Məhəmməd Əsədullazadə: “Avropa da bilir ki, indiki vəziyyətdə Ermənistanın demokratik ölkə olması qeyri-mümkündür”
Məlum olduğu kimi, Ermənistanda parlamentli respublikaya keçid çərçivəsində birinci mərhələni başa çatdırdılar. Serj Sarkisyan eyni familiyalı dostunu özünün hazırladığı səlahiyyətsiz, oyuncaq vəzifəyə gətirdi. Nəticədə Aram Sarkisyan Ermənistanın ilk oyuncaq prezidenti oldu.
Bəh-bəhlə parlamentli respublikaya keçidlə bağlı eyforiyaya bürünən ermənilər ilk vaxtlar özləri barədə böyük fikirdə idilər. O mənada ki, bununla bağlı özləri barədə böyük demokratiya imici yaratmaq istəyirdilər. Ancaq prezidentin alternativsiz seçilməsi onların bu demokratiya imitasiyasını alt-üst etdi. Ölkədə də prezidentin alternativsiz seçilməsi birmənalı qarşılanmayıb.
Digər tərəfdən, yeni prezidentlik institutu o qədər səlahiyyətsiz, simvolikdir ki, prezidenti hətta Milli Təhlükəsizlik Şurasının tərkibinə qatmağı da nəzərdə tutmurlar. Bütün səlahiyyətlər baş nazirin əlində cəmləşəcək və elə ali baş komandan da o olacaq. Artıq apreldə ölkə siyasi modelini dəyişərək rəsmən parlament idarəçiliyinə qədəm qoyur. Apreldə baş nazir məsələsi də həll olunacaq, maya qədər isə bütün bu proseslərin yekunlaşması və hökumətin qurulması gözlənir.
Bütün hallarda, Ermənistandakı demokratiya imitasiyası istədikləri kimi effekt vermədi. O mənada ki, parlamentli respublikaya keçidlə bağlı dünyanı demokratiya sahəsində hansısa uğur əldə etdiklərinə inandıra bilmədilər. Belədə sual yaranır, Ermənistandakı hazırkı rejim bununla nə qazandı? Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, baş verənlər demokratiya adı altında bir oyun idi: “Bu minvalla, Ermənistan dünya qarşısında gülünc duruma düşdü. Ermənistanda konstitusion islahatlara uyğun olaraq, parlamentdə keçirilən prezident seçkilərində Armen Sarkisyanın seçilməsi və bu ölkənin parlament üsul-idarəsinə keçməsi heç də bu ölkədə demokratik strukturun formalaşması demək deyil. Çünki bu ölkə ilkin olaraq Rusiyanın forpostudur və burada siyasi qərarlar Kremlin razılığı ilə verilir. Erməni siyasi-ictimai dairələrində eyforiya sadəcə müvəqqətidir. Ermənistanın elə bir güclü siyasi-iqtisadi perspektivi yoxdur ki, bu ölkədə struktur islahatlar demokratiyanı və iqtisadi inkişafı özü ilə gətirsin. Bu ölkədə müharibə partiyası hakimiyyətdədir. Serj Sarkisyanın ssenarisi ilə hazırlanan hakimiyyət piramidasında dəyişikliklər heç də bu ölkənin qabaqcıl Avropa ölkələri siyahısına düşməsinə səbəb olmayacaq. Bu ölkədə 2 apreldən sonra baş nazir olaraq Serj Sarkisyanın seçilməsi gözlənir. Prezident kimi bu illər ərzində heç bir müsbət iqtisadi-siyasi islahatlar həyata keçirə bilməyən Sarkisyanın rəhbərliyi ilə ölkədə yenidən bu siyasət davam edəcək. Hesab edirəm ki, indiki baş nazir Karen Karapetyanın iqtisadi islahatlar paketinin seçkidən sonra reallaşdırılması da mümkün görünmür. Ümumiyyətlə, bu ölkə nə qədər ki, işğalçı siyasət aparır və iqtisadi blokada şəraitindədir, iqtisadi-siyasi inkişaf üzrə islahatlar olmayacaq. Bu, siyasi sistemin formalaşması, ölkədə demokratiyanın bərqərar olması demək deyil. Bu, Sarkisyanın müharibə partiyasının hakimiyyətdə qalmasına hesablanıb. Bunlar gözləyir ki, Avropanın maliyyə dəstəyini alacaqlar və dünyada demokratik bir ölkə kimi imic formalaşdıracaqlar. Avropa da bilir ki, indiki vəziyyətdə Ermənistanın demokratik ölkə olması qeyri-mümkündür. Rusiyanın siyasi təsiri olan ölkəyə maliyyə ayrılması da risqlidir”.
Vidadi ORDAHALLI