Bahadur Bilalov: “The Washington Times” qəzetində Azərbaycanın turizm ölkəsi olması haqqında məqalə dərc olunması bir daha sübut edir ki…”
“The Washington Times” qəzetində “Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır” sərlövhəli məqalə dərc edilib. Məqalədə Qafqaz dağları ilə Xəzər dənizi arasında yerləşən Azərbaycanın tez-tez “Odlar yurdu”, paytaxt Bakının isə “Şərqin Parisi” adlandırıldığı qeyd olunur. Vurğulanır ki, birinci səbəb regionun digər ölkələri ilə müqayisədə Azərbaycan vizasını asanlıqla almağın mümkünlüyüdür.
İkinci səbəb ölkənin unikal coğrafi mövqeyidir. Materialda qeyd edilir ki, “mədəniyyətlər və sivilizasiyalar Bakıda görüşür”. Yarımadada yerləşən Bakı arzular şəhəridir. Azərbaycan paytaxtında orta əsrlər memarlıq inciləri ultramüasir binalarla, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilmiş və dünyada tanınan Heydər Əliyev Mərkəzi ilə yanaşı dayanır.
Üçüncü səbəb ölkənin görməli yerləri və təbiətidir. Bakı ilə yanaşı, şəhərin ətrafında da görməli yerlər var. Məsələn, Qobustan Milli Parkına, Suraxanı qəsəbəsində “Atəşgah” məbədinə getmək, palçıq vulkanlarına baxmaq olar. Zərdüştilik məbədi olan “Atəşgah” Hindistan və dünyanın hər yerindən zəvvarları özünə cəlb edir.
Müəllif dördüncü səbəb kimi ölkənin zəngin idman həyatını qeyd edir. “İdmançılar idman yarışlarında öz istedadlarını göstərmək üçün Azərbaycanı bütün dünyada ideal yer hesab edirlər”, - deyə məqalədə bildirilir. Təkcə son illər Azərbaycanda bir neçə beynəlxalq tədbir, o cümlədən Ümumdünya Şahmat Olimpiadası, İlk Avropa Oyunları, gənclər arasında Avropa futbol çempionatı, IV İslam Həmrəyliyi Oyunları, atıcılıq, voleybol üzrə Avropa çempionatları, gimnastika üzrə Dünya çempionatı və digər yarışlar keçirilib. Artıq ikinci ildir ki, Formula-1 yarışlarının Qran-Pri mərhələlərindən biri Bakıda keçirilir. Materialda diqqətə çatdırılır ki, tezliklə Bakıda Avropa futbol çempionatının dörd matçı, idman kapoeyrası üzrə Dünya çempionatı və digər nüfuzlu tədbirlər keçiriləcək.
Nəhayət, beşinci səbəb yerli və beynəlxalq brendlərin iştirakı ilə alqı-satqı zamanı vergi tutulmayan beynəlxalq ticarət yarmarkalarının keçirilməsidir. Bundan başqa, milli mətbəxin ləziz nemətlərini dadmaq, UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi elan edilmiş muğamı dinləmək və bir çox digər səbəblər var ki, onlara görə Azərbaycana getməyinə dəyər.
Xatırladaq ki, ötən həftə ABŞ Dövlət Departamenti amerikalı turistlər üçün risqli ölkələr sırasında Azərbaycanın da adını qeyd etmişdi. Departament turistlərə Azərbaycana getməməyi məsləhət görmüşdü. Ancaq bunun ardınca elə Amerika mətbuatının Azərbaycana getməyin 5 başlıca səbəbi barədə məqalə dərc etməsi ABŞ rəsmi qurumunun fikrini təkzib edir.
Azərbaycanın dünyanın təhlükəsiz ölkələri sırasında olduğu göz önündədir. Bunu Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli idman yarışları, mədəniyyət tədbirləri, elmi konfranslar, ticarət festivalları və fərdi şəkildə ölkəmizə gələn turistlər sübut edə bilər.
Məsələ ilə bağlı fikir bildirən ekspert Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ABŞ Dövlət Departamentinin qərarı elə həmin ölkənin qəzeti tərəfindən təkzib olunur: “Biri var ki, özümüz Departamentə qərarının düzgün olmadığını qeyd edək və Azərbaycanın təhlükəli ölkə olmadığını bildirək. Ancaq onların öz mediasının Azərbaycana səfər edilməsinin səbəblərini açıq şəkildə qeyd etməsi həmin məlumatı təkzib edir. Məlumat üçün bildirim ki, Departamentin məlum qərarından sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da çıxışlarının birində qeyd etmişdi ki, müasir dövrdə Azərbaycan ən sakit ölkələrdən biridir. ABŞ Dövlət Departamentinin bu bəyanatı sadəcə siyasi məqsəd daşıyır. Reallıqla heç bir əlaqəsi yoxdur. Azərbaycanın təhlükəsiz ölkə olmasını bütün dünya ictimaiyyəti aydın şəkildə bilir.
“The Washington Times” qəzetində Azərbaycanın turizm ölkəsi olması haqqında məqalə dərc olunması bir daha sübut edir ki, həmin mətbuat Amerika vətəndaşlarına səyahət üçün Azərbaycanı seçməyi məsləhət görür. O məqalədə yazılanlar Departamentin fikrini açıq şəkildə təkzib edir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, bu günə kimi bir sıra ölkələr Azərbaycanın turizm ölkəsi olması haqqında ya məqalələr dərc edib, ya da tərtib etdikləri hesabata ölkəmizin adını ilk sırada qeyd ediblər: “Turistlərin ölkəmizi seçməsinin səbəbləri çoxdur. İlk sırada təhlükəsizlik dayanır. Daha sonra vizanın asan şəkildə əldə olunması, coğrafi iqlim, idman yarışları, beynəlxalq festivallar, insanların mehriban olması, mətbəx və digər səbəbləri qeyd etmək olar”.
Günel CƏLİLOVA