Aqşin Əliyev: “Gürcüstan rəsmilərinin Ermənistanla təmasları nə qədər intensiv hal alsa da...”
Son vaxtlar Gürcüstan rəhbərliyində təmsil olunan şəxslərin Ermənistana etdikləri səfərlər intensiv hal almağa başlayıb. Bir neçə gün əvvəl Gürcüstanın bəzi qurumlarını təmsil edən nazirlərin, bunun ardınca isə baş nazir Giorgi Kvirikaşvilinin rəhbərliyi altında nümayəndə heyətinin Ermənistana rəsmi səfəri baş tutdu.
Bildirilir ki, G.Kvirikaşvilinin Ermənistana birgünlük səfəri çərçivəsində Gürcüstan və Ermənistanın hökumət üzvləri arasında geniş tərkibdə görüş keçirilib. Gürcüstanın hökumət başçısının Ermənistan prezindenti Serj Sarkisyanla təkbətək görüşü də olub.
Gürcüstanın baş nazirinin başçılıq etdiyi nümayəndə heyətinə iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze, müdafiə naziri Levan İzoriya və digər rəsmi şəxslər daxil olub.
Gürcüstan rəsmilərinin Ermənistanla əlaqələrə marağının artması nə ilə bağlı ola bilər?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, bunun bir sıra səbəbləri var: “Gürcüstan Ermənistan-Azərbaycan münaqişəsi kontekstində maksimum dərəcədə neytrallığını qorumağa çalışır. Ancaq Azərbaycanla olan bir çox layihələrdəki müştərək iştirak və xüsusilə də Gürcüstanın həmin aspektdən qazandığı mənfəət onu bir qədər ehtiyatlı siyasət yürütməyə vadar edir. Yadınızdadırsa, bir müddət əvvəl Gürcüstanın rəsmiləri erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyü barədə bəyanat verdilər. Onların məlum mövqeyi Azərbaycanda və öz daxillərindəki müxalifət qüvvələri tərəfindən birmənalı qarşılanmadı. Həmin hadisə Gürcüstan müxalifətində güclü reaksiya doğurdu, hətta qalmaqala belə səbəb oldu. İddia olunurdu ki, bu addımı ilə Gürcüstan hakimiyyəti öz ərazilərinin ilhaqı faktı ilə barışmış olur. Bu cür təzyiqlər Gürcüstanın deyilən layihəni təxirə salması ilə nəticələndi. Təbii ki, Ermənistanın özünə bu istiqamətdə yeni nəfəslik açmaq səyləri də boşa çıxdı. Bu da iki ölkə arasındakı münasibətlərə mənfi təsir edə biləcək amil kimi dəyərləndirilə bilər. Gürcüstan rəsmiləri bu gedişləri ilə münasibətləri normal məcraya yönəltmək istəyirlər. Xüsusilə də iki ölkə arasında bəzi iqtisadi məsələlər və bu yöndə əməkdaşlıq üçün zəmin yaradılır. Təbii ki, bu iki ölkə arasındakı ticarət əlaqələri böyük həcmdə ola bilməz. Cünki bir-birindən alıb-satmaq üçün zəruri olan malları çox deyil. Gürcüstanda bir erməni separatizmi təhlükəsi də var. Bilirsiniz ki, ermənilərin Gürcüstanda kompakt yaşadığı ərazilər var. Məhz həmin ərazilərdə tez-tez separatçı meyllər baş qaldırır. Gürcüstan Ermənistanla münasibətləri normal məcrada saxlamaq istəyir ki, həmin mənfi elementlərə dövlət səviyyəsində dəstək verməsin. Bundan əlavə, yaxın qonşuluq münasibətlərindən irəli gələn mehribançılığı saxlamaq istəyir. Bir daha qeyd edim ki, Gürcüstan rəsmilərinin Ermənistanla təmasları nə qədər intensiv hal alsa da, bunlar bizim üçün narahatlıq yaradacaq gücdə deyil. Çünki Gürcüstan heç vaxt bu münasibətləri Azərbaycan əleyhinə istifadə etməz. Əks təqdirdə böyük mənfəətləri əlindən çıxa bilər”.
Məhəmmədəli QƏRİBLİ