Məlum olduğu kimi, ölkədə kerçiriləcək prezident seçkiləri bir çox qurumları daha intensiv çalışmağa vadar edib. Ölkəmizdə seçkiləri müşahidə edən tanınmış qurumlardan sayılan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) da prosesə artıq start verdiyini deyir.
Bu mürəkkəb proseslə bağlı onların hansı işlər gördüyü və perspektiv üçün nələri planlaşdırdığı haqda AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ilə söhbətləşdik.
- Seçkilərdə müşahidə missiyası ilə bağlı kifayət qədər təcrübəsi olan bir qurumun rəhbərliyində təmsil olunursunuz. Deyəsən prosesə start veribsiniz. Hazırda işləriniz nə yerdədir?
- Biz fəaliyyət planımızı açıqladıq. Bir sıra istiqamətlər üzrə monitorinqlər aparırıq. Bura ictimai-siyasi vəziyyətin, MSK və KİV-lərin monitorinqini aid edə bilərik. Bundan əlavə, rayonlarda seçici fəallığının artırılması və müşahidəçilər üçün treninqlər təşkil edirik. Artıq 8 rayonda belə treninqləri keçirmişik. Həmçinin, Bərdə və ətraf rayonlar üçün məşğələlər keçəcəyik. Seçkiyə qədər bu cür treninqləri əksər rayonlarda keçirməyi hədəf götürmüşük.
- Prezident seçkilərinin vaxtının dəyişməsi sizin işinizə hansı formada təsir etdi?
- Həmin qərarın verilməsi bizim üçün gözlənilməz olmadı. Çünki Konstitusiyaya edilən dəyişikliklərlə bağlı keçirilən son referendumdan sonra biz belə bir addımın atılacağını proqnozlaşdırmışdıq. Biz strukturlaşmış bir təşkilatıq. Buna görə də bizim üçün elə də çətin olmadı. Dərhal yerli strukturlarımız işə düşdü. Hazırda işlərimiz normal, öz axarı ilə gedir. Ola bilsin ki, bəzi namizədlər və partiyalar üçün bu qərar gözlənilməz sayılsın. Amma hesab edirəm ki, bütün ciddi siyasi təşkilatlar belə addımın atılacağına hazır olmalı idi. Mən belə hesab edirəm ki, prezident seçkilərində müşahidəçiliyin təşkil edilməsi üçün kifayət qədər vaxt var. Bilirsiniz, bir təşkilat uzun müddət seçkilərin monitorinqi ilə məşğuldursa, ölkənin bütün regionları üzrə yerli strukturlarını yarada bilibsə, bu məsələdə çətinliyi olmamalıdır. Seçki elan olunan kimi, biz AVCİYA olaraq, yerlərdəki strukturlarımızı hərəkətə gətirdik və artıq bölgələrdə seminarların təşkilinə başlamışıq. Hansı təşkilatın zəruri imkanları yoxdursa, vaxt məsələsi onlardan ötrü, sadəcə, bəhanədir.
- Demək siz bu seçkini də köhnə komandanızla müşahidə edəcəksiniz. Niyə yeni kadrların cəlbində maraqlı deyilsiniz?
- Bəli, bizim özümüzün illərlə bu işdə ixtisaslaşmış kadrlarımız var. Ancaq bu, heç də o anlama gəlmir ki, biz prosesi yalnız onlarla həyata keçirməkdə maraqlıyıq. Hər dəfə olduğu kimi, bu seçkidə də biz yeni müşahidəçilərin prosesə cəlb edilməsinə çalışacağıq. Ancaq işin əsas ağırlığı yenə də köhnə komandanın üzərinə düşəcək. Artıq biz MSK-ya 100-dən artıq ərizə vermişik. Hər dəfə rayonlara gedəndə, biz yeni üzvlərin siyahısını təqdim edirik. Biz aprel ayının əvvəllərinə kimi bu işləri tam olaraq yekunlaşdıracağıq. Seçki keçiriləcək ayın əvvəlində aralıq hesabatımızı təqdim edəcəyik.
- Sizin gördüyünüz iş böyük maliyyə tələb edir. Bununla bağlı yerli donorlardan faydalanırsınız, yoxsa xaricdən də vəsait alırsınız?
- Biz öz ətrafımızda 10-dan artıq QHT-ni birləşdirən koalisiya kimi fəaliyyət göstəririk. Bura bəzi iş adamları da daxildir. Biz bu işlərimizi öz daxili resurslarımız hesabına həll edirik. Buna baxmayaraq, biz həm də yerli donor təşkilatlarla da işləyirik. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına da layihə təqdim etmişik. Həmin layihələrə müsbət cavab verilsə, onlardan da istifadə edəcəyik. Hələlik biz öz daxili imkanlarımızdan istifadə edirik.
- Dövlətdən pulu almamış prosesə start vermək hər halda asan deyil...
- Biz məhz buna görə də güclü təşkilat sayılırıq ki, belə tədbirləri öz gücümüzə keçirməyə qadırık. Bizim təşkilatın fəaliyyət imkanlarını nüfuzlu beynəlxalq qurumlar da yaxşı bilirlər. Çoxları təşkilatımızın konkret fəaliyyəti ilə maraqlanmaqdansa, hər zaman soruşurlar ki, bu işləri hansı maliyyə hesabına həyata keçirirsiniz? Təbii ki, istənilən qeyri-hökumət təşkilatı ya öz imkanları, ya da donorların dəstəyi əsasında fəaliyyət göstərir, müxtəlif layihələr icra edir. Əsas odur ki, AVCİYA 10 ildən artıqdır dövlətçiliyi əsas götürərək, bu missiyanı yerinə yetirir və seçkilərdə müstəqil müşahidəçiliyi təşkil edir. Bütün bu işlər isə həm müəyyən donorların maliyyə dəstəyi, həm də öz imkanlarımız hesabına görülür. Maraqlıdır ki, bizə bu barədə sual verənlərin əksəriyyəti xaricdən iri həcmdə qrant alan QHT-lərin təmsilçiləri olurlar. Lakin AVCİYA xarici mənbələrdən maliyyələşən qurum deyil. Xaricdən maliyyələşən QHT-lər adətən bəlli mərkəzlərin sifarişlərini yerinə yetirirlər və bu üzdən də bizə qısqanclıqla yanaşırlar. Məhz bu səbəbdəndir ki, bizim hesabatlarımıza ATƏT və başqa beynəlxalq qurumlar hörmətlə yanaşırlar. Bizim təşkilatın fəaliyyət imkanlarını nüfuzlu beynəlxalq qurumlar da yaxşı bilirlər.
- Dediniz ki, hazırda həm də KİV-lərin monitorinqini həyata keçirirsiniz. Hansı KİV-ləri və necə müşahidə edirsiniz?
- Bizim ofisdə operatorlarımız var. Onlar səkkiz qəzet və iki elektron informasiya agentliyinin monitorinqini həyata keçirirlər. Bununla bağlı nəticələri aprelin əvvəlindəki aralıq hesabatımızda qeyd edəcəyik. Əsas dəyərləndirmə meyarı isə hansı qəzetlərin seçki mövzusuna daha çox müraciət etməsilə bağlı olacaq.
- Niyə daha çox online medianı deyil, ənənəvi qəzetləri müşahidə edirsiniz?
- Məsələn, sizin çalışdığınız “Bakı-Xəbər” qəzetinin həm də elektron versiyası var. Bu məsələdə daha çox populyarlıq və etibar qazanmış medianı müşahidə edirik. Yeni açılan saytları belə media nümunələri ilə bir sıraya qoymaq olmaz. Bu baxımdan da daha çox reytinqli KİV-ləri izləyirik. Prezident seçkiləri ciddi kampaniya olduğu səbəbindən, biz bu məsələyə bir qədər fərqli aspektdən yanaşırıq.
- Sizin seçki sahəsində kifayət qədər təcrübəniz var. Maraqlıdır, bu seçkilərdə hansısa fərqli mənzərə nəzərə çarpırmı?
- Ən müsbət tərəf budur ki, seçkidən əvvəlki ictimai-siyasi mühit demokratik seçkiləri keçirməyə tam əsas verir. Çünki ölkədə stabillik hökm sürür. Bu ab-hava digər ölkələrdən kifayət qədər fərqlənir. Ola bilsin ki, seçki təbliğatı başlayanda proseslər daha çox qızışacaq. Biz bunları yaxından izləyirik. Həmin mərhələdə hansı nöqsanlar olarsa, dərhal onlar barədə də məlumat verəcəyik. Hələlik isə proses öz axarı ilə gedir.
- Artıq bir sıra nüfuzlu beynəlxalq qurumlar seçkini müşahidə edəcəklərini bəyan ediblər. Hətta bir qədər fərqli mövqey ilə tanınan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da belə niyyətinin olduğunu bildirib. Bu nəyin göstəricisi sayıla bilər?
- Bəli. Biz də bilirik ki, seçkiləri müşahidə etmək istəyən çoxsaylı missiyalar indidən müraciət edirlər. ATƏT DTİHB də bu istiqamətdə mövqeyini qətiləşdirib. Onların nümayəndəsi də gəldi və bizimlə görüş keçirdi. Bununla yanaşı, Avropa Şurası, Avropa Birliyi və ATƏT-in Parlament Assambleyası da müşahidə missiyasını bura göndərəcək. Mənə belə gəlir ki, bu, həmin qurumların Azərbaycandakı seçkilərə verdiyi önəmin göstəricisidir.
- Bilirsiniz ki, bəzi radikal mövqeli partiyalar seçkini boykot taktikasını tutublar. Bunun seçki prosesinə təsiri hiss edilirmi?
- Boykotu gücü olan təşkilat etməlidir ki, onunla seçki prosesini pozmağa qadir olsun. Onların tutduğu yol isə prosesdən yayınıb məsuliyyəti üzərlərindən atmaqdır. İstənilən prezidentliyə namizədin ən azı 5 min müşahidəçisi olmalıdır ki, bütün məntəqələrə yerləşdirsin. Bundan əlavə, dairə seçki komissiyalarında seçki təşviqatı aparmaq üçün həmin namizədlərin adamları olmalıdır. Mən inanmıram ki, seçkini boykot edən partiyaların sırasında belə gücdə olanı olsun. Bizim müşahidələrimiz də göstərir ki, sadalanan resurslardan məhrum olan təşkilatlar bəhanə edərək bu yolu tutublar. Bunlara ciddi yanaşmaq lazım deyil. Seçki prosesində iştirak edən kifayət qədər ciddi qurumlar mövcuddur. Biz onları görürük. Siyasi partiyanın başlıca işi seçkidə iştirak etmək olmalıdır.
- Bu seçkilərdə AVCİYA hansı yeniliklərdən istifadə edəcək?
- Seçki günü 20 operatorumuz çalışacaq. Onlar yerlərə zənglər edib seçki gedişi ilə maraqlanacaqlar. Bu adi prosedurdur. Əvvəlki illərdən fərqli olaraq, seçki günü mütəmadi olaraq mətbuatla da əlaqə saxlanacaq. Seçkinin sonunda bəyanatımız olacaq. Aprelin 12-si səhər saatlarında isə Avropa Şurası və digər qurumlarla birlikdə seçkilərin nəticəsinə aid mövqeyimizi elan edəcəyik.
- Sizcə AVCİYA-nın açıqladığı nəticələrə xalq inanırmı? Belədirsə, bu etimadı nə ilə qazana bilibsiniz?
- Biz yekun bəyanatımızı özümüzdən vermirik. Yerlərdən məlumatları toplayıb emal edəndən sonra mövqeyimizi açıqlayırıq. Bizim təşkilatın bəyanatına həm Azərbaycan xalqı, həm də beynəlxalq qurumlar ciddi yanaşırlar. Fikir versəniz görərsiniz ki, indiyə kimi keçirilən seçkilərdə Avropa Şurasının bəyanatından sonra biz dərhal bəyanat veririk. Həmin iki bəyanatın arasında hansısa ciddi fikir ayrılığı olmur. Əksər hallarda isə fikirlər üst-üstə düşür. Kim bizə inanmırsa, bu, onların şəxsi mövqeyidir. Hər halda, belə adamların çox az olduğu qənaətindəyəm. ATƏT DTİHB-nin mövqeyini bilirsiniz. Bizi ciddi qurum kimi qəbul etməsələr, bizimlə görüş keçirməzdilər. Ölkəyə gələn kimi bizimlə görüşdülər və fikir mübadiləsi apardılar. Bu bir daha AVCİYA-nın nüfuzunun olduğuna bir işarədir.
- Reytinqli təşkilat kimi, sizi xaricdə keçirilən seçkiləri müşahidə etməyə dəvət edirlərmi? Məsələn, bu yaxınlarda qonşu Rusiyadakı seçkinin müşahidəsində iştirakınız olacaqmı?
- Bizim nümayəndələr tez-tez xaricdəki seçkiləri müşahidə edirlər. Mən Bolqarıstanda keçirilən bələdiyyə seçkilərini müşahidə etmişəm. Hələ ki, Rusiyadan dəvət almamışıq. Dəvət alacağımız təqdirdə mütləq iştirak edəcəyik.
Məhəmmədəli QƏRİBLİ