Suriyada böyük dövlətlərin getdikcə gərginləşən münasibətləri fonunda İran və İsrail arasında savaş ehtimalının daha böyük sürətlə artması da özünü qabarıq surətdə büruzə verir. Məhz belə bir vaxtda İsrailin narahat olduğu daha bir hadisə qeydə alınıb. Söhbət İranın Suriyada yeni hərbi baza yerləşdirməsindən gedir.
İsrail bundan əvvəl dəfələrlə xəbərdarlıq edib ki, İranın Suriyada hərbi baza yerləşdirməsinə imkan verməyəcək və bunun qarşısını güc yolu ilə alacaq. Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar fevralın 10-da Dəməşq yaxınlığında Suriya və İranın 12 hərbi obyektinə zərbələr endirib. Düzdür, həmin vaxt İsrail Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı İsrail-Suriya sərhədində vurulub. Bütün bu olayların ardınca isə “Fox News” televiziyası məlumat yayıb ki, İran Suryiada hərbi mövqelərini gücləndirir, yeni hərbi baza yaradır. Daimi bu ölkədə qalacaq bazada raketlər üçün anqarlar mövcuddur. Bu hərbi obyektin Suriya paytaxtı Dəməşqdən təxminən 12 kilometr şimal-qərbdə yerləşdiyi və ora İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının xüsusi qüvvələrinin nəzarət etdiyi bildirilir. Məlumata görə, həmin hərbi bazadan İsrail ərazisinin istənilən hissəsinə zərbə endirmək mümkündür. Xatırladaq ki, İsrail əvvəllər bir neçə dəfə Tehranı Suriya və Livanda yüksək dəqiqliklə idarə edilən raket istehsalı obyekti tikməkdə ittiham edib. İran hakimiyyəti isə Suriyada hərbi bazasının olmadığını bildirib. Amma indi vəziyyət dəyişir və İsrailin Suryiada yenidən İran bazalarına zərbə endirməsi gözlənir. Bu isə tərəflər arasında müharibə ehtimalını daha da artırır.
Elə ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan dövründə administrasiyada işləyən milli təhlükəsizlik üzrə mütəxəssis Reymond Tanter və beynəlxalq münasibətlər üzrə ekspert Ayven Saşa Şihan da İran - İsrail savaşının artıq qaçılmaz olduğunu bildirir. Onlar qeyd edir ki, belə vəziyyətdə Yaxın Şərqi tezliklə daha dağıdıcı və daha böyük münaqişə bürüyə bilər. Ekspertlərin qənaətinə görə, İranla İsrail arasında getdikcə artmaqda olan gərginlik birbaşa hərbi toqquşmaya gətirib çıxarmaq iqtidarındadır: “İran artıq indidən regionda böyük fəallıq nümayiş etdirir. İnqilab Keşikçiləri Korpusu Suriyadakı müharibədə iştirakçıdır. İran Suriyada öz hərbi iştirakını möhkəmləndirir və orada uzunmüddətli hərbi bazalar yaratmağa çalışır. O cümlədən öz raketlərini İsrailə mümkün qədər yaxınlaşdırmağa can atır. İran Livanda “Hizbullah”a dəstək verir. Fevralda İranla İsrail arasında ilk birbaşa hərbi toqquşma baş verdi. İran pilotsuz uçuş aparatının İsrail hava sahəsinə daxil olmasına cavab olaraq İsrail aviasiyası Suriya ərazisində İran hədəflərinə güclü zərbələr endirdi. İsrail rəhbərliyi İranın Suriyada hərbi iştirakına yol verməyəcəyini və zərurət yaranarsa, bu ölkəyə birbaşa hərbi zərbələr endirəcəyini dəfələrlə bildirib”.
Ekspertlər xatırladır ki, İsrailin baş naziri Benyamin Netanyahu və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif təhdidlərlə çıxış ediblər. Netanyahu Münhen Təhlükəsizlik Konfransında İran “diktatorları”na müraciət edərək, “İsrailin qətiyyətini sınamamağa” çağırıb. Zərif isə eyni yerdə bir neçə saat sonra çıxış edərək, baş nazirin çıxışını “sirk” adlandırıb: “Tehran İŞİD üzərində qələbədən sonra Suriyada öz mövcudluğunu möhkəmləndirməyə çalışarsa, bu hadisələr yeni və daha genişmiqyaslı müharibənin ilk səhnəsi olacaq”. Onların fikrincə, mümkün münaqişədə, həmçinin “Xalq səfərbərlik gücləri”, ilk növbədə İran İslam İnqilabı Keşikçilər Korpusu tərəfindən dəstəklənən İraq şiə silahlı qruplaşmaları iştirak edəcək.
Maraqlıdır ki, belə bir vaxtda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmasterin sözlərinə görə, Birləşmiş Ştatlar da İranla uzunmüddətli münaqişəyə hazırdır. O hətta bildirir ki, 2018-ci ilin birinci yarısı islam respublikasına hücum etməyin əsl vaxtıdır. Amma Vaşinqton üçün bir problem var. RİA”Novosti” agentliyinin yazdığına görə, Vaşinqtona Avropa İttifaqının köməyi lazımdır. Amma avropalılar İranla ticarət etməyə və duşmənçilik etməməyə üstünlük verir. Avropa İttifaqının mövqeyi Vaşinqtonda qıcıqlanmaya səbəb olur. Təsadüfi deyil ki, Makmaster Tehranın raket proqramı və İran iqtisadiyyatına dəstək verən investorları ittiham edib: “Suriyada bir sıra rayonları nəzarətdə saxlayan İran İŞİD-dən sonra Donald Tramp administrasiyasının ən prinsipial düşmənidir. Ağ Evdə İranı “dünyada terrorizmin bir nömrəli sponsoru” adlandırırlar və bildirirlər ki, yeni sanksiyaların tətbiqi üzərində düşünürlər. ABŞ prezidenti Tehranı bağlanmış nüvə sazişinə yenidən baxmaqla hədələyir. Razılaşma ləğv edilərsə, ticarət məhdudiyyətləri yalnız İrana deyil, həm də onunla ticarət edən hamıya, o cümlədən Avropa İttifaqına toxunacaq. Hadisələrin belə inkişafı isə Avropa İttifaqını qətiyyən qane etmir. Quruma üzv ölkələrin şirkətləri artıq İran iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyub”. Bunlara rəğmən, həm ABŞ, həm də İsrail İrana qarşı getdikcə daha sərt mövqe sərgiləyir ki, bu da hər an savaşa yol açmaq iqtitdarındadır.
Tahir TAĞIYEV