkəzi hakimiyyətin də baş verənlər barədə məlumatı var idi. Yəni Sumqayıtda iğtişaşların qarşısını almaq üşün ordudan istifadə etmək kifayət idi. Amma edilmədi və Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmalar İnstitutunun baş direktoru Svante Kornell bunun səbəblərini belə izah edir: “Sumqayıtda sovet ordusunun və daxili qoşunların mövcudluğu heç nəyi dəyişmədi. Ordu kənardan sakitcə hadisələri seyr edirdi... Sovet hakimiyyəti qan axıdılmasının qarşısını almaq niyyətində deyildi, əksinə, iki etnik icma arasında münaqişə yaratmağa çalışırdı”. Baş verənlər fonunda Mixail Qorbaçov 1988-ci il iyun ayının 18-də SSRİ Ali Sovetinin iclasında bildirirdi ki, qoşunlar Sumqayıta cəmi bir saat gecikmişdi. Əslində, bu fikir tamamilə yanlış idi. “Sumqayıtın əks-sədası” sənədli filminin ssenari müəlliflərindən biri Eyruz Məmmədov SSRİ müdafiə naziri Dmitri Yazovla müsahibəsində həmin məqamları belə xatırlayır: “Dmitri Yazov tam ciddiyyəti ilə bizə bildirdi ki, sovet ordusu heç vaxt heç bir yerə gecikmir. Baş komandanın əmri olmadan komendant saatı elan etməyə, əsgərlərin silah işlətməyə, güllə atmağa qətiyyən ixtiyarı yoxdur”. Bununla Yazov bir daha təsdiq edirdi ki, hər şey planlı şəkildə, qəsdən təşkil olunmuşdu. İmperiya ordusunun törətdiyi qətllərdən bütün rəhbərlərin xəbəri olub.
Digər tərəfdən bu hadisələrdən sonra onun araşdırılması da qeyri-obyektiv xarakter alaraq, ilk illərdə bu qanlı olayların kökündəki məkrli niyyətlərin üzə çıxmasına imkan vermədi. Daha bir problem ondan ibarət idi ki, Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı 1988-1990-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə ədalətli hüquqi qiymət verilmədi, onların əsl sifarişçiləri və təşkilatçıları müəyyən edilərək məsuliyyətə cəlb olunmadı. Əslində, məsələyə bu şəkildə yanaşma da Ermənistanın işğal siyasətinin genişlənməsinə əlverişli şərait yaradılmasına gətirib çıxardı. Düzdür, hadisələrlə əlaqədar dərhal 28 fevral 1988-ci il tarixdə Sumqayıt şəhər prokurorluğu tərəfindən həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Cinayət Məcələlsinin 72-ci maddəsinin (kütləvi iğtişaş) əlamətləri ilə cinayət işi başlandı. Amma o dövrdə ermənilərə hərtərəfli himayə göstərən SSRİ rəhbərliyi obyektiv araşdırmalara imkan vermədi. Belə ki, artıq 1 mart 1988-ci il tarixdə həmin iş SSRİ Baş Prokurorluğunun istintaq qrupu tərəfindən icraata qəbul edilərək, ona 18/55461-88 nömrəsi verildi və istintaq həmin qrup tərəfindən davam etdirildi. Onu da xüsusi qeyd edək ki, SSRİ Baş Prokurorluğunun istintaq qrupu Mixail Qorbaçovun göstərişi ilə hadisələrin xuliqanlıq edən elementlər tərəfindən törədilməsi versiyası üzərində dayanaraq, həmin versiyanın rəsmiləşdirilməsi istiqamətində iş apardı. Bu da baş verənlərə ədalətli hüquqi qiymət verilməsinin qarşısını aldı. Elə Sumqayıt hadisələrinə obyektiv hüquqi və siyasi qiymət verilməməsindən istifadə edərək erməni separatçıları Dağlıq Qarabağın Azərbaycanın tərkibindən zorla çıxarılması prosesini genişləndirdi. Eyni zamanda Sumqayıt hadisələrindən dərhal sonra Ermənistanda, sovet mətbuatında və beynəlxalq səviyyədə Azərbaycana qarşı informasiya kampaniyasına start verildi.
