Hazırda dünyanın əksər ölkələrində azərbaycanlılar yaşayır. Vətəndən kənarda yaşayan soydaşlarımızın xarici ölkələrə getmələri, sonrakı həyat və fəaliyyətlərini orada qurmaları uzun bir tarixi, ictimai və siyasi proseslərin məhsuludur. Bu gün qürbətdə yaşayan azərbaycanlılar uzun illər öncə təhsil almaq məqsədilə, ticarət əlaqələri səbəbindən, iş tapmaq axtarışıyla xarici ölkələrə getmiş azərbaycanlıların nəslinin davamçılarıdır.
Xaricdə yaşayan həmvətənlərimiz arasında uzun illər öncə Azərbaycanın müəyyən tarixi, ictimai-siyasi şəraitində vətəndən mühacirət etmiş tanınmış şəxsiyyətlərin soylarından olanlar da az deyil.
Uzun illərdən bəri xaricdə yaşayan azərbaycanlılar zaman keçdikcə, həmin ölkələrin ictimai-siyasi, mədəni və digər sahələrinə inteqrasiya olunublar. Nəticədə xaricdə tədricən Azərbaycan diasporu yaranıb. Dünya ölkələrində yaşayan azərbaycanlılar həmin dövlətlərin təhsil müəssisələrində alim-professor, dövlət orqanlarında məmur, siyasi partiyalarında aktiv üzv kimi, habelə incəsənət və mədəniyyət sahəsində özlərini sübut etdikcə, onların təşkilatlanması daha da sürətlənib.
Diaspor tariximizə nəzər yetirəndə görürük ki, 1949-ci il fevralın 1-də Türkiyənin Ankara şəhərində Azərbaycan Kültür Dərnəyi təsis edilib. Bununla da dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk təşəbbüs olub. Daha sonra 1956-cı ildə Azərbaycan Xalq Cumhuriyyətinin ilk milli təhlükəsizlik naziri olmuş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da Amerikanın Azərbaycan cəmiyyətini təsis edib.
Beləliklə, 20-ci əsrin ortalarından başlayaraq xaricdə yaşayan azərbaycanlıların, soydaşlarımızın şəbəkələnməsi, bir araya gələ bilməsi və həmrəyləşməsi istiqamətində təşkilatlarının yaradılmasının ilk qədəmləri qoyulub.
Vətəndən kənarda yaşayan soydaşlarımız dünyaya səpələnmə, yayılmaqla yanaşı, diaspor işində nə dərəcədə həmrəy ola bilirlər?
Bu suala cavab tapmaq o qədər də çətin deyil. Çünki xaricdəki Azərbaycan diasporu artıq ölkəmizin haqq səsini dünyaya çatdırmaqda, yaymaqda mühüm rol oynaya bilir.
Amma məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, bu gün hələ də uzun müddətdir yaşadığı və fəaliyyət göstərdiyi bəzi xarici ölkələrdə müəyyən kəsim azərbaycanlılar səpələnə bilsələr də, bir araya, şəbəkəyə gəlib lazım olan anda və yerdə təşkilat qura bilməyiblər. Bunun əsas səbəbi odur ki, yayılmağı bacaran və fəaliyyət göstərən müəyyən qisim həmvətənlərimiz yaşadıqları xarici ölkələrdə ictimai və siyasi fəaliyyətdə fərd olaraq iştirak etməyi seçiblər. Yaxud müəyyən bir hissəsi diaspor fəaliyyətində istəkli və həvəskar olsa da, təşkilatlanmaya gəldikdə şəxsi maraqlar, fərdi ambisiyalar və bəzən qazanc, mənfəət güdməkdən belə çəkinmirlər. Elələri də var ki, xaricdə, yaşadığı ölkədə diaspor təşkilatı yaratmağı bir azərbaycanlı kimi boynuna düşən milli mənlik vəzifəsi yox, dövlətdən almaq istədiyi maddi, maliyyə mənbəyi hesab edir və gəlir umur.
Bədnam qonşumuz və işğalçı dövlət olan Ermənistanın diaspor fəaliyyətində daha irəli getməsi, uğurlar qazanmasını qəbul etməliyik. Nə yazıq ki, birləşə bilməyən, şəxsi ambisiyalarını ümumi həmrəylik işindən üstün tutan xaricdəki soydaşlarımız qollarını çırmayıb işə başlamaq əvəzinə, erməni diasporunun güclü olmasıyla barışıblar… Bu cür düşünənlərin və diaspor işinə xaricdə töhfə vermək əvəzinə, problemi özündə deyil, kənarda axtaranların sayəsində lobbiçilik işində də qazandıqlarımızla yanaşı, itirdiklərimiz az deyil.
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının birliyi, həmrəyliyi məfhumları Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra dövlət siyasətində xüsusi yer tutmağa başladı. Heydər Əliyev çox gözəl başa düşürdü ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, dövlət imicinin formalaşdırılmasında və beynəlxaq nüfuz məsələlərində yalnız rəsmi diplomatik üsullarla kifayətlənmək mümkün deyil.
O, xarici ölkələrə səfərlərində vətəndən kənarda yaşayan soydaşlarımızla görüşməyə, onların problemlərini şəxsən dinləməyə, diaspor və lobbiçilik işində hər cür dəstək verməyə başladı.
Heydər Əliyev eyni zamanda görürdü ki, Dağlıq Qarabağ kimi ciddi bir problemi olan dövlətin bədnam qonşusuna, işğalçı Ermənistana qarşı mübarizəsinin masa, kürsü, tribunalarda aparılması yollarından biri də lobbiçilik və diaspor fəaliyyətidir.
Azərbaycan diasporunun yaranması tarixində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması ideyası da məhz mərhum Heydər Əliyevə məxsusdur.
1991-ci ilin sonlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlıları arasında birliyin daha da möhkəmləndirilməsinin əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Naxçıvan Ali Məclisində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Təklif yekdilliklə qəbul olundu və Azərbaycan Ali Sovetinə də eyni addımın atılması tövsiyə edildi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü hər il böyük bayram kimi qeyd edilir.
Bu amilləri nəzərə alan Heydər Əliyev ilk dəfə olaraq 1997-ci ilin martında Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsində xaricdə yaşayan soydaşlarımızla əlaqələr üzrə sektoru da yaratdı.
Daha sonra isə dünya azərbaycanlılarının birlik və həmrəyliyini təmin etmək məqsədilə 2001-ci il mayın 21-də Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında sərəncam imzalandı. Həmin il noyabr ayının 9-10-da keçirilən ilk qurultay soydaşlarımızın həmrəyliyinin təmin edilməsi və azərbaycançılıq ideyalarının təbliği istiqamətində tarixi hadisəyə çevrildi.
Milli birlik ideyalarının inkişafında mühüm rol oynayan bu mötəbər tədbir dünya azərbaycanlılarının Azərbaycan Respublikası ətrafında sıx birləşməsi prosesini sürətləndirdi. Qurultayda Azərbaycan dövlətilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, soydaşlarımız arasında milli birlik və həmrəyliyin təmin edilməsi, ana dilinin, mənəvi dəyərlərin qorunub saxlanması və s. məsələlər müzakirə edildi. Dünya azərbaycanlılarının mötəbər yığıncağından sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu.
Görkəmli və uzaqgörən dövlət xadimi Heydər Əliyevin 2002-ci il iyulun 5-də imzaladığı fərmanla Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bununla da artıq müstəqil Azərbaycan dövlətinin tarixində ilk dəfə olaraq diaspor və lobbiçilik işi rəsmi dövlət fəaliyyətinin sıralarına qatıla bildi.
2002-ci il dekabr ayının 27-də isə “Xaricdə yaşayan azərbacanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edildi. Qanunun qəbulu dünya azərbaycanlılarının təşkilatlanmasını sürətləndirərək, soydaşlarımızın öz tarixi vətəni ilə əlaqələrinin daha da genişləndirilməsinə təkan verdi.
Diaspor fəaliyyətindən lobbiçiliyə...
Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəllinin sözlərinə görə, lobbiçiliyi diasporun formalaşmasından sonrakı mərhələ saymaq olar: “Hər hansı etnik, sosial və ya siyasi qrupun maraqlarının təmin edilməsi və siyasi proseslərdə iştirak etmək üçün nüfuzlu siyasi dairələrə, dövlət və hökumət nümayəndələrinə birbaşa, yaxud dolayı yolla təsir etməklə lobbiçilikdən istifadə edir. Ötən dövrdə bu istiqamətdə də bir sıra işlər görülüb. Bir faktı qeyd edək. 26 il əvvəl baş vermiş Xocalı faciəsi Azərbaycan dövlətinin və diaspor təşkilatlarının fəaliyyəti nəticəsində soyqırım hadisəsi kimi daha geniş ictimailəşdirilib. Nə qədər ağır faciələr yaşasaq da, dünya bizə daha çox günahkar kimi baxıb. Bu faciələrin, müharibələrin, Azərbaycanın bölünməsinin təqsirini hər zaman bizdə görməyə çalışıblar. Başımıza gətirilənləri dünyaya çatdırmaq üçün müxtəlif ölkələrə səpələnmiş soydaşlarımız çox iş görməlidirlər. İndiki vəziyyətdə bizim diasporun fəaliyyəti tam qənaətbəxş deyil. Diasporumuzda sistemsizlik, pərakəndəlik, ardıcıllıq və qeyri-peşəkarlıq kimi problemlər müşahidə edilir. Azərbaycan diasporunun 3 nəsli var; bunlar 1920-ci ildən bolşeviklərin gəlişi ilə Qərbə və Türkiyəyə gedənlər, 1945-ci ildən sonra Qərbə və Türkiyəyə gedənlər, 1991-ci ildən sonra Qərbə, Türkiyəyə gedənlər və keçmiş SSRİ məkanında qalan həmyerlilərimizdir. Xüsusilə 1991-ci ildən sonra Qərbə gedənlər beyin köçü və təhsil üçün üz tutublar. Ümumiyyətlə, son 27 ildə Azərbaycan diasporunun getdikcə fəallaşdığını demək olar. Ancaq etiraf edək ki, Azərbaycan diasporu türk, erməni, yunan diasporları ilə müqayisədə hələ çox gəncdir və inkişaf yolundadır. Buna baxmayaraq, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı özünü öz millətinin diasporu və öz dövlətinin - Azərbaycan Respublikasının lobbiçisi kimi görməlidir.
Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramovun qənaətincə, xaricdə təhsil alan azərbaycanlı tələbələr diaspor işində daha aktiv rol oynamalıdırlar. İstənilən halda, gənclər ictimai cəhətdən fəal olmalı, ölkənin maraqlarını daha çox qorumalıdırlar. Eyni zamanda, xaricdə təhsil aldığı müddətdə Azərbaycanın təmsilçisi olduğunu bilməlidirlər: "Xaricdə təhsil alan tələbələrimizin tarix dərsləri güclü olmalıdır. Bir daha da konkretləşdirsək, onlara tariximizi öyrədib yola salmalıyıq. Bu istiqamətdə mütəmadi olaraq işlər aparılmalıdır. Qeyri-hökumət təşkilatları da, öz növbəsində, xaricdə təhsil alan azərbaycanlı tələbələrlə daha sıx əlaqələr qurmalıdırlar. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları müntəzəm olaraq xarici ölkələrə etdikləri səfər zamanı həmin ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə görüşməlidirlər. Həmçinin, qeyri-hökumət təşkilatları ilə tələbələrin görüşləri təşkil olunmalıdır. Doğrudan da biz Azərbaycanı yüksək səviyyədə tanıtmaq istəyiriksə, xaricdə cəmləşən intellektual gücümüzə dəstək verib, onlarla sıx əlaqələr yaratmalıyıq”.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.