Əli Orucov: “Bu, Türkiyə və İran da daxil, bütün bölgədə sonu bitib-tükənməyən münaqişələrə və ixtilaflara yol açacaq”
Türkiyənin “Zeytun budağı” əməliyyatı bir aydan artıqdır uğurla davam edir. Rusiya hələlik ciddi etiraz nümayiş etdirmir. Hiss olunur ki, əməliyyat bu ölkə ilə razılaşdırılmış istiqamətdə gedir. Digər tərəfdən, Rusiyanın daxilində prezident seçkilərinə hazırlıqla əlaqədar Suriyaya ciddi diqqət ayırmaq vaxtı deyil.
Rusiya çox güman ki, prezident seçkilərindən sonra fəal müdaxiləyə girişəcək. Ona qədər Türkiyə yəqin ki, öz missiyasını başa çatdırmış olacaq.
Türkiyənin başladığı əməliyyatdan ən çox narahat olan region ölkəsi İrandır. Baxmayaraq ki, Orta Şərqlə bağlı bəzi məsələlərdə o, Türkiyə və Rusiyanın yanında yer alır. Ancaq İran nə Rusiya, nə də Türkiyənin Suriyadakı vəziyyətə nəzarət etməsini həzm etmək fikrində deyil. Onun Suriyada öz hərbi, siyasi, geopolitik maraqları var və bu maraqların arxasındadır. Bu maraqlar Rusiya və Türkiyənin maraqları ilə üst-üstə düşmədikdə, rəsmi Tehran fərqli siyasət yeridəcək. Xüsusən də İran Türkiyənin Suriyada aparıcı olmasını istəmir. İran əvvəldən bu əməliyyatın Türkiyə tərəfindən başlanmasına ürəkdən razı deyildi. Sadəcə, bəzi geosiyasi reallıqlar İranı bu məsələdə bəlli bir məsafədə durmağa vadar etdi.
Rusiya və İranla eyni siyasət yeritməyə çalışan Türkiyə, bu iki ölkədən fərqli olaraq, Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının və orada yenidən seçki keçirilməsinin tərəfdarıdır . Ərdoğan Suriyadakı vəziyyətə həsr etdiyi bütün çıxışlarında bunu vurğulayır. Ərdoğanın hakimiyyət dəyişikliyi ilə əlaqədar çıxışlarına Rusiya tərəfindən ciddi etirazın olmaması onu sübut edir ki, bu ölkədə də Bəşər Əsədin dövrünün sona çatdığını dərk edirlər. Digər tərəfdən, Rusiya üçün Suriyada hakimiyyətdə kimin olmasının fərqi yoxdur. Təki Rusiyaya loyal olsun və onun maraqlarını bu ölkədə və regionda qorusun.
Birləşmiş Ştatların PYD və YPG-yə dəstək verməkdə qərarlı olması Suriyanın bölünməsini yenidən gündəmə gətirib. Baxmayaraq ki, faktiki Suriya onsuz da 3 hissəyə bölünüb. Bəzi məlumatlara görə, Suriyaya hərbi nəzarət Vaşinqton, Moskva və Ankara arasında paylaşdırılacaq.
Bütün hallarda, Suriyanın rəsmən bölünməsi ehtimalı nə dərəcədə realdır? Bu baş versə, o zaman Yaxın Şərqdə gedən proseslərə necə təsir göstərəcək?
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, ölkənin parçalanması ehtimalı böyükdür: “Əvvəla məsələ ondadır ki, Suriya de-fakto parçalanıb. Bu azmış kimi, dövlət strukturları və institutları çökdürülüb. BMT-nin bir müstəqil subyekti kimi qalmasına baxmayaraq, artıq Suriya adlı dövlət faktiki olaraq mövcud deyil. Bir zamanlar Yaxın Şərqin inkişaf etmiş dövlətindən indi heç bir əsər-əlamət qalmayıb. Bütün bunlarla yanaşı, Suriya mədəniyyəti xarabazarlığa çevrilib. Ölkə büstbütün xarici güclərin işğalı altındadır. Suriyanın parçalanması prosesinin de-yure başa çatması Yaxın Şərqdəki siyasi xəritəni dəyişəcək. Söhbət Qərbin və İsrailin birgə işləyib hazırladığı müstəqil Kürdüstan projesinin gerçəkləşməsi prosesi üçün yaşıl işiğın yandırılmasından gedir. Bu, Türkiyə və İran da daxil, bütün Yaxın Şərq coğrafiyasında sonu bitib-tükənməyən münaqişələrə və ixtilaflara yol açacaq. Belə olan halda, Qərbin və İsrailin regionda təsiri, nüfuzu artır. Nəticədə Türkiyəyə qarşı daha təsirli təzyiq imkanları yaranır. İran yeni daxili münaqişəyə sövq edilir. Bütün bunların tamamı isə İranın və Türkiyənin ərazilər itirməsi ilə nəticələnə bilər. Ona görə də Ankara və Tehran təhlükəni anladığından, birgə hərəkət edirlər. Amma körfəz ölkələri düşünürlər ki, Kürdüstan dövlətinin böyük güclər hesabına yaradılması onları Türkiyə və İranın təsirindən azad edəcək. Lakin bu yanlış düşüncədir. Bu coğrafiyaların şəksiz sahibləri olan türklər, farslar və ərəblər kürd planının işləməsinə imkan yaratsalar, gələcəkdə çox ciddi təhlükələrlə üzləşəcəklər. Lakin Rusiyanın regionda fəallaşması, xüsusən də Suriyada güclənməsi, Rusiya-Türkiyə-İran işbirliyi Qərbin planlarına ciddi əngəl törədir. Ona görə də bu ziddiyyətlər hələ çox uzun vaxt aparacaq”.
Vidadi ORDAHALLI