Suriyada mövqeləri toqquşan ABŞ və Türkiyənin üz-üzə gəldiyi daha bir məkan Aralıq dənizi ola bilər. Belə görünür ki, ABŞ burada da Türkiyənin maraqlarına qarşı hərəkət etməyi düşünür. Hər halda, ABŞ-ın “ExxonMobil” enerji şirkətinin Cənubi Kiprin “Block 10” adlandırdığı ərazidə bu ilin payızında neft-qaz axtarışlarına başlamaq niyyətinə düşməsi qeyd edilənlərin təsdiqi sayıla bilər.
“Milliyyət” qəzetinin yazdığına görə, həmin tarixə kimi Kipr problemi həll edilməsə, yaxud da adanın təbii ehtiyatlarının hər iki tərəfə aid olduğuna dair Ankaranın tezisi qəbul edilməzsə, Şərqi Aralıq dənizində Türkiyə və ABŞ-ın döyüş gəmiləri qarşı-qarşıya gələ bilər. “Milliyyət” qeyd edir ki, əsl qiyamət o zaman qopacaq.
Qeyd edək ki, Cənubi Kipr Şərqi Aralıq dənizini, Şimali Kipr Türk Cumhuriyyətinin ətrafı da daxil olmaqla, 13 ayrı bölgəyə bölərək təbii qaz axtarışları üçün lisenziya verib. Ancaq nə Türkiyə, nə də Şimali Kipr Türk Cumhuriyyəti Cənubi Kiprin bu addımının qəbul edir. Türkiyə, xüsusilə yunanların “3-cü bölgə” adlandırdığı ərazidə təbii qaz axtarışlarının ciddi bir böhran yaradacağı barədə xəbərdarlıq edib. Ancaq adanın yunan tərəfi xarici şirkətlərə təbii qaz axtarışları üçün lisenziyalar təqdim etməkdə davam edir. Son olaraq fevralın 9-da İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” platforması təbii qaz axtarışları üçün Şimali Kipr Türk Cumhuriyyətinin sahillərində yerləşən “3-cü bölgə”yə gəlib. O dövrdə “Saipem 12000” gəmi-platformanın Türkiyənin döyüş gəmilərindən biri ilə toqquşmadan son anda yayına bildiyi ortaya çıxıb. Məlumata görə, Ankaranın bölgədə qaz axtarışlarına imkan verməyəcəyini açıqlamasından sonra əraziyə Türkiyənin döyüş gəmiləri hərəkət edib. Bölgəyə yaxınlasan “Saipem 12000” türk döyüş gəmiləri ilə qarşılaşıb. Platforma yoluna davam etmək istəsə də, türk döyüş gəmilərindən biri yolunu dəyişərək istiqamətini “Saipem 12000”ə tərəf çevirib. Bundan sonra İtaliya şirkətinə aid gəminin kapitanı radio ilə Türkiyənin döyüş gəmisi ilə əlaqə saxlayıb. O, türk döyüş gəmisinin kapitanına “yolumuzdan çəkilin, yoxsa birlikdə batacağıq” deyərək çağırış edib. Lakin Türkiyə gəmisi istiqamətini dəyişməyib. Sonda araşdırma gəmisinin kapitanı gəmini ərazidən çıxarmağa məcbur olub. İtaliya “Saipem 12000”-i qorumaq üçün Səudiyyə Ərəbistanında NATO-nun xidmətində olan freqatını Aralıq dənizinə göndərib. Ancaq İtaliya freqatı Türkiyənin mövqeyini dəyişməyəcəyini gördükdən sonra Beyrut limanına hərəkət edib. Beləliklə, ENİ bölgədə təbii qaz axtarışlarından imtina etməyə məcbur olub. Cənubi Kipr isə bundan sonra daha nüfuzlu oyunçu olan ABŞ-dan istifadə etmək niyyətindədir. Yunanlar Amerika şirkətinin neft-qaz axtarışlarına Ankaranın əngəl ola bilməyəcəyini düşünür.
Türkiyə isə, qarşısında kimin durmasından asılı olmayaraq, Aralıq dənizində özünün və Şimali Kipr Türk Cumhuriyyətinin mövqeyini müdayiə edəcəyini açıq bəyan edir. ABŞ-ın hökumətə bağlı “ExxonMobil” şirkətinin bunu bildiyi halda Cənubi Kiprlə əməkdaşlığa getməsi Vaşinqtonun Ankaraya qarşı növbəti gedişi sayılır. Yuxarıda qeyd olunduğu kimi, tərəflərin Suryiada mövqe toqquşmasından sonra indi də Aralıq dənizində üz-üzə gəlməsi böyük təhdidlər vəd edir. Yeri gəlmişkən qeyd edək ki, Suriyanın Münbiç şəhəri üzündən Türkiyə - ABŞ münasibətlərinin daha sürətlə kəskinləşməsi müşahidə olunur. ABŞ-ın istəklərinin əksinə olaraq, Ankara şəhərə ordu yeridəcəyini açıqlayıb. "Zeytun budağı" hərəkatının 45-ci günü ilə bağlı çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu xüsusda bildirib: "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri Suriya sərhədləri daxilində yerləşən bütün əraziləri terrorçulardan təmizləməyə hazırdır. "Zeytun budağı" əməliyyatı Suriyanın bütün şimalı boyu İraqla sərhədə qədər davam edəcək. Türkiyə Silahlı Qüvvələri bu gün Afrindədir, sabah isə Münbiçdə olacaq. Terrorçuları bu torpaqlardan bir-bir təmizləyəcəyik". Ərdoğan ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaraya səfəri zamanı bu xüsusda irəli sürdüyü təklifi barədə danışarkən bildirib: “Biz dedik ki, Münbiç nə sizdə olsun, nə də bizdə. Ora həqiqi sahiblərinin olmalıdır. Reks Tillerson dedi ki, YPG və PYD-ni Münbiçdən çıxaraq. Münbiçin təhlükəsizliyinin yarısı sizdə olsun, yarsı bizdə. Cavab verdik ki, Münbiç həqiqi sahiblərinin olmalıdır. ABŞ rəsmiləri Barak Obamanın prezidentliyi dövründən bəri Münbiçdə qalmayacaqlarını, ora girənlərin çıxarılacaqlarını, Fərat çayının şərqində yerləşdiriləcəklərini bildirirlər. Verdikləri sözə uyğun olaraq, YPG Münbiçdən çıxmalıdır. Terrorçulara etdiklərinin əvəzini qat-qat artıq ödətdirəcəyik".
Hazırda Münbiç üzərindən ABŞ - Türkiyə münasibətlərinin kəskinləşməsi müşahidə olunur. Aralıq dənizində baş verənlər isə təhlükəni daha da böyüdür.
NAHİD