Şahin Camalov: “Bu, eyni zamanda, Azərbaycan əhalisi arasında uzunömürlüyün artmasının göstəricisi sayıla bilər”
Azərbaycanda vahid seçici siyahısı dəqiqləşdirilərək yenidən tərtib edilib. MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, vahid seçici siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib: “Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən, Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan şəxs var”.
Qeyd edək ki, seçki qanunvericiliyinə əsasən, Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanır. Vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir. Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına (DSK) təqdim edirlər. DSK-lar müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verirlər. Ancaq bu il aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar MSK-nın fevralın 19-da keçirilmiş iclasında ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələyə baxılıb. MSK-nın iclasında Azərbaycan Respublikası üzrə 2018-ci ilin daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsinin cari ilin martın 3-dək başa çatdırılması qərara alınıb.
Eyni zamanda, müəyyən edilib ki, Azərbaycanda seçicilərin sayı ötən illə müqayisədə 0,6 faiz, yəni 28792 nəfər artıb.
Təqdim olunan statistik rəqəmlərdən görünür ki, Azərbaycanda seçicilərin sayında əhəmiyyətli artım müşahidə edilir. Konkret rəqəmlərdə də özünü göstərən bu artımın mənbəyi hardandır?
Seçkilərin müşahidəsi ilə bağlı kifayət qədər təcrübəsi olan “İnsan Hüquqları XXI əsr–Azərbaycan” Fondunun rəhbəri Şahin Camalov qəzetimizə açıqlamasında bildirdi ki, bu rəqəmlər ölkənin inkişafından xəbər verir: “Ancaq bu vəziyyəti müxtəlif aspektlərdən əsaslandıra bilərik. Belə artımın ortaya çıxmasının başlıca mənbəyi ölkədəki təbii artımla bağlıdır. Bilirsiniz ki, hətta dünyanın bir çox inkişaf etmiş ölkələrində belə əhalinin təbii artım məsələsində ciddi problem yaşanır. Bunu stimullaşdırmaq üçün müxtəlif həvəsləndirici qanun layihələri qəbul edirlər. Bizdəki rəqəmlər bu sarıdan ölkəmizdəki vəziyyətin qənaətbəxş olduğunu göstərir. Demək ki, əhalinin seçki hüququ qazanan kateqoriyası arasında ciddi artım var. Bu da yaşı 18 olanlardır. Yəni demoqrafik parametrlərə görə, demək ki, ölkəmizdə gənc nəslin sayı artmaqdadır. Bunu şərtləndirən digər amil isə ölkədəki yaşayış səviyyəsinin artmasıdır. Çünki bir çox ölkələr var ki, orada nəsil artımında problem yoxdur, ancaq gənclər sürətlə ölkəni tərk edirlər. İllər əvvəl Azərbaycanda da belə problem mövcud idi. Ancaq indi görünən budur ki, vaxtilə ölkəni tərk edənlər də geri qayıdırlar. Ən azı, Ermənistanla bu istiqamətdə paralellər aparsaq, fərqi hiss edərik. Orada, demək olar ki, gənc nəsil qalmayıb. Özləri də etiraf edirlər ki, belə getsə, orduda xidmət etməyə də adam tapmayacaqlar. Bu, eyni zamanda, Azərbaycan əhalisi arasında uzunömürlüyün artmasının göstəricisi sayıla bilər. Çünki ölənlərin sayı çox olsa, gənc nəslin artımı onu kompensasiya edə bilməz”.
Məhəmmədəli QƏRİBLİ