Yeganə Hacıyeva: “Bu, Tramp administrasiyasının xarici siyasətdə iqtisadi maraqları şantaj məqsədilə istifadə etməsi deməkdir”
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, polad və alüminium idxalına gömrük rüsumu tətbiq ediləcək. Gömrük dərəcələri polad üçün 25%, alüminium üçün isə 10% olacaq. "Bu qərar uzun müddət qüvvədə olacaq", - D.Tramp bildirib. Prezident, həmçinin, qərarın növbəti həftədən qüvvəyə minəcəyini qeyd edib.
"Polad və alüminium sənayemiz, həmçinin, digər sektorlar on illərlə məhv edilib. Buna səbəb ədalətsiz ticarət şərtləri və düşünülməmiş ticarət anlaşmaları olub", - Prezident "Twitter" sosial şəbəkəsindəki profilində bildirib.
ABŞ-ın qərarı xarici ticarət kəsirini azaltmaq istəyi ilə izah olunur. ABŞ-ın başladığı proteksionist ticari siyasət digər ölkələrin iqtisadiyyatına mənfi təsir göstərəcək. Bu ölkələrin adekvat addım atması qlobal ticarətin həcmini azalda, ümumiyyətlə, qlobal iqtisadi artımı zəiflədə bilər.
Qeyd edək ki, Trampın bu qərarı Avropa Birliyinin etirazına səbəb olub. Avropa Birliyinin polad məhsullarının idxalına məhdudiyyət qoyması qərarına görə ABŞ-a sanksiya tətbiq edə biləcəyi barədə məlumat yayılıb.
Göründüyü kimi, Trampın yeni qərarı, faktiki olaraq, ABŞ-la Avropa Birliyini üz-üzə qoyub. Bu hal gələcək üçün nə vəd edir?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, ABŞ Prezidenti Donald Trampın Avropa Birliyini sanksiyalarla hədələməsi ilk hal deyil: “Bu dəfə D.Tramp AB-ni ABŞ şirkətlərinə əngəl olacağı təqdirdə sanksiyalar tətbiq edəcəyinə, ölkəsinin Avropa ölkələri ABŞ-ın növbəti həftədən polad və alüminium idxalına tətbiq edəcəyi vergilərə qarşılıq verərsə, Avropa istehsalı olan maşınlara vergi tətbiq edəcəyini elan edib.
Hələ seçkilərdən öncə D.Trampın prezident seçiləcəyi halda ABŞ xarici siyasətinin kökündən dəyişiləcəyini, ABŞ-ın AB ilə və ümumiyyətlə, beynəlxalq münasibətlərində prioritetin məhz iqtisadi münasibətlərin olacağını, AB ilə isə iqtisadi münasibətlərinin xüsusi ilə gərgin olacağını ehtimal edirdik. Belə ki, yeni prezident adəti üzrə siyasi və ya xüsusi xidmət isteblişmentinə deyil, biznes dairələrə aid idi və əlbəttə ki, münasibətlərini iqtisadi çıxarlar üzərindən quracağı aydın idi.
Həmçinin, namizəd kimi, Trampın açıqladığı iqtisadi və təhlükəsizlik mövzusuna aid platforması da bu fikri söyləməyə əsas verirdi. Təsadüfi deyil ki, prezident seçildiyinin ilk günlərində AB-nin aparıcı ölkəsi olan Almaniyanın kansleri Merkel AB-nin ABŞ-la daha öncədən razılaşdırdığı transatlantik iqtisadi sazişinin imzalanmasını çoxlu açıq suallar mövcud olması üzündən təxirə saldığını və detallar barədə geniş müzakirəyə ehtiyac olduğunu söylədi.
Ümumiyyətlə, bir haşiyəyə çıxım ki, ABŞ-ın xarici siyasətində məqsədlərinə çatmaq üçün sanksiyalarla hədələmə və sanksiyaların tətbiqi artıq bir normaya çevrilib. Əgər daha öncələr sanksiyalar və tətbiqi məsələri siyasi addımlarda, təhlükəsizlik siyasətində işlənirdisə, indi artıq iqdisadi siyasətdə geniş işlənməyə başlayıb.
Sırf ABŞ-ın Avropa Birliyinə sanksiyalar tətbiqi haqqında danışırıqsa, bunu qeyd etməliyəm ki, ABŞ artıq Rusiya kartı ilə AB, xüsusilə də AB-nin iqtisadi giqantı olan Almaniyaya sanksiyalar tətbiq edir.
Digər tərəfdən, ABŞ Rusiyaya bu günlərdə tətbiqini elan etdiyi sanksiyalar paketi çərcivəsində sırf “Şərq axını -2” layihəsinə tətbiqi nəzərdə tutulan sanksiyalarla birliyi ehtiyaclarını ucuz Rusiya qazını almaqla deyil, qat-qat baha transatlantik ABŞ qazını almağa məcbur edir. Bu layihədə iştirak edən alman şirkətlərinə tətbiq olunacaq sanksiyalarla isə Almaniyanı birtərəfli qaydada hesabladığı NATO müdafiə əməkdaşlıq xətti ilə borclu hesab etdiyi 375 milyard dollarlıq məbləği ödəməyə məcbur etmək istəyir. Bu isə artıq Tramp administrasiyasının xarici siyasətdə iqtisadi maraqları şantaj məqsədilə istifadə etməsi deməkdir.
Bu, Tramp administrasiyasının ilk şantaj addımı deyil. Belə ki, BMT-də Qüdslə bağlı səsvermə zamanı ABŞ nümayəndəsinin diğər ölkələri onların mövqeyinu dəstəkləməsi üçün atdıqları şantaj addımlarını xatırlamaq kifayətdir.
Tramp administrasiyasının iqtisadi mövzularda AB-yə sanksiyalar siyasətini davam etdirəcəyi, bunun xüsusilə də Almaniya ilə münasibətlərdə geniş istifadə olunacağı daha aydındır”.
Məhəmmədəli QƏRİBLİ