Məhərrəm Zülfüqarlı: “Ona görə də biz təkcə siyasi deyil, hüquqi vasitələrlə də bunun qarşısını almağa çalışmalıyıq”
Azərbaycan 1994-cü ildə dünya miqyasında diplomatik dəstək əldə etmək üçün çox ciddi cəhdlər etdi. MDB ölkələri ilə keçirilən görüşlərdən başqa, Fransa, Böyük Britaniya, Çin və digər ölkələrə səfərlər təşkil olundu. Nəticədə Azərbaycanın bir çox ölkələrlə, o cümlədən islam ölkələri ilə uğurlu münasibətləri quruldu.
İslam Əməkdaşlıq Təşkilatının bütün zirvə toplantılarında Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən onlarla qətnamə qəbul olunub. Sözügedən qurum, birmənalı olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Ancaq görünən odur ki, bu istiqamətdə işlərin daha da genişləndirilməsinə ehtiyac var. Bu baxımdan vacib məsələlərdən biri də müsəlman dövlətlərinin Ermənistanla iqtisadi əlaqələri məhdudlaşdırmasıdır. Yaxşı olardı ki, bu yöndə islam ölkələri ortaya iradə qoysunlar. Nəinki iqtisadi, o cümlədən siyasi əlaqələrin də məhdudlaşdırılmasına ehtiyac var. Prezident İlham Əliyev toplantıların birində bununla bağlı çox vacib məqama toxunub: “Azərbaycanda məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”. Əslində, bu, Ermənistanla münasibətləri olan müsəlman ölkələrinə çağırışdır. Yəni müsəlman ölkələri Dağlıq Qarabağda məscidləri dağıdan ölkə ilə münasibətlərinə yenidən baxmalıdırlar.
Bununla yanaşı, vacib məqamlardan biri də müsəlman ölkələrindən olan iş adamlarının hansısa formada Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdə fəaliyyət göstərməsinə imkan verməməkdir. Bəzən buna əməl olunmur və bu da haqlı olaraq Azərbaycan tərəfinin narazılığına səbəb olur. Artıq bu istiqamətdə də Azərbaycanın səyləri artır. Bu arada Azərbaycan Respublikası və Mərakeş Krallığı Hökumətlərarası Birgə Komissiyasının ilk iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın birinci iclasının Protokolu” adlı sənəd imzalanıb. Protokola Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlərin həyata keçirilməsinin qarşısının alınması ilə bağlı müvafiq mətn daxil edilib. Mərakeş tərəfi Azərbaycanın suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə davamlı hörmət və dəstəyini bir daha təsdiq edib. Eyni zamanda, buna müvafiq olaraq hərəkət edəcəyini bəyan edib. Məlum olub ki, Mərakeş hökuməti ölkə biznesmenlərinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərməsinə rəsmən icazə verməyəcək. Bənzər razılaşmaların digər islam ölkələri ilə də imzalanmasına ekspertlər necə baxırlar?
Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, bənzər razılaşmaların digər müsəlman dövlətlərlə imzalanmasına ehtiyac var: “Düzdür, islam ölkələri, birmənalı olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Ancaq o da var ki, bir sıra müsəlman ölkələri ilə Ermənistan arasında çox isti münasibətlərin qurulması narahatlıq doğurur. Ermənistan işğalçı dövlət ola-ola, müsəlman ölkələrini aldadaraq, onların potensialından bəhrələnir. Narahatlıq doğuran məqamlardan biri də Ermənistanın müxtəlif adlar altında dünyadakı iş adamlarının işğal olunmuş ərazilərə səfərlərini təşkil etməsidir. Rəsmi İrəvan, dünyadaki erməni lobbisi hər vəchlə çalışırlar ki, iş adamları işğal altında olan Dağlıq Qarabağa sərmayə qoysunlar. Çünki Ermənistanda vəziyyətin bərbad olması iqtisadi baxımdan bu istiqamətdə geniş səviyyəli işlərin görülməsinə imkan vermir. Belə olduğu halda, ermənilər dünyadakı biznesmenləri qanunsuz olaraq Dağlıq Qarabağda fəaliyyət göstərməyə yönəltməyə çalışırlar. Ona görə də biz təkcə siyasi deyil, hüquqi vasitələrlə də bunun qarşısını almağa çalışmalıyıq. Onlardan biri də belə halları məhdudlaşdıran ikitərəfli protokolların imzalanmasıdır. Hesab edirəm ki, digər müsəlman ölkələrilə də belə ikitərəfli protokollar imzalanmalıdır. Maksimum çalışmalıyıq ki, islam ölkələrini təmsil edən iş adamları işğal olunmuş ərazilərdə heç bir fəaliyyət göstərməsinlər. Buna nail ola bilsək, o zaman işğalçı tərəfə iqtisadi baxımdan güclü zərbə vurmuş olacağıq. Ona görə də çalışmalıyıq ki, bütün müsəlman dövlətləri belə bir razılığa gəlsinlər”.
Vidadi ORDAHALLI