Qabil Hüseynli: “Rəhmətlik Heydər Əliyev onların bu təxribatının həyata keçməsinə imkan vermədi”
Son vaxtlar erməni saytlarında maraqlı tendensiya müşahidə edilir. Onların Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı təqdim etdikləri informasiyalarda yeni yanaşma tərzi sezilir. Belə ki, düşmən ölkənin informasiya resursları münaqişəyə və onunla bağlı ortaya çıxan hansısa yeni detallara Azərbaycanla Ermənistan arasındakı münaqişə kimi deyil, guya Azərbaycanla qondarma “Artsax” arasındakı konflikt kimi yanaşma tərzi ortaya qoyurlar.
Dünya ictimai rəyinə guya “Artsax-Azərbaycan müharibəsinin” getdiyi barədə saxta və əsassız tezis otuzdurmaq istəyirlər. Azərbaycan isə münaqişənin adını daim beynəlxalq sənədlərdə qeyd edilən: Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi kimi çəkir. Ermənilər və beynəlxalq ictimaiyyət yaxşı bilir ki, yeni qondarma “Artsax” adı ilə çağırılan qurum bizimlə münaqişə tərəfi ola bilməz. Çünki Dağlıq Qarabağ ərazisində yaradılan həmin qurum Azərbaycanın tabeliyində olan ərazilərdə özünə məskən salıb və müvəqqəti olaraq separatçıların nəzarətindədir. Ortaya başqa bir sual da çıxır: Ermənistan doğrudan da bu münaqişənin Azərbaycanla “Artsax” arasında getdiyini zənn edirsə, onda niyə danışıqlar prosesində tərəf kimi iştirak edir? Onların məntiqi ilə yanaşdıqda Ermənistanın bu məsələyə heç bir aidiyyəti olmamalıdır.
Ermənistanın münaqişəyə yeni ad kontekstindən yanaşma cəhdinin arxasında hansı maraqlar dura bilər?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, ermənilər uzun müddətdir bu cəhdi edirlər: “Onlar belə avantüraları ilə dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Guya bildirmək istəyirlər ki, münaqişənin anatomiyasını onların “Artsax” adlandırdığı ərazidəki əhalinin milli azadlıq mübarizəsi təşkil edir. Eyni zamanda qeyd edirlər ki, guya oradakı bütün hərbi əməliyyatlar da “Atsax” adlı qondarma qurumun özünümüdafiə qüvvələri tərəfindən aparılıb. Həmin ərazidə ən çoxu 50 min erməni qala bilər. Onların da əksəriyyəti qocalardır. Həmin sayda ermənidən maksimum 2 min əsgər düzəltmək olar. Amma gəlin görək deyilən ərazidə nə qədər əsgər xidmət keçir? Təbii ki, hamısı Ermənistandan gətirilir. Ermənilər gözəl bilirlər ki, onların “Artsax” dedikləri ərazidə 150 il bundan qabaq bir nəfər də olsun erməni olmayıb. Hər dəfə bir uydurma taktika ilə dünyanı çaşdırmağa, ən əsası da “Artsax” adını beyinlərə yeritməyə çalışırlar. Ancaq bilsinlər ki, bu cür yalanlar ayaq tutar, ancaq yeriməz. Ermənistan da öz yaxasını bu prosesdən qırağa çəkə bilməz. Hələ 1994-cü ildə imzalanan atəşkəslə bağlı sənəddə ermənilər cəhd edirdilər ki, Dağlıq Qarabağın erməni icması da tərəf kimi tanınsın və sənədə imza atsın. Rəhmətlik Heydər Əliyev onların bu təxribatının həyata keçməsinə imkan vermədi. Danışıqlar prosesində iştirak edəcək tərəf olaraq, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları paritet əsaslarla cəlb olundular. Ermənilərin əl atdıqları bu cür təxribatlar artıq köhnəlib. Dünya birliyi münaqişəni dərinliyinə kimi mənimsəyib”.
Məhəmmədəli QƏRİBLİ