Elşən Mustafayev: “Özündən əvvəlki 3 prezidentin yolunu davam etdirməkdə maraqlı olmasını bəyan edəndən sonra Ermənistan əhalisinə də məlum oldu ki, onları aldadıblar”
Ermənistan özünə yeni prezident seçdi. Daha doğrusu, hakimiyyət könüllü surətdə bir Sarkisyandan başqa Sarkisyana ötürüldü. Həmin ölkənin Konstitusiyasına edilən dəyişiklikdən sonra Ermənistan parlamenti tarixdə ilk dəfə olaraq ölkə başçısını seçib. Hakim partiyanın namizədi Armen Sarkisyan Ermənistanın növbəti prezidenti seçilib. Parlamentin deputatları onu 90 səs lehinə, 10 səs əleyhinə olmaqla prezident seçiblər.
Qeyd edək ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan hakim Respublika Partiyasının adından ölkənin Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın namizədliyini təklif edib. Armen Sarkisyan yeganə namizəd olub və ona alternativ irəli sürülməyib.
Armen Sarkisyanın namizədliyini Respublika Partiyasından və "Daşnaksütyun" Erməni İnqilab Federasiyasından ibarət hakim koalisiya fraksiyasının 65 deputatı irəli sürüb. Səsvermədə parlamentin 100-dən artıq deputatı iştirak edib.
Prezidentin seçilməsi üçün namizədin səslərin 3/4-nü, yaxud 79 səs toplaması lazımdır. Hakim fraksiyanın parlamentdə 65 mandatı var. Hakimiyyətin namizədinə "Tsarukyan" müxalifət fraksiyası da dəstək verib. Bu fraksiyaya 31 deputat daxildir.
Hazırkı Ermənistan prezidenti Serj Sarkisyanın səlahiyyət müddəti başa çatandan sonra - aprelin 9-da ölkənin yeni Konstitusiyası tam qüvvəyə minəcək. Bu Konstitusiyaya görə, hakimiyyət parlamentin və hökumətin əlinə keçəcək, prezident funksiyasını isə parlamentin seçdiyi şəxs həyata keçirəcək. O, formal prezident olacaq, real hökuməti isə baş nazir idarə edəcək.
Armen Sarkisyan 1953-cü ildə İrəvanda anadan olub. 1984-85-ci illərdə Kembric Universitetinə dəvət edilib. Sonra Moskva elmi mərkəzində və xaricdə işləyib. 1990-cı ildə London və Kembric universitetlərinin dəvəti ilə yenidən Britaniyada işləməyə gedib.
Sonra diplomatik işə keçib. Ermənistanın Britaniyadakı ilk səfiri olub. Ölkəni Avropa qurumlarında təmsil edib. 1996-97-ci illərdə baş nazir postunu icra edib.
Sarkisyan “British Petroleum”, “Bank of America”, “Alcatel”, “Telefonica”, “Merrill Lynch” və digər şirkətlərin baş məsləhətçisi olub.
Əksər ekspertlər hesab edirdilər ki, hakimiyyətə gələn yeni Sarkisyan, sələfindən fərqli olaraq, daha demokrat və Qərbə meylli olacaq. Ancaq onun Ermənistan mətbuatına prezident seçiləndən sonra verdiyi bir açıqlama bu fikirdə olanların yanıldığına sübut sayıla bilər. Yeni prezident deyib ki, səlahiyyətlərinin icrasına başlayandan sonra özündən əvvəlki hər 3 prezidentin yollarını tam davam etdirəcək. Əslində, çox düşündürücü bir açıqlamadır. Çünki Ermənistan müstəqillik qazanandan sonra ona rəhbərlik edən 3 prezident bir-birlərinə qarşı antoqonist mövqelərilə seçiliblər. Ən azı, ictimai rəyə onların münasibətləri bu şəkildə təqdim olunub. Onda belə çıxır ki, bunların hamısı imitasiya olub? 4-cü prezident özündən əvvəlki 3 ölkə başçısı işləmiş siyasilərin yollarını davam etdirməyə söz verirsə, demək, belə düşünməyimizə əsas var. Yeni seçilən prezidentin bu eyhamından ekspertlər hansı nəticəni çıxarırlar?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, bu olduqca təhlükəli bir tendensiyadan xəbər verir: “Bilirsiniz ki, Ermənistanın indiki rəhbərliyi məcburiyyət qarşısında qalıb belə islahata getdi. Artıq əhali görürdü ki, onların yürütdüyü işğalçı siyasət heç bir səmərə vermir. Ölkə acından ölür, insanlar bir qarın çörək üçün Ermənistanı tərk edirlər. Xüsusilə də başlıca narazılıq müharibə dalğası üzərində hakimiyyətə gələn Sarkisyan və onun əslən Qarabağdan olan komandasındandır. Yerli Ermənistan əhalisi hesab edirdi ki, Qarabağdan gələn ermənilər onları tam əsarət altına alıblar. Onlar fikirləşib bu modeli tapdılar ki, nisbətən loyal bir fiquru ölkə başçısı etsinlər. Xüsusilə də yeni namizədin əslən Ermənistan kökənli olduğuna diqqət etdilər. Qərbdə işləmiş, İrəvanda doğulmuş, fundamental elm sahəsində alimlik dərəci qazanmış yeni prezidentdən gözləntilər fərqli idi. Ancaq Sarkisyan özündən əvvəlki 3 prezidentin yolunu davam etdirməkdə maraqlı olmasını bəyan edəndən sonra Ermənistan əhalisinə də məlum oldu ki, onları aldadıblar. Bundan əvvəlki prezidentlərin yolunu davam etmək o anlama gəlir ki, Ermənistan Dağlıq Qarabağla bağlı siyasətində konstruktivlik nümayiş etdirməyəcək. Yəni işğaldan xoşluqla əl çəkmək niyyətində deyil. Bunun hansı nəticələrə səbəb olduğu göz qabağındadır. Əslində, biz belə də gözləyirdik. Çünki bundan sonra prezident Ermənistanda formal xarakter daşıyacaq. Yəni səlahiyyətlərin çoxu baş nazirdə olacaq. Fikirlərimi belə bir formulla ifadə edə bilərəm: Sarkisyanların yerini dəyişəndə nəticə dəyişmir”.
Məhəmmədəli QƏRİBLİ