Vüqar Qədirov: “3-5 nəfər beşinci kolon funksiyasını həyata keçirənlə burada məkrli planlar həyata keçirmək mümkün deyil”
Azərbaycanda prezident seçkilərinin keçirilməsinə az müddət qalır. Bununla bağlı müxtəlif mülahizələr irəli sürülür, fərqli təhlillər aparılır. Ən əsası isə iddia edilir ki, seçkinin favoriti məlum olduğu səbəbindən, bəzi Qərb dairələri məhz həmin ərəfə üçün qorxulu planlar hazırlayır. İddia olunur ki, həmin planlara əsasən, ölkədə müəyyən təxribatçı cəhdlər işə salınacaq və nəticə etibarilə seçki prosesi pozulacaq.
Nəzərə alsaq ki, Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var, onda sual olunur: hətta deyilən planlar olsa belə, Azərbaycan üçün hansısa formada təsiri ola bilərmi? Yəni beynəlxalq reytinqlərdə belə yüksək şkala ilə qiymətləndirilən xalq-iqtidar birliyinin nümunə olaraq göstərildiyi bir ölkədə belə məkrli planların səmərə verəcəyi nə dərəcədə real sayıla bilər?
Ekspert Vüqar Qədirovun sözlərinə görə, bunlar sadəcə olaraq mülahizələrdir: “Ortada konkret fakt yoxdur. Ancaq buna baxmayaraq, Azərbaycan təhlükəsizliyinə kifayət qədər önəm verən ölkədir. Bilirsiniz ki, bizdə ölkədəki sabitliyin qorunması, təhlükəsizliyə tam təminatın verilməsi yalnız seçki ilə bağlı olan məsələ deyil. Sadəcə, mühüm tədbirlər, xüsusilə də seçkilər ərəfəsində həmin məsələlərə daha dərindən fikir verilir. Azərbaycan artıq belə proseslərdən çox keçib. Hətta mən deyərdim ki, bununla bağlı bizdə ciddi immunitet belə formalaşıb. Biz dolayısı və birbaşa şəkildə ölkənin daxili işlərinə müdaxilə cəhdlərilə çox üzləşmişik. Ancaq onların hamısından da üzüağ çıxmışıq. Buna misal kimi 2013-cü il prezident seçkisini göstərə bilərik. Həmin vaxt Rusiyadakı azərbaycanlı oliqarxlar siyasi fəaliyyətə cəlb edilmişdilər. Doğrudur, Azərbaycanda prezident seçkisinə ay yarım qalmış Rusiya prezidenti Vladimir Putin Bakıya gəldi və bir sıra məsələlərə tam aydınlıq gətirildi. İndi isə belə bir təhlükənin Qərbdən gözlənildiyi deyilir. Ancaq hakimiyyət hətta belə istəklər olsa belə, onların birinci fazasını bir ağıllı gedişlə neytrallaşdırıb. Məsələ burasındadır ki, Rusiyada və Ermənistanda prezident seçkisi mart ayındadır. Azərbaycanda seçki oktyabr ayında keçirilsəydi, xarici mərkəzlərin yenə də Azərbaycandakı seçkiyə müdaxilə planları ola bilərdi. Apreldə isə müdaxilə imkanları minimumdur. Çünki bu kifayət qədər hazırlıq tələb edən bir prosesdir. Qəfildən bunun reallaşması mümkün deyil. Hətta belə planların olması belə onların reallaşmasını Azərbaycanda mümkünsüz edir. Çünki hakimiyyətin xalq arasında ciddi dayaqları var. 3-5 nəfər beşinci kolon funksiyasını həyata keçirənlə burada məkrli planlar həyata keçirmək mümkün deyil”.
Məhəmmədəli QƏRİBLİ