ABŞ-ın Ermənistana Rusiyadan silah almamaq haqda xəbərdarlığı düşmən ölkədə getdikcə daha böyük ajiotaj yaratmaqdadır. Son məlumatlardan belə bəlli olur ki, ABŞ qeyd olunan xüsusda İrəvana təzyiq və xəbərcarlıqlarını artırmaqdadır. “Aykakan Jamanak” qəzeti bu fonda ölkənn artıq ciddi çətinliklərlə üzləşdiyini yazır. Qəzetin məlumatına görə, Vaşinqton İrəvana bu məsələ ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıb.
Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, bu, Ermənistan üçün sanksiya təhlükəsini gündəmə gətirir: “Rusiya ilə hərbi sahədə əməkdaşlığın məhdudlaşdırılması bizim ölkəmiz üçün əlavə risqlər yaradır, çünki Ermənistanın hərbi-texniki əməkdaşlığı, yumşaq desək, diversifikasiya edilməyib. Lakin Azərbaycanda vəziyyət fərqlidir. Çünki Bakı silahı təkcə Rusiyadan yox, müxtəlif ölkələrdən də alır. Bu baxımdan, ABŞ-ın sanksiyalarının Azərbaycana təsiri az olacaq. Nəticə etibarilə, Azərbaycan ordusu güc itirməyəcək, Ermənistan ordusu isə təchizatda ciddi itkilərlə üzləşəcək. Bu da Dağlıq Qarabağ cəbhəsində Azərbaycanın üstünlüyünü daha da artıracaq”. Erməni şərhçi qızışan ABŞ-Rusiya qarşıdurmasının Ermənistan üçün ağır nəticələrə səbəb ola biləcəyini qeyd edir. Elə “rosbalt.ru“ saytı da yazır ki, həqiqətən İrəvanın durumu çox ağırdır: “İrəvan dəhşət içindədir: Rusiya silahını aldığına görə Vaşinqtonun sanksiyaları ona da təsir edə bilər. Amerika Ermənistanı qaragün etməyə başlayacaqmı, yoxsa bağışlayacaq?
ABŞ, Ermənistan Rusiya hərbi-sənaye kompleksilə müqavilələr bağlayacağı halda, ona qarşı sanksiyalar tətbiqi imkanı haqda artıq xəbərdarlıq edib. İdeya üzrə, bu ultimatum amerikalıları özlərinin “ən yaxın tərəfdaşları” sayan erməniləri təhqir etməli idi. Amma İrəvanda onlara “açılın başmızdan” demək əvəzinə, Vaşinqtonun qəzəbindən qorxaraq fal açmağa başlayıblar ki, bu qəzəb balaca, amma Azərbaycanla vuruşan bu Cənubi Qafqaz respubikasını nə qədər devirəcək. Sanki Bakını da ABŞ-ın cəzası təhdid edir, lakin Ermənistandansa, Rusiyadan daha sanballı məbləğdə silah almasına baxmayaraq, burada əsməcəyə düşdükləri görünmür. Ya azərbaycanlılar Amerikanın basqısını saymır ki, bu, tam onların “zövqüncədir”, ya da özlərini sakit hiss edirlər, çünki onlarda silah tədarükü şaxələndirilib.
Lakin indiki gerçəklikdə İrəvanın üzərində düşünməli olacağı nəsə var: Ermənistanın kasıb büdcəsi şəraitində Rusiyadaxili qiymətlər üzrə silah tədarükündən imtina, sadəcə ağlasığmazdır. Başqa heç bir ölkə ona Rusiya qədər “iltifat göstərməyib”, özü də Qarabağla bağlı durumda. Ola bilsin, ABŞ Cənubi Qafqazı nəzarət arealından buraxmamaq üçün Ermənistanı özündən kənarlaşdırmağa başlamayacaq və o üzdən xüsusi xoflanmalı bir şey yoxdur. Lakin çətin ki, amerikalıların “alicənablığı” uzun sürsün: onlar istənilən halda Ermənistana siyasi basqı göstərəcəklər, maliyyə yardımını azaldacaq və yaxud imtina edəcək, qrant layihələri və sairi məhdudlaşdıracaqlar. Sonda İrəvan Moskva ilə təmənnalı dostluq bağlarını zəiflətməli və perspektivdə özünə alternativ silah tədarükü qaynağı tapmalı olacaq. Amma təkcə Ermənistan büdcəsinin cüzi vəsaiti deyil, həm də ölkə ərazisində Rusiya hərbi bazasının yerləşməsi, respublikanın KTMT-yə üzvlüyü və Qarabağ müşkülü nəzərə alınmaqla bunu eləmək elə də asan deyil.
Ermənistan prinsipcə ABŞ-a heç nə ilə borclu deyil, amma yenə də manevr yolları aramalı olacaq, çünki Rusiya-Amerika münasibətlərinin ən yaxın vaxtlarda yaxşılaşacağına ümid yoxdur: əksinə, qarşıdurma güclənəcək və birmənalı şəkildə Vaşinqtonun tərəfini saxlamayan balaca ölkələrə birbaşa və ya dolayısıyla təsir edəcək. Ermənistanın “manevr”inin necə olacağını bu gün söyləmək çətindir, çünki hər şey, birincisi, respublikanın Rusiya tərəfindən birbaşa ələalma səxavətindən, ikincisi, sürətlə dəyişən geopolitik bölgüdən asılı olacaq.
Amma hər halda, indiki mərhələdə Ermənistan üçün müdafiə bacarığı öz ordusunun “lüt” qalması, eyni zamanda Azərbaycan və Türkiyə ilə "tet-a-tet" qalmaq perspektivindən az qorxmadığı ABŞ-ın qəzəbindən önəmlidir. Yeri gəlmişkən, Rusiya ötən il Ermənistana 100 milyon dollarlıq kredit xətti açıb, respublika bu pula Rusiyadan öz ordusu üçün gərəkən hər şeyi, özü də “gülünc” qiymətə ala bilər.
Ermənistan keçən iki ildə isə “havadar Moskva”dan 250 milyon dollarlıq müdafiə krediti alıb. Bax, imtiyazlar bu cürdür və imtina etmək dəlilik olardı. “Cəzasızlığa” ümid bağlamaqla Rusiya və ABŞ-dan bərabər məsafədə “veyllənmək” kimi. Bu isə göstərir ki, Ermənistan rəhbərliyi amerikalıların Moskvanın tərəfdaşlarına qarşı antirusiya sanksiyaları ilə respublikanın qarşısına qoyduğu bütün risqləri çox incə şəkildə ölçüb-biçməli olacaq.
Amma burası da var ki, Ermənistanın müəyyən dairələrində sanksiyaların “total olmayacağı” fikri hakimdir. Hətta Ermənistanın çətin seçim qarşısında qalmasının müsbət tərəfini görən “Lragir”in yazdığı kimi, respublika ətrafında səs-küy “praktik özüldən məhrumdur”. Əksinə, iddia etməyə siyasi əsas var ki, ABŞ Ermənistana qarşı sanksiyalarla bölgə güvənliyi və sabitliyinə zərbə vuracaq”. Nəşr hesab edir: “ABŞ-ın Ermənistana kəmiyyət və dəyərcə ekvivalent təkliflər etməsi başqa məsələdir. Əks halda ABŞ Ermənistana qarşı sanksiyalar tətbiq edərək Azərbaycana “ikinci nəfəs” və Ermənistana nisbətdə üstünlük imkanı verəcək”. İrəvan bir-birinə zidd dünya güc mərkəzlərinə “yamanmaq” vərdişinə malik olmaqla olduqca kobud və taleyüklü səhv buraxa bilər. Məsələ burasındadır ki, indiki durumda İrəvan kimdən daha çox qorxur və kimə daha çox sığına bilər – Rusiya, yaxud ABŞ? Lakin bu sual öz ardınca başqa divləri də dartır – Azərbaycan və Türkiyəni”. Bütün bunlar isə hazırda Ermənistanı qorxudan başlıca məqamlardır.
Tahir TAĞIYEV