Qeyd edək ki, SSRİ Baş Prokurorluğunun istintaq qrupunun işi nəticəsində hadisələrlə əlaqədar 444 nəfər məhkəmə qarşısında cavab verməli olub, onların böyük hissəsi 10-15 gün təcridxanalarda saxlanıb, 94 nəfər müxtəlif müddətlərə həbs cəzasına, bir nəfər - Əhməd Əhmədov isə güllələnməyə məhkum olunub. Halbuki, Əhməd Əhmədova qarşı heç bir tutarlı dəlil-sübut yox idi və buna rəğmən, ona hadisələrin təşkilatçısı damğası vurularaq güllələnməyə məhkum olundu, hökm oxunduqdan 17 ay sonra Moskvada icra edildi. Əhmədova güllələnmə hökmü kəsiləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məkbutu göndərilsə də, onların heç birinə cavab verilməyib. Hətta SSRİ xalq deputatı A.Mnikovun Mixail Qorbaçovdan Əhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə baxılmayıb. Bundan başqa, istintaq dövründə heç bir günahı olmayan II qrup əlil Elçin Gəncəliyev Bayıl türməsində müəmmalı şəkildə öldürüldü. Halbuki, onun ailəsi hadisə günlərində 3 nəfərdən ibarət erməni ailəsini öz evlərində saxlamışdı. Daha bir azərbaycanlı Taleh İsmayılov isə 15 il müddətinə cəzalandırılaraq Tiflis şəhərinə göndərildi, bir ildən sonra oradan meyiti gətirilərək valideynlərinə təhvil verildi. Digər həbs olunanlar 2 ildən 15 ilədək cəzalandırılaraq müxtəlif həbsxanalarda saxlanıldı. Onların böyük bir qismi hazırda ya dünyasını dəyişib, ya da əlildir. Amma bu hadisələrin əsas günahkarı olan və hazırda Rusiyada yaşayan Eduard Qriqoryan, onun tərəfdarları lazımi cəzanı almadı. Halbuki, istintaq materiallarından artıq məlumdur ki, həmin olaylar zamanı milliyyətcə erməni olan Eduard Qriqoryan kütləni qızışdıran, əsasən yeniyetmələrdən və müxtəlif cinayətkar ünsürlərdən ibarət olan qrupları separatçı “Qarabağ” komitəsinə və “Krunk” cəmiyyətinə pul verməkdən imtina edən ermənilərin yaşadığı mənzillərə istiqamətləndirən əsas şəxsdir. Qriqoryan talan və digər cinayətlərdə fəal iştirak edib və 6 nəfər ermənini şəxsən qətlə yetirib. O, öncə Sumqayıt hadisələri ilə bağlı şahid qismində təsadüfən saxlanılıb. Lakin istintaq zamanı zərərçəkmiş erməni qızlar - Marina və Karina Mejlumyan bacıları, onların anası Roza Mejlumyan tərəfindən tanınıb. Qriqoryanın əslində hadisələrin fəal iştirakçısı və təşkilatçılarından olduğu müəyyənləşib. Nəticədə istintaq qrupu onun barəsində həbs qərarı seçməli olub. Qriqoryanın 6 ermənini şəxsən öldürdüyü istintaq tərəfindən sübuta yetirilsə də, ermənilərin SSRİ məhkəməsinə təsiri, bu iğtişaşların arxasında duran qüvvələrin rolu nəticəsində ona cəmi 12 il həsb cəzası kəsilib, cəzasını çəkmək üçün Ermənistana göndərilib və bir neçə il sonra azadlığa buraxılıb.
Başqa bir tərəfdən, Sumqayıt hadisələrinə dair o vaxt başlanmış cinayət işinin materiallarında Sumqayıtda talanlar törətmiş qrupa rəhbərlik edən, ermənilərin öldürülməsində, zorlanmasında, əmlaklarının məhv edilməsində fəal iştirak edən Eduard Qriqoryanın kütləvi iğtişaşlar ərəfəsində şübhəli şəxslərlə görüşməsi, onlardan Sumqayıtda yaşayan ermənilərin siyahısını alması, hadisələr zamanı öz qrupunun üzvlərinə spirtli içkilər və psixotrop preparatlar paylaması barədə kifəyət qədər ifadələr olduğu halda, bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmayıb. Əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar və dəlillər ört-basdır edilib. Həmçinin Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmayıb, onlar dərhal “zərərçəkən” tərəf kimi buraxılıb və bir çoxları məsuliyyətdən kənarda qalıb.
Daha bir maraqlı məqam budur ki, o dövrdə SSRİ-nin Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq, baş ədliyyə müşaviri Vladimir Qalkinin imzaladığı 18/55461-88 nömrəli cinayət işinin ittiham aktında bu epizodlara aydın diqqət yetirilir. İttiham aktında deyilir ki, Qriqoryan Sumqayıtdakı iğtişaşlarda fəal iştirak edən xuliqan qrupları dəfələrlə erməni millətindən olan vətəndaşların mənzillərini talan etməyə çağırıb: “Bundan əlavə, xuliqanlıq edən çoxsaylı şəxslər qrupu arasında yalnız erməni millətindən olan vətəndaşlar Mejlumyanın, Qriqoryanın, Yeseyanın, Petrosyanın ailələrinin mənzillərini və əmlakını talan etmək üçün erməni millətindən olan vətəndaşlar E.S.Qriqoryanı, M.Ş.Petrosyanı qəsdən öldürməyə yönəlmiş nümayişkaranə hərəkətləri ilə əslində erməni və Azərbaycan millətindən olan vətəndaşlar arasında milli düşmənçilik və ayrıseçkilik yaratmaq məqsədilə təşviqat aparmış, onlarda nifrət hissi oyatmışdır”. Amma məhkəmə gedişində nədənsə bu məqamlara diqqət yetrilmədi. Ümumiyyətlə, SSRİ Baş Prokurorluğu tərəfindən aparılmiş istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi. Təbii ki, bütün bunlar məkrli ssenarinin tərkib hissəsi idi.
Baş verən dəhşətli cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Prezident İlham Əliyevin göstərişi və Azərbaycan Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparilaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi. İstintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, daxili işlər nazirliyi və dövlət təhlükəsizlik xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi. Məhz bundan sonra əsl həqiqətlər gün işığına çıxaraq bütün ictimaiyyətə təqdim olundu.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.