Daşdəmir Əliyev: “Bu addımları ilə diqqəti təhlükəsizlik faktoruna yönəldirlər”
Polşanın Krakov şəhərində həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin baş tutan görüşü ərəfəsində Ermənistan cəbhədə vəziyyətin gərginləşməsində maraqlı olub. Hətta guya Azərbaycan tərəfdən açılan atəş nəticəsində onların bir hərbçisinin öldüyü haqda məlumat da yayılıb.
Azərbaycan Müdafiə Nazirliyi isə bunun həqiqətə uyğun olmadığı ilə bağlı məlumat verib. “Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tam yanlışdır. Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir. Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir.
Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv ballistik araşdırma aparılsa, güllənin hansı erməni əsgərinin silahından açıldığı erməni ictimaiyyətinə tam aydın olar”, - deyə yayılan məlumatda qeyd olunub.
Xatırladaq ki, Tavuş vilayətinin Noyemberyan tibb mərkəzindən polis idarəsinə “sağ bud nahiyəsinin 3/1 hissəsində odlu silah yarası” diaqnozu ilə erməni hərbi qulluqçusunun daxil olması barədə məlumat verilib. Araşdırma nəticəsində məlum olub ki, Lori vilayət sakini, 30 yaşlı Adibek Mikoyan həmin gün Koti-Barekamavan yaşayış məntəqəsinin döyüş mövqelərindən təxribata cəhd edərkən yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, araşdırma aparılır.
Mühüm görüş ərəfəsində ermənilərin belə təxribat hərəkəti etməsinin nə kimi mənaları ola bilər? Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü ərəfəsində baş vermiş hadisə ilə bağlı qarşı tərəfin yanlış informasiya verməsi sırf təxribat xarakteri daşıyır: “Ermənilərin bu addımı bizim üçün yeni deyil. Hətta mən deyərdim ki, köhnəlmiş taktikadır. Monitorinq aparsanız şahidi olarsınız ki, tərəflər arasında nəzərdə tutulan görüşlər ərəfəsində hər zaman cəbhədə vəziyyət gərginləşib. Hər zaman da atəşkəs, birmənalı olaraq, Ermənistan tərəfindən pozulub. Belə təxribatların törədilməsində məqsəd bəllidir - mövcud status-kvonun qorunub saxlanmasına nail olmaq. Həmsədrlərin son bəyanatına fikir verin. Daha çox atəşkəsin təmin olunmasının zəruriliyinə işarə edilir. Erməni tərəfi də danışıqlar prosesində təmas xəttində monitorinq missiyasının gücləndirilməsi tələbinin üzərində daha ciddi dayanır. Bu addımları ilə diqqəti təhlükəsizlik faktoruna yönəldirlər. Demək istəyirlər ki, cəbhədə vəziyyət gərgin olduğu üçün, əvvəl atəşkəsi təmin edib sonra danışıqlar aparmaq lazımdır. Bu vəziyyət də təbii ki, daha çox Ermənistanın maraqlarına xidmət edir. Süni şəkildə danışıqlar prosesini uzatmaqla işğal faktorunu qoruyub saxlamağı hədəfləyirlər. Ermənilərin belə təxribatçı addımları, həmçinin, ölkəmizin böyük tədbirlərə evsahibliyi etdiyi dönəmə də təsadüf edir. Həmin vaxtlarda isə demək istəyirdilər ki, guya sabitliyin təmin olunmadığı ölkədə mühüm tədbirləri keçirmək olmaz. Ancaq istəklərinə nail ola bilməyiblər. Hesab edirəm ki, danışıqlar prosesinə cəlb olunan vasitəçilər yaxşı olar ki, bu xüsusi məqama diqqət etsinlər”.
Məhəmmədəli QƏRİBLİ