Ramil Hüseynov: “Ötən illər ərzində bir sıra erməni yalanları ortaya qoyulub”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub. Münaqişənin nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib. Bunun nəticəsində Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Ermənilərin Dağlıq Qarabağda yaratdıqları qondarma separatçı qurum heç bir dövlət tərəfindən, o cümlədən Ermənistanın özü tərəfindən tanınmayıb. Ancaq ermənilər qondarma “DQR”i dünyada tanıtmaq üçün müxtəlif vasitələrdən özünəməxsus hiyləgərliklə istifadə edirlər. Erməni lobbisi dünyanın bir sıra ölkələrində separatçı qurum adına tədbirlər, müxtəlif kampaniyalar keçirməyə çalışır. Bəzi hallarda buna hardasa nail də olurlar. Eyni zamanda, işğal olunmuş ərazilərə müxtəlif dövlətlərdən tanınmış şəxslərin səfərini təşkil edirlər. Bu və müxtəlif vasitələrlə faktiki olaraq çirkin kampaniyalar aparırlar.
Bu il münaqişənin başlanmasının 30 ili tamam olduğuna görə erməni fitnəkarlığı daha həyasız formada özünü göstərir. Bu arada Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin qurultayında sözügedən məsələ ilə bağlı bir sıra məqamlara toxunub. Ə.Həsənov deyib ki, son vaxtlar ermənilər Dağlıq Qarabağda həyata keçirdikləri işğal siyasətinin 30 illiyini utanmadan, çəkinmədən “Artsaxı tanıdaq” adı ilə dünyada qeyd edirlər: “Böyük mərkəzlər yaradıblar. Bu mərkəzlərin biri Brüssel, biri London, biri Paris, biri Moskva, biri isə ABŞ-dadır. Hər mərkəzə xaricdəki erməni lobbisi, imkanlı ermənilər, harınlamış ermənilər pul köçürürlər. “Artsaxı tanıdaq” kampaniyasının da məqsəd odur ki, dünyanın müxtəlif ölkələrinin səyyahından, siyasətçisindən, keçmiş və indiki dövlət xadimlərindən tutmuş, ən məşhur jurnalistləri, bloqqerləri Ermənistana aparıb, oradan Dağlıq Qarabağa keçirirlər. Orada yaradılan mövcud rejimi, real həyatı dünyaya tanıtmaq istiqamətində fəaliyyət göstərirlər. Guya orada formalaşmış dövlət var, azərbaycanlılar onu dağıtmaq istəyir və sair məsələləri təbliğ edirlər”.
Bu baxımdan ermənilərin məlum kampaniya adı altında həyasızlığını ekspertlər necə şərh edirlər? Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bu il ermənilərin bu yöndə həyasızlığı daha qabarıq formada özünü göstərir: “Dünya dövlətləri və beynəlxalq qurumlar tərəfindən qondarma “DQR”in tanınmamasına baxmayaraq, ermənilər bu istiqamətdə səylərini hər fürsətdə ortaya qoyurlar. Bir necə il əvvəl qurumun adını dəyişib “Artsax” qoydular. Ermənilər hüquqi baxımdan bu istiqamətdə nəyəsə nail ola bilmirlər və bunu çox gözəl bilirlər. Ona görə ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən tanınır. Belə olduqda isə ermənilər əsas gücü yalan üzərində qurulan təbliğata yönəldirlər. Bu məsələdə də ən çox istifadə olunan metod xarici ölkə vətəndaşlarının aldadılması siyasətidir. Qondarma qurum tanınmadığı üçün, ermənilər əcnəbi ölkə vətəndaşlarını əvvəlcə Ermənistana dəvət edirlər. Ondan sonra isə onları işğal olunmuş ərazilərə aparırlar. Bu minvalla daha çox həm görüntü yaradırlar, həm də xarici vətəndaşları inandırmağa çalışırlar ki, guya hansısa “dövlət” yaradıblar. Ermənilər defakto Azərbaycan ərazilərini işğal etsələr də, deyure olaraq bunu özününküləşdirə bilməyiblər. Baxmayaraq ki, bu, onların ən böyük arzusudur. Ona görə də bu məsələdə diaspor təşkilatlarının, xaricdə yaşayan soydaşlarımızın üzərinə böyük məsuliyyət düşür. Mümkün qədər ermənilərin xarici ölkələrdə keçirdikləri bu kimi kampaniyalarını boykot etməlidirlər. Yerindəcə əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, ermənilər 20-30 il əvvəl olduğu kimi, dünya ictimaiyyətini aldada bilmirlər. Ötən illər ərzində bir sıra erməni yalanları ortaya qoyulub. O üzdən, soydaşlarımız maksimum bu məsələdə fəal olmalı və belə halların qarşısını almağa səy göstərməlidirlər. O zaman hesab edirəm ki, bu yöndə daha effektiv nəticələr əldə etmək mümkün olacaq”.
Vidadi ORDAHALLI