Cari ildə Ermənistanda kifayət qədər gərgin xarakter alan sosial-iqtisadi vəziyyət, gözlənildiyi kimi, cəmiyyətdə yeni narazılığa və etiraz akiyalarına yol açıb. Artıq yanvarın 19-dan başlanan aksiyaların davamlı olması gözlənir ki, bu da Serj Sarksiyan iqtidarı üçün əlavə təhdidlər yaradır.
Qeyd edək ki, İrəvanda qiymət artmasına qarşı etiraz yürüşləri hələlik sosial zəmin əsasında keçrilir. Amma hakimiyyət əleyhinə etirazların daha kütləvi hal alacağı, ölkənin bir sıra regionlarını əhatə edəcəyi gözlənir. Etirazlara səbəb qiymət artımı və əhalinin sosial-iqtisadi durumunun ağır vəziyyətdə olmasıdır. Lakin tələblərin tezliklə siyasi müstəvidə də özünü göstərməsi qaçılmaz sayılır ki, bu da Ermənistanda narıncı inqilabın baş verməsini istisna etmir. Artıq Ermənistan parlamentinin müxalifəti təmsil edən deputatları xalqa çağırışlar edərək onları cinayətkar Sarkisyan hakimiyyətinə qarşı qiyama səsləyib.
“Yelk” partiyasının rəhbəri, deputat Nikol Paşinyan əhali ayağa qalxacağı təqdirdə heç bir qüvvənin bunun qarşısını ala bilməyəcəyini deyib. O bildirib ki, ölkədə sosial-iqtisadi vəziyyət olduqca ağırdır: “Bu da vətəndaşların səbr kasasını doldurub. Hər kəs yaxşı yaşamaq arzusundadır. İllər keçir, amma ölkədə heç nə dəyişmir”. Onun sözlərinə görə, Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər keçən gün narazılıqları artırır. Hökumət mövcud problemləri aradan qaldırmaq iqtidarında deyil. Çünki ölkənin buna maddi gücü yoxdur. “Yelk” partiyası bu vəziyyətin aradan qaldırmasının yeganə yolunu Ermənıstanı təcrid vəziyyətinə salmış Serj Sarkisyan rejimini devirməkdə görür. Nikol Paşinyan hazırda hökuməti cinayətkar qrupun idarə etdiyini bildirib. O vurğulayıb ki, bu cinayətkar dəstənin yürütdüyü işğalçılıq siyasəti hər ötən gün erməni ailələr üçün faciəyə çevrilir. Onun sözlərinə görə, Dağlıq Qarabağa göndərilən Ermənistan gəncləri ya dözməyib intihar edir, ya da öz hərbçi yoldaşlarının gülləsinə tuş gəlirlər. Bu faktlar əksər hallarda Serj Sarkisyan hakimiyyəti tərəfindən gizlədilir. Ona görə də “Yelk” partiyasının rəhbəri hər kəsi ölkəni idarə edən cinayətkar rejimə qarşı birləşməyə çağırır.
Baş verənləri şərh edən Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov bildirib ki, Ermənistandakı narazılıqlar Serj Sarkisyan hökumətinə münasibətin göstəricisidir: “Artıq ölkədə qanlı mart hadisələrinin təkrarlanmasına zəmin yaranıb. Ermənistanda iqtisadi vəziyyət yaxşı deyil. Bu da aksiya keçirənlərin əsas narazı olduğu məqamlardandır. Gözlənilən etirazlar çevrilişlə də nəticələnə bilər. Ona görə də hakimiyyət silahlı qüvvələri insanların qarşısına çıxaracaq”. Politoloq Oleq Kuznetsov qeyd edib ki, narazılıqların kökündə indiki siyasi rejimə qarşı yönələn aqressiya dayanır: “Ermənistanın hazırkı iqtisadi vəziyyətini nəzərə alsaq, heç bir siyasi rejim bu vəziyyətdə özünü doğrulda bilməz. Ölkə, siyasi rejim dəyişsə belə, problemləri həll etmək iqtidarında deyil. Çünki hakimiyyətdə bir millətçi qrup digərini əvəz edəcək. Belə olan halda isə yaxşıya doğru heç nə gözləməyə dəyməz”. Ermənistan mətbuatı isə hərbi-siyasi repressiyaların güclənəcəyini yazır ki, bu da işğalçı ölkədə ilk hal deyil. Ermənistan hakimiyyəti narazı vətəndaşlarını silah gücünə susdurmağa artıq adət edib. Amma bu dəfə etiraz aksiyalarının miqyası kifayət qədər genişdir. Elə bu da hakimiyyətin aksiyaların qarşısını güc metodu ilə ala biləcəyini ciddi sual altına qoyur. Sosial-iqtisadi durumun pisləşməsi isə aksiyalara üz tutanların sayının artmasına rəvac verir. İqtisadçı Vilen Xaçatryan isə qeyd edir ki, hökumət daha xarici borclarla da problenmi həll edə bilmir. Onun sözlərinə görə, borc artımı indiyə qədər görünməmiş həddədir: "2016-cı ilin sonuna qədər hər ay borc artımı 50-60 milyon dram olubsa, sonradan bu rəqəm 108-110 milyon təşkil edib. Özü də 2018-ci ildə nəzərdə tutulan artıq vergi toplamaq proqnozu, çətin ki, özünü doğrultsun. Çünki 2018-ci ilin büdcəsi yerinə yetirilməyən 2017-ci il büdcəsi əsasında tərtib olunubsa, o, qeyri-realdır".
Erməni mütəxəssis belə vəziyyətin yaranmasını ümumilikdə həyata keçirilən iqtisadi siyasətin əsassızlığı ilə izah edir. Burada o, bir neçə köklü səbəb göstərir: "Məsələn, ölkədə siyasi böhranın dərinləşməsi, dövlət idarəetmə sistemində həyata keçirilən dəyişikliklər və digərləri iqtisadi sistemi çökdürür. İddialı mərurların işdən uzaqlaşdırılmasına onlara yaxın dairələrin reaksiyası Ermənistanda sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Sərmayə qoyuluşu ilə bağlı irəli sürülən yeni şərtlər ziddiyyət yaradır. Həm dövlətin idarə edilməsində, həm də təsərrüfat sferasında acınacaqlı durum meydana çıxır. Çünki həmin sahədə çalışanlar nə etmək lazım olduğunu bilmir və davranışlarında qeyri-müəyyənlik özünü göstərir". V.Xaçatryan istisna etmir ki, artıq Ermənistandan müəyyən həcmdə maliyyə qanunsuz olaraq çıxarılıb. İqtisadçının dediyinə görə, elə indinin özündə də məmurların əksəriyyəti artıq ölkədən pullarını çıxarıb. Bütün bunlar Ermənistanı daha ağır günlərin gözlədyini deməyə əsas verir.
Tahir TAĞIYEV