30 il əvvəl Sumqayıtda baş verən hadisələr erməni xislətinin mahiyyətinin üzə çıxmasında, düşmənin məkrli niyyətinə çatması üçün hansı yalan və dəhşətlərdən istifadə etməyə hazır olmasına aydınlıq gətrilməsində mühüm rol oynayan məqamlardan sayılır.
Ermənistanda azərbaycanlıların başına açdıqları dəhşətlərdən dünyanın diqqətini yayındırmaq və Dağlıq Qarabağda başladıqları separtçılığa haqq qazandırmaq üçün ermənilərin xüsusi xidmət orqanlarının o vaxtkı SSRİ rəhbərliyinin yardımı ilə Sumqayıtda törətdiyi vəhşiliklər qarşı tərəfin Azərbaycan torpaqlarına qəsd üçün geniş hazırlıq işləri aparmasının da real təsdiqidir.
Burada xatırlatmaq lazım gəlir ki, hələ 1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni separatizminin aktiv fazaya keçməsi ilə bir vaxtda İrəvanda da Azərbaycanla düşmənçiliyin ön planda yer aldığı kütləvi mitinqlərə start verilib. Həmin vaxt SSRİ-nin mövcudluğuna baxmayaraq, milli-etnik zəmində azərbaycanlılar əleyhinə fikirlər səsləndirilir, açıq şəkildə düşmənçilik təşviq olunurdu. Burada "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarların irəli sürülməsi, əslində real vəziyyətin nədən ibarət olduğunu kifayət qədər aydın surətdə meydana qoyurdu. Bu dövrdə SSRİ rəhbərliyinin hadisələrə seyrçi mövqedən yanaşması nəticəsində davamlı xarakter alan mitinqlərin gedişində İrəvanda salamat qalmış yeganə məscid binası və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrının ləvazimatları yandırıldı. İrəvanda bu hadisələrə etirazını bildirən azərbaycanlıların da evlərinə od vuruldu. Digər tərəfdən, Ermənistanda yaşayan azərbaycanlıların əmlakı yağmalanmağa, özlərinə müxtəlif formada təzyiqlər edilməyə, bəzilərinin isə qətlə yetrilməsinə başlandı. Nəticə etibarı ilə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası başlandı. Bu deportasiya soydaşlarımızın kütləvi qətliamları, qəddar zorakılıqlara məruz qalması ilə müşaiyət olunurdu. Ermənistandan azərbaycanlıların zorla qovulması, evlərinə od vurulması, eyni zamanda Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlılara qarşı hücumların başlamasına SSRİ rəhbərliyi yenə laqeydliklə yanaşmaqda davam edirdi. Elə bu da erməni vəhşilyinin daha geniş vüsət almasını şərtləndirən başlıca faktorlardan biri idi. Halbuki, baş verənlər birbaşa SSRİ-nin mövcudluğu üçün təhdid mənbəyi kimi çıxış edirdi.
Məsələ burasındadır ki, Ermənistanda və Dağlıq Qarabağda 1988-ci ilin fevralında baş verənlər bütün SSRİ-də açıq kütləvi nümayişlərin ilk siqnalı idi. SSRİ Konstitusiysına zidd olaraq ərazi iddialarına qalxan Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq özünə birləşdirilməsini tələb edirdi. Qarabağda etnik zəmində ilk toqquşmalar, qeyd olunduğu kimi, Ermənistanda yaşayan azərbaycanlıların yaşadıqları ata-baba torpaqlarından kütləvi köçməsi ilə nəticələndi. Bu milli ədavət ən müxtəlif qrupları SSRİ-də hakimiyyət uğrunda aparılan mübarizənin bir elementinə çevirdi. Yaranmış durumda erməni separatçılarının əsas məqsədlərindən biri törətdikləri əməllərdən diqqəti yayındırmaq, bu fonda Azərbaycanı nufuzdan salmaq və Qarabağı ələ keçirmək üçün psixoloji, hüquqi arqumentlər yaradılmasına nail olmaq idi. Xüsusən də Ermənistandan qovulan yüz minlərlə azərbaycanlıdan diqqəti yayındırmaq və Dağlıq Qarabağın Azərbaycandan qoparılması planlarını həyata keçirmək o dövrdə ermənilər üçün ən vacib məqamlar sırasında yer alırdı.
1988-ci il fevralın 28-də və 29-da Sumqayıtda kütləvi iğtişaşlar törədilməsinin əsas səbəbləri də məhz bunlar idi. Erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Azərbaycan torpaqlarında törətdiyi cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinin törədilməsində çox maraqlı idi. 1988-ci ildən qeyd olunan istiqamətdə başlanmış təbliğat kampaniyası bu mənada təsadüfi sayılmır. Düşmən hesab edirdi ki, belə vəziyyətdə Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək üçün muxtar vilayəti Ermənistana birləşdirmək barədə qərarın qəbul olunmasına heç bir tərəf və ya ölkə etiraz edə bilməyəcək. Hər şeyi qabaqcadan planlaşdıran separatçı qüvvələr Sumqayıt şəhərini təsadüfən seçməmişdilər. Məlumdur ki, həmin ərəfədə Ermənistandan zorla çıxarılmış 4 mindən artıq azərbaycanlının əksəriyyəti məhz Sumqayıtda məskunlaşmışdı. Ermənilərin törətdiyi vəhşiliklər, təbii ki, onlarda qəzəb hissi yaratmışdı. Bunu ermənilərlə yanaşı, onlara dəstək verən SSRİ rəhbərliyi, xüsusən də xüsusi xidmət orqanları yaxşı bilirdi. Həqiqət də budur ki, Sumqayıt hadisələri keçmiş SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının təşkil etdiyi ssenarinin tərkib hissəsi olmuşdu. Müxtəlif dövlət orqanlarının əlində olan faktlar da bu həqiqəti təsdiqləyir. Sumqayıtda o vaxt yaşayan ermənilərin böyük əksəriyyətinin bu hadisələrin baş verəcəyindən əvvəlcədən xəbəri olmuşdu və həmin ərəfədə yüzlərlə erməninin banklardakı əmanətlərini əvvəlcədən çıxarması bu faktı sübuta yetirir.
Xatırladaq ki, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin o vaxtkı sədri Vladimir Kryuçkov da hadisələrin Moskvadan idarə olunduğu faktını təsdiq etmişdi. Ermənistanın tanınmış siyasi xadimlərindən olan Paruyr Ayrikyan isə vurğulamışdı ki, Sumqayıt hadisələri birbaşa Moskva tərəfindən təşkil olunmuşdu. Məlum hadisələr törədilməzdən əvvəl isə şəhərə erməni xüsusi xidmət orqanlarının təmsilçilərinin gəldiyi də dəqiq faktlardır. Belə ki, hadisələrdən bir neçə gün əvvəl 100-dən çox saqqallı və qara gödəkçəli erməni ekstremisti Sumqayıta göndərilib. Onlar şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında gecələyiblər. Şərti olaraq “Nalyotçik” adlandırılan qrupun üzvləri fevralın 27-də küçələrə çıxaraq əhali arasında ekstremist əhval-ruhiyyəli iş aparıblar. Hadisələrin bilavasitə şahidlərinin ifadələri iğtişaşları təşkil edən bu şəxslərin Sumqayıt sakinləri olmadıqlarını təsdiqləyir. İfadələrdən belə məlum olur ki, həmin adamlar öz aralarında bəzi hallarda erməni dilində danışırmış, Azərbaycan dilini isə təmiz bilirmiş və hadisələr zamanı insanlar arasında ermənilər əleyhinə təbliğat aparırmışlar. Araşdırmalar göstərir ki, bu şəxslər Sumqayıtın o vaxtkı Lenin meydanında, bazar və univermaq ətrafında insanları bir yerə yığaraq özlərini Ermənistandan qaçmış soydaşlarımız kimi qələmə verir, ermənilərin onlara “necə divan tutduqlarından” danışıraraq müvafiq təbliğat həyata keçiriblər. Yalnız belə məqsədyönlü təbliğatla kifayətlənməyən emissarlar hər cür şirnikdirici vədlərlə, pul paylamaqla gəncləri və azyaşlıları məkrli niyyətlərinə qoşmaq istiqamətində də əməli addımlar atıblar.
Əslində bu hadisələrlə bağlı o vaxt SSRİ prokurorluğu və Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən aparılan istintaq zamanı əsl təşkilatçıların da məhz ermənilər olduğu üzə çıxıb. İstintaq materiallarında Sumqayıt hadisələrinin əsas təşkilatçısı kimi 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olduğu çoxsaylı şahid ifadələri, təkzibolunmaz dəlillərlə təsdiqlənir. Digər tərəfdən ermənilərin bu cür addımlar atamasına elə SSRİ rəhbərliyi də bilərəkdən bütün lazımi şərait yaratmışdı. 1980-1992-ci illərdə SSRİ Baş Prokurorluğunun xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində çalışmış, SSRİ Baş Prokurorluğunun Sumqayıtda baş verənləri araşdırmaq üçün hadisələrdən bir gün sonra Azərbaycana göndərdiyi Vladimir İvanoviç Kaliniçenko da bu xüsusda çox maraqlı məqamlar açıqlayır: “Qorbaçovun hakimiyyətə gəlişindən sonra bir gün mətbuatda Zori Balayan, Silva Kaputikyan və akademik Aqanbekyanın Dağlıq Qarabağda problemlərin olması və bu vilayətin Ermənistana birləşdirilməsi haqqında yazısı peyda olur. Baxmayaraq ki, ermənilərin istəkləri çoğrafi cəhətdən mümkün deyildi. Qorbaçov gözlənilmədən Balayan, Aqanbekyan və Kaputikyanın təklifini dəstəklədi. Beləliklə, bombaya fitil qoyuldu. İlk çaxnaşmalar əslində Dağlıq Qarabağdan başlamışdı. Ermənistandakı erməni millətçilər də bu hərəkata qoşuldular. Ermənistan ərazisində yaşayan yüz minlərlə azərbaycanlını öz ata-baba yurdundan qovmağa başladılar. Onların əksəriyyəti dağlıq yollarla Ermənistandan qaçmağa məcbur oldu. İndiyə kimi heç kəs bilmir ki, Ermənistandan qovulan azərbaycanlılar oradan qaçanda nə qədər itki verib, nə qədər azərbaycanlı həlak olub. Həmin azərbaycanlıların əksəriyyəti Ermənistanda kəndlərdə yaşayırdı, yəni kənd əhalisi idi. Onlar Ermənistandan qovulandan sonra Bakıya gəldilər. Evsiz, eşiksiz, pulsuz... Onların çoxu Bakıda qala bilmədi, Sumqayıta köçdü. Baxın, bütün bu hadisələrin səbəbi məhz burdan başlayır. Ermənistandan qovulan azərbaycanlılar Sumqayıtda mitinqlər keçirməyə başladılar. Həmin mitinqin təşkilatçısı da "KQB" idi. Onlar baş verənlərin səbəbkarı kimi erməniləri görürdülər. Üstəgəl Dağlıq Qarabağda baş verənlər... Hadisədən illər keçəndən sonra 1988-ci ildə mənimlə birlikdə Sumqayıt hadisələrini araşdıran "KQB"dən olan həmkarım, yaxın dostumla qarşılaşdım. Ona Sumqayıtdakı kütləvi iğtişaşların "KQB"nin əli ilə törədildiyini söylədim. O da mənə bunu etiraf etdi. Bildirdi ki, o zaman bunu mənə deyə bilməzdi. Onun dediyinə görə, SSRİ "KQB"sinin rəhbərliyi tərəfindən göstəriş gəlib ki, iğtişaşların heç bir təşkilatçısı müəyyən edilməsin, tapılmasın. "KQB"yə bu əmri Qorbaçov vermişdi. Qorbaçovun Balayan, Aqanbekyan və Kaputikyanın çağırışlarına müsbət cavab verməsi, Dağlıq Qarabağda problemin olmasını və problemin həll edilməsinin vacibliyini bildirməsi bütün bu böyük təxribatın tərkib hissəsi idi". Beləliklə, xüsusi xidmət orqanlarının ermənilərin lehinə olan bu təxribatı hazırlayıb həyata keçirməsi Sumqayıtda məlum hadisələrin yaşanmasına gətirib çıxardı.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.