Aqşin Əliyev: “Onun blokadadan çıxmaq şansı...”
Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə imzalanmış Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokolların ləğv olunduğunu bildirib. S.Sarkisyan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında bu protokolların etibarsız hesab olunduğunu bəyan edib.
Qeyd edək ki, iki ölkə arasında münasibətlərin normallaşması haqqındakı “Sürix protokolları” 2009-cu il oktyabrın 10-da XİN rəhbərləri arasında imzalansa da, parlamentlərdə ratifikasiya olunmadı.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr 1993-cü ildə dayandırılıb.
Qeyd edək ki, Ermənistan bu protokolların ləğvini öz qələbəsi kimi qələmə verməyə çalışır. Ancaq, faktiki olaraq, onun blokadadan çıxmaq cəhdləri fiaskoya uğrayıb. Bunu Ermənistanın qələbəsi, yoxsa məğlubiyyəti saymaq olar?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, “Sürix protokolları” Ermənistanın blokadanı yarmaq üçün son ümid yeri olub: “Söhbət Ermənistanın özünün-özünü saldığı iqtisadi blokadadan gedir. Həmin danışıqlar ABŞ-ın köhnə Obama administrasiyasının dönəmində olub. Həmin vaxt dövlət katibi olan Hillari Klinton protokolların imzalanması üçün dəridən-qabıqdan çıxdı. Əslində, ABŞ ölkəsindəki güclü erməni diasporunun istəyini həyata keçirməyə çalışırdı. Çünki “Sürix protokolları”nın ideya müəllifi məhz onlar olub. Faktiki olaraq prosesin birinci mərhələsi keçmişdi. Hər iki ölkənin parlamenti həmin sənədi ratifikasiya etmədi. Olan aralıq müddətdə Türkiyə və Azərbaycan cəmiyyətində bu məsələyə ciddi etirazlar edildi. Demək olar ki, əksər siyasi qüvvələr Ermənistanla sərhədlərin açılmasına qarşı çıxdılar. Bəlli oldu ki, həmin protokolların imzalanmasının bir məqsədi də Türkiyə ilə Azərbaycanın arasını vurmağa hesablanıb. Danışıqların gizli aparılması da dünyanın güclü dövlətinin gizli planlarını pərdələmək üçün imiş. Həmin plan bilavasitə Ermənistanın marağına uyğun olub. Çünki onlar hələ də iqtisadi blokadadan çıxmağın yollarını axtarırlar. Türkiyə ilə sərhədlərin açılmasına ümidlər böyük idi. Hətta ortaya “futbol diplomatiyası” kimi bir vasitə də atıldı. O çərçivədə Ermənistan və Türkiyə dövlət başçılarının qarşılıqlı səfərləri də nəzərdə tutulurdu. Bir sözlə, cəmiyyətlərin təpkisi bu planın reallaşmasına imkan vermədi. Ermənistan hakimiyyəti və cəmiyyəti isə buna tam razı idi. Türkiyə öz şərtini stabil olaraq saxladı və bildirdi ki, Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər sərhədlərin açılması söhbət mövzusu ola bilməz. Ermənistan uzun illərdir protokolların yenilənməsini gündəmə gətirir. Ancaq səylərinin tam səmərəsiz olduğunu görəndə onun tam ləğvi ilə bağlı qərar qəbul etdilər. Çıxılmaz vəziyyətdə qaldıqları üçün belə “sevinc” nümayiş etdirirlər. Bu, Ermənistanın böyük məğlubiyyətidir. Deməli, onun blokadadan çıxmaq şansı əbədiyyətə qovuşdu”.
Məhəmmədəli QƏRİBLİ