Yeganə Hacıyeva: “Biz dünyada ədalətin, yaxşı yaşayışın bərqərar olmasını istəyən, sülhpərvər ölkəyik”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasında çıxışı zamanı Azərbaycanın insan haqlarına göstərdiyi ehtiram və sayğıdan danışıb:
“Biz insan hüquqlarının və davamlı inkişafın bir-birindən asılı olduğunu və bir-birini tamamladığını bilirik. 2030-cu il Davamlı İnkişaf Gündəliyi insan hüquqlarına hörmət, qanunun aliliyi və yaxşı idarəetmə və effektiv ictimai institutlar əsasında sülhpərvər, ədalətli və inklüziv cəmiyyətlərin qurulmasına ehtiyacı tanıyır. Bununla yanaşı, Gürcüstan, Keniya, Tailand və Türkiyə ilə birlikdə Azərbaycan şuranın hazırkı sessiyasında qəbul edilmək üçün “Şəffaf, məsuliyyətli və səmərəli dövlət xidməti vasitəsilə insan hüquqlarının və DİG-in təşviqi” adlı layihə qətnaməsi təqdim edib. Bu fürsətdən istifadə edərək mən İHŞ üzvlərini qətnaməni dəstəkləməyə çağırıram".
Azərbaycanın digər ölkələrlə birlikdə təqdim etdiyi layhənin əhəmiyyətini necə dəyərləndirmək olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, onun Dayanıqlı İnkişaf layihəsilə bağlı bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığı olub: “Bildiyiniz kimi, artıq 20-ci əsrin sonu, 21-ci əsrin başlanğıcında dünyada mövcud olan problemlərə yeni baxış ortaya qoyulmağa başladı. Aclıq, sülh, təhlükəsizliklə bağlı yeni yanaşmalar meydana çıxdı. Bu məsələdə problemlər ümumiləşdirilirdi. Məsələn, Afrikadakı aclığın bütün dünyaya nə qədər yük olduğu kimi. Bu baxımdan da dünya ölkələri BMT çərçivəsində fəaliyyətə başladılar. Bizim XİN rəhbərinin barəsində danışdığı dayanıqlı inkişaf gündəliyi də mühüm sahələri əhatə edir. Mən həmin sənədlə yaxından tanışam. Azərbaycanın həmmüəllif olduğu layihədəki ölkələrə baxın. Onların hərəsi bir regionu təmsil edən ölkədir. Bunun da məqsədi odur ki, proqram çərçivəsində olunan irəliləyişlər bütün dünyanı əhatə edə bilsin. Hələ ki, məsələnin nəzəri tərəfləri ortaya qoyulub. Praktik tərəfləri isə uzunmüddətli strategiyanı özündə cəm edir. Ora bir sıra istiqamətlər aiddir. Dövlətlərin inkişafı, insan haqları, təhlükəsizlik, qida təminatı və təhlükəsizliyi və s. kimi insan həyatı üçün əhəmiyyətli olan hissələri özündə cəmləyir. Hesab olunur ki, bu işlərin həyata keçməsi üçün dövlətlərin birgə fəaliyyətinə ehtiyac var. Azərbaycan bu istiqamətdə uğurla əməkdaşlıq edir. Məsələnin praktik həyata keçirilməsi isə olduqca mühüm mərhələni əhatə edəcək və bu yöndə həmmüəllif ölkələr BMT və bir sıra başqa təşkilatlarla yaxından iştirak edəcəklər. Ölkəmiz təsadüfən bu layihənin həmmüəllifi olmayıb. Biz, demək olar ki, tələb olunan bütün standartlara cavab veririk. Azərbaycanın həmin layihədə rol alması göstərir ki, bizi yalnız öz problemimiz deyil, həm də bəşəriyyətin üzləşdiyi problemlər narahat edir. Biz dünyada ədalətin, yaxşı yaşayışın bərqərar olmasını istəyən, sülhpərvər ölkəyik. Hesab edirəm ki, Azərbaycan bu işin də öhdəsindən layiqincə gələcək”.
Məhəmmədəli QƏRİBLİ