Xocalı faciəsinin dünyaya çatdırılması, bu hadisələrin soyqırımı olaraq təsbit edilməsi bu gün Azərbaycan üçün priortet təşkil edən başlıca məqamlardan biridir. Son illər ərzində qeyd olunan xüsusda vəziyyətin təhlili ölkəmizin bu səpkidə, əslində erməniləri ciddi təşvişə salan uğurlara imza atdığını göstərir.
Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində bu gün də ölkəmiz tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Faciənin hər ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu media orqanlarında faciəyə həsr olunmuş materiallar yayımlanır, televiziya və radio kanallarında verilişlər hazırlanır.
O da xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün dünya Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bu soyqırımından xəbərdardır, onun tanınması istiqamətində görülən işlər də öz bəhrəsini verməkdədir. Çünki tarixdəki digər analoji cinayətlərdən fərqli olaraq, Xocalı soyqırımını sübuta yetirən maddi sübutların sayı kifayət qədərdir. Buraya videogörüntülərdən tutmuş fotoşəkillərə, digər müvafiq sənədlərə qədər olan maddi sübutlar aiddir. Soyqırımının tanıdılması istiqamətində dövlət tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənməkdədir. Təbii ki, bu məsələdə aktiv fəaliyyət göstərən tərəf təkcə dövlət yox, bütün dünya azərbaycanlıları olmalıdır. Qeyd olunan fonda Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun, şübhəsiz ki, müstəsna rolu var. Məhz Fondun dəstəyi ilə Xocalı faciəsinin ildönümü hələ 2010-cu ildə dünyanın 100-dən artıq ölkəsində qeyd olundu. Ötən illər ərzində faciənin ildönümünün qeyd olunduğu ölkə və şəhərlərin sayında ciddi artım qeydə alınır. Məhz Fondun gərgin əməyi nəticəsində, əvvəlki illərdən fərqli olaraq, indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Qarabağ həqiqətləri" silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanır.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyası ötən dövr ərzində uğurla davam edib və artıq bu aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllü qoşulub. Ümumiyyətlə, İƏT-in Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumu da Ermənistanın işğalçı mövqeyinin dünya miqyasında pislənməsi istiqamətində fəal iş aparır. Bu xüsusda xüsusi xatırlatmaq lazım gəlir ki, İƏT Gənclər Forumu İdarə Heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçildi. Bu, İƏT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsi idi ki, həmin il mayın 17-də İstanbulda İƏT Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası İƏT ekspertləri tərəfindən dəstəkləndi və 26 fevral - Xocalı soyqırımı gününün İƏT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olundu. Bundan əlavə, Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İƏT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı. 2010-cu ilin iyununda isə İƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) başa çatmış konfransında İƏT-in Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın "Xocalıya ədalət - Qarabağa azadlıq" təşəbbüsü təsdiq edildi. Bu barədə İƏT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı. Qətnaməyə görə, İƏT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə günü təsis edilir. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldığı humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur.
2011-ci ilin əvvəllərində isə İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqı (İƏT Pİ) Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul edib. İƏT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında Şuraya üzv dövlətlərin qəbul etdiyi Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırılır. Bu, İƏT GF-nin təşəbbüsü ilə irəli sürülmüş " İƏT GF və İƏT Pİ arasında əməkdaşlıq haqqında" qətnamənin Şura tərəfindən təsdiqlənməsi nəticəsində baş verib. Qətnamənin 3-cü bəndində qeyd edilib ki, İƏT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağırılır. Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası hazırda dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir. Bundan əlavə xatırladaq ki, 2012-ci il noyabrın 15-17-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (İƏT XİNŞ) Cibutidə keçirilən 39-cu sessiyasında İƏT XİNŞ Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanıyıb. İƏT-in ali orqanı olan və təşkilatın dövlət və hökumət başçılarının iştirakı ilə 2013-cü il fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilən 12-ci Zirvə Toplantısında Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınıb. 2013-cü il dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə keçirilmiş XİNŞ-nin 40-cı sessiyası Xocalı faciəsini soyqırımı aktı kimi tanıdığını bir daha bəyan etmişdir. Qətnamə layihəsində “Xocalıya ədalət!” kampaniyasına dair xüsusi bənd yer alıb. Həmin bənddə deyilir: “İƏT XİNŞ “Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır”. Sonrakı dövr ərzində hər il İƏT faciə ilə bağlı müvafiq sənədlər qəbul edib.
Bundan əlavə, ötən illər ərzində aparılan iş nəticəsində Xocalı soyqırımının ildönümləri dünyanın bir çox ölkələrində qeyd olunmağa başlayıb. Eyni zamanda faciəni soyqırımı kimi tanyıan ölkələrin sayı da ötən illər ərzində artıb. Belə ki, 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib. 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb. 2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti, 2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti, 2013-cü ilin 26 fevral tarixində Bosniya və Herseqovina parlamenti, 2013-cü ilin 14 iyununda Peru parlamenti, 2014-cü ilin 17 yanvar tarixində Honduras parlamenti, ardınca İordaniya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb. Cibuti Respublikasının Milli Assambleyası plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib. 2014-cü il sentyabrın 1-də Sudan Respublikası Milli Assambleyasının Xarici əlaqələr komitəsinin qəbul etdiyi sənəddə 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliam soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb. İndiyədək ABŞ-ın 21 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib. Qəbul edilən sənədlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsi tələb edilir. Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bu qərarların yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırılır. Beləliklə, Xocalı soyqırımının tanıdılması və soyqırımına siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verir və bu proses genişlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı mühüm işlərin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində ardıcıl fəaliyyət indinin özündə də davam etdirilir və bunlar da öz növbəsində işğalçı Ermənistanın təcavüzkar siyasətini ifşa edir. Əsas məqsəd isə bütün dünya miqyasında Xocalı soyqırımının hüquqi-siyasi qiymətinin almasına nail olmaqdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